“Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim”
Aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs – David Babayan dövlət ittihamçısının sualını cavablandırarkən etiraf edib ki, vaxtilə işğal altında olan ərazilərdə yaşayan erməni sakinlərinin Azərbaycana inteqrasiyasına qarşı olub. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, o, “inteqrasiya mümkünsüz idi” deyib.
D.Babayan digər təqsirləndirilən şəxslər – Arayik Harutyunyanın, Ruben Vardanyanın, habelə qondarma rejimin başqa “vəzifəli” şəxslərinin də inteqrasiya əleyhinə olduğunu etiraf edib.
“Heç bir “vəzifəli” şəxs belə bir inteqrasiyanın perspektivini görmürdü”, - deyə o bildirib.
Babayan dövlət ittihamçısının sualını cavablandırarkən bildirib ki, Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində yaradılmış qondarma qurumun “xarici işlər naziri” olarkən xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedib.
O xarici səfərlərə Ermənistan pasportu ilə getdiyini qeyd edərək deyib: “Müəyyən şəxslərdə (qondarma rejimin “vəzifəli” şəxsləri nəzərdə tutulur – red.) diplomatik pasport da var idi. Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi”.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.