Azərbaycanın yaxın siyasi tarixinə qısa ekskursiya: kimlər gəldi, kimlər getdi...

Siyasət

07.10.2022 - 10:22

Mərhum siyasətçilərdən üçü ölkəyə rəhbərlik edib, bəziləri isə bu vəzifəyə namizəd olublar

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, sabiq deputat Araz Əlizadə vəfat edib. 71 yaşlı partiya sədrinin onkoloji xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Araz Əlizadə ötən əsrin 80-ci illərindən aktiv siyasi fəaliyyətlə məşğul idi. Azərbaycanın ilk dövlət qeydiyyatından keçmiş partiyalarından olan ASDP-nin rəhbəri olub. İlkin dövrlərdə qardaşı, politoloq Zərdüşt Əlizadə ilə birlikdə partiyaya rəhbərlik edən A.Əlizadə sonradan eks-prezident, mərhum Ayaz Mütəllibovla partiya rəhbərliyini bölüşüb. 1991–1995-ci illərdə Azərbaycan Ali Sovetinin, 2015-2020-ci illərdə Milli Məclisin deputatı olub.

AYNA Azərbaycanın yeni siyasət tarixinə ekskursiya edərək, dünyasını dəyişmiş siyasi partiya liderləri ilə bağlı qısa xronika təqdim edir:

Yeni Azərbaycan Partiyasının (YAP) sədri və iki dövrdə - müstəqillikdən əvvəl və sonra – ümumilikdə 23 il Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev 12 dekabr 2003-cü ildə, 80 yaşında, müalicə olunduğu ABŞ-ın Klivlend Klinikasında vəfat edib. Onun rəhbəri olduğu partiya 1992-ci ilin noyabrında təsis olunub və bir ay sonra dövlət qeydiyyatına alınıb. Naxçıvanda təsis qurultayı keçirilən partiyadan verilən məlumata görə, bu gün bu siyasi təsisatın yüzminlərlə üzvü var. Heydər Əliyevin vəfatından sonra partiyaya Prezident İlham Əliyev rəhbərlik edir. Partiya sədrinin birinci müavini isə Birinci vitse-prezident Mehriban Əliyevadır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əbülfəz Elçibəy 2000-ci il avqust ayının 22-də, xərçəng xəstəliyi səbəbindən Türkiyədə vəfat edib. Elçibəyin rəhbəri olduğu partiya əvvəlcə iki, sonra bir neçə yerə bölünüb. Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edən mərhum AXCP sədri doğma kəndi Kələkiyə üz tutub. 1997-ci ildə Bakıya qayıdan Əbülfəz Elçibəy ömrünün sonuna qədər adıçəkilən partiyaya və Bütöv Azərbaycan Birliyinə (BAB) rəhbərlik edib.

Müxtəlif dönəmlərdə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri və Vətəndaş Birliyi Partiyasının (VBP) sədri olan Ayaz Mütəllibov bu ilin martında dünyasını dəyişib. 1990-1992-ci illərdə ölkəyə rəhbərlik edən Mütəllibov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifələrində də çalışıb. Uzun müddət Moskvada yaşasa da, oğlunun vəfatından sonra Bakıya dönüb.

Müstəqil Azərbaycan Partiyasının (MAP) sədri Nizami Süleymanov 2016-cı ildə, 71 yaşında vəfat edib. 1992-ci il prezident seçkilərində prezidentliyə namizəd olub və 34 faiz səslə ikinci yeri tutub. 1998-ci il prezident seçkilərində isə 8 faiz səslə üçüncü yerdə qərarlaşıb. Bir müddət iqtidaryönlü siyasət yürütsə də, sonradan müxalifətə keçdiyini rəsmən bəyan edib. AMEA-nın müxbir üzvü, maşınqayırmaq ixtisası üzrə ölkəmizin nüfuzlu alimlərindən olub.

Qeyrət Partiyasının sədri Əşrəf Mehdiyev 13 ildir ki, dünyasını dəyişib. 1998-ci ilin prezident seçkilərindəki iştirakı ilə siyasətdə tanınıb. Sonradan Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri olub.

Tərəqqi Partiyasının sədri Çingiz Sadıqov 2015-ci ilin yanvarında, 71  yaşında vəfat edib. Milli Məclisin deputatı olan Sadıxov 2003-cü il prezident seçkilərində Vahid Azərbaycan Partiyasının prezidentliyə namizədi olub. Daha sonra isə namizədliyini geri götürüb. Müxtəlif dövlət vəzifələrində çalışıb.

Yurddaş Partiyasının sədri Mais Səfərli iki il öncə, 62 yaşında koronavirus səbəbindən vəfat edib. Milli Məclisin sabiq deputatı Səfərlinin ölümündən sonra partiyaya bacısı rəhbərlik edib. YAP-ın son qurultayında bu partiya kollektiv şəkildə hakim partiyaya qoşulub.

Azərbaycanın ilk dövlət qeydiyyatından keçmiş partiyalarından olan Milli Qurtuluş Partiyasının (MQP) sədri Məhəmməd Hatəmi Tantəkin 2016-cı ildə vəfat edib. Ondan sonra bu partiyaya Vüqar Oruc rəhbərlik edib. Bu qərar ikincinin rəhbəri olduğu Türk Millətçi Partiyasının bu partiya ilə birləşməsindən sonra baş tutub. 2020-ci ildə bu partiya da kollektiv şəkildə YAP-a qoşulub.

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə 2019-cu ilin avqustunda vəfat edib. İqtidaryönlü fəaliyyəti ilə seçilən M.Əlizadə YAP-ın faktiki rəhbərliyi altında yaradılan Demokratik Məşvərət Məclisinin sədri olub. Onun vəfatından sonra partiyada parçalanmalar baş verib. Və bu partiya iki yerə bölünüb.

Vəfat edən digər partiya sədrləri:

Məmmədhənifə Musayev – Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Azərbaycan Müəllimlər İnsitutunun rektoru olub. Hazırda bu partiyaya deputat oğlu Elşən Musayev rəhbərlik edir;

Zakir Məmmədov – Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri;

Ramiz Əhmədov – Azərbaycan Kommunist Partiyasının (AKP) sədri;

Kərrar Əbilov - Vahid Azərbaycan Partiyasının (VAP) sədri;

Müzəffər Cəbrayılzadə - Azərbaycan İslam Partiyasının (AİP) sədri

Musa Tukanov - Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) sədri

Müəllif: Azər Niftiyev