Azərbaycana ət idxalı bahalaşıb, sıra satış qiymətində

İqtisadiyyat

19.08.2020 - 19:26

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus pandemiyası ilə əlaqədar ətin qiymətinin nə qədər arta biləcəyini indidən proqnozlaşdırmaq çətindir

 

Bu ilin 7 ayında Azərbaycana idxal olunan ətin həcmi 0,4% azalıb, qiyməti isə 18,5% artıb. Qurban bayramında qoyun əti üçün istehlak qiymətlərində ənənəvi artım bu il müşahidə olunmadı, baxmayaraq ki, ölkəyə gətirilən ətin qiymətində cüzi artım var idi. Görünən budur ki, bu, daxili bazarın sabitliyindən xəbər verir. Lakin ətin qiymətinin gələcəkdə daha da artmasına işarə verən amillər var.

 

İqtisadçı-ekspert Fuad Əlizadənin AYNA-ya dediyinə görə, ölkə daxilində istehlak qiymətlərinə təzyiq edən amillərdən biri də idxal qiymətlərinin artması olacaq. Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycana 51,3 milyon ABŞ dolları dəyərində 28,7 min ton ət idxal edilib. Fiziki çəkidə bu, öyən illə müqayisədə 129 ton (0.4%) az olsa da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon ABŞ dolları (18.5%) çoxdur.

 

Əlizadə hesab edir ki, belə bir nəzərəçarpan artım bir sıra MDB ölkələrindən, məsələn, Qazaxıstandan qoyun əti ixracının məhdudlaşdırılması və ya qadağan edilməsi ilə bağlı qərarın nəticəsi ola bilər: “Məsələn, ötən il Azərbaycan Qazaxıstandan 16 min baş xırdabuynuzlu heyvan alıb. Bir qayda olaraq, bu ölkədən Qurban bayramı ərəfəsində diri çəkidə ət alınır və Qazaxıstan ət ixracatı yerli bazarın qiymətinə və təklifinə xüsusi təsir göstərmir”.

İdxal olunan bu məhsullar gömrük rüsumundan azad edildi (SİYAHI)

Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına görə, bu ilin 7 ayında ölkədə 298.4 min ton ət istehsal olunsa da (artım 3.1%), ancaq yerli istehsal hesabına tələbat ödənilmir. Bu baxımdan, ötən il ölkəmizə  79.4 milyon dollar dəyərində 51.5 min ton ət idxal edilib. 2018-ci ildə isə bu göstərici daha aşağı idi. Eyni zamanda, yerli istehsal məhsullarının həcmi artır. Ötən il bu rəqəm 573,3 min ton diri çəki təşkil edib ki, bu da bir əvvəlki göstəricidən 3% çoxdur.

 

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov AYNA-ya deyib ki, ölkəyə diri çəki ilə gətirilən heyvanlar, əsasən Gürcüstan və Rusiyadan alınır. Rusiyadan Dağıstanda böyüdülən qoyunlar gətirilir. Hindistan və Pakistandan gətirilən öküz əti, əsasən kolbasa və sosiska məhsulları istehsalında istifadə edilir, lakin bəzi dükanlarda istəyənlər onu elə öküz əti kimi əldə edə bilərlər. Yeri gəlmişkən, ölkəyə idxal edilən ən ucuz mal əti Hindistandan gətirilir, lakin onun sertifikatı olsa da, keyfiyyəti kifayət qədər mübahisəlidir. Bizimlə söhbətləşən mütəxəssislərin fikirincə, bu il ölkəyə quş əti idxalı daxili broyler sənayesində istehsalda azalma səbəbindən artb.

 

Məsləhətçi-ekspert Boris Belenkinin AYNA-ya dediyinə görə, quş əti və yumurtanın qiyməti ilin əvvəlindən bəri artmaqdadır. Mütəxəssisin fikrincə, qiymətlərin artmasına ölkəyə gətirilən yem və dərman maddələrinin qiymətindəki artım səbəb olub. Bu baxımdan yerli broyler ət istehsalı komplekslərinin istehsalının gəlirliliyi azalır. Bununla yanaşı, mövsümi qiymət dəyişiklikləri yemlə birbaşa əlaqəlidir, çünki bu istiqamətdə xərclər heyvandarlıqda olan bütün xərclərin 70%-ni təşkil edir.

 

Azərbaycan hər il 3 milyon tona yaxın yem istehsal edir və demək olar ki, eyni miqdarda da idxal olunur. Həm ev quşları, həm də mal-qara və xırdabuynuzlu heyvanlar üçün yem və yem əlavələri xaricdən xeyli miqdarda gətirilir. Buna görə payız və qış aylarında ətin qiymətində artım müşahidə olunur, yayda isə qiymətlər nəzərəçarpacaq dərəcədə sabitləşir.

 

Beləliklə, Respublikanın istehlak bazarında ətin qiymətinin artmasının səbəbi onun idxal qiymətlərinin artması ilə əlaqədardır. Bu amil, dünya bazarlarında qiymətlərin artmağa meylli olması nəzərə alınmaqla, narahatlıq doğurur. Eyni zamanda, dünyanı bürümüş koronavirus pandemiyası ilə əlaqədar ətin qiymətinin nə qədər arta biləcəyini indidən proqnozlaşdırmaq çətindir.

Müəllif: Tanya Samsonova