Azərbaycan ziyalısı koronavirus testindən keçə bilmir – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

13.04.2020 - 10:40

İki yüz min insanın dövlətdən pul almasını istəmirsinizsə, onlara çörəkpulu qazanmaq üçün yol göstərin

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Koronavirus hər bir xalqın çətinliklərə necə sinə gərmək qabiliyyətini nümayiş etdirməklə yanaşı, həm də bu xalqın üzdə olan ziyalılarının hansı düşüncə və qabiliyyətə malik olmalarını, doğurdan da ziyalı adına layiq olub-olmadıqlarını üzə çıxardı. Xalqların ağır günündə, müharibə vəziyyətlərində adətən ziyalı təbəqəsi ortaya çıxır və xalqa ağıllı fikirlərlə çağırış edir, onları bu çətinliyin də gəlib keçəcəyinə inandırır və ən əsası dövləti qorumağa və çətinliklərə baxmayaraq, simasını necə saxlamaq barədə məsləhətlər verir. Mən hesab edirəm ki, əgər koronavirusu ölkə rəhbərliyinin təbirincə desək, bir müharibə hesab etsək, bizim bir cəmiyyət olaraq ziyalılarımızdan gözlədiyimiz olmadı. Ancaq telekanallarda “evdə qal” çağırışlarından başqa bir ağıllı söz eşitmədik. Bizim ziyalılar bu testdən keçə bilmədilər. “Neyləməliydilər ki, ziyalılar?”, “Axı niyə belə qərəzlisiniz?” suallarını verənlərə fikirlərimi izah etməyə çalışacam. Ağır dövrlərdə ziyalılar dövlətdən, iqtidardan əvvəl bu dövlətin və iqtidarın mənbəyi olan xalqın yanında olmalı idilər. Amma ola bilmədilər.

 

1993-cü ildə akademik Dmitriy Lixaçov “Novıy mir” jurnalının redaksiyasına ünvanlandığı “Rusiya ziyalıları barədə” başlıqlı yazısında əsl ziyalının kimliyini açıqlayır: “Ziyalı – zehni işlə (mühəndis, həkim, alim, rəssam, yazıçı) məşğul olmağı özündə ehtiva edən peşənin nümayəndəsidir. Ən əsası isə, ziyalı ağlındakıları xalqa çatdırmaq üçün ədəbə malik olmalıdır. Mənim “yaradıcı ziyalılar” terminindən xoşum gəlmir. Belə ki, istənilən ziyalı onsuz da yaradıcı adamdır. Amma bu yazıb-yaratmaq, elmlə məşğul olmaq, leksiyalar söyləmək zamanın tələbi ilə hakim partiyanın və ya digər sifarişçinin sifarişi və kursuna uyğun həyata keçirilirsə, fikrimcə, həmin addam ziyalı yox, muzdludur. Həyat təcrübəmə əsaslanıb deyə bilərəm ki, ziyalı təbəqəsinə fikirlərində tam azad olanlar, iqtisadi, siyasi, ideoloji, partiya öhdəliklərindən asılı olmayanlar aid edilir. Axı ziyalılığın əsas prinsipi – mənəvi kateqoriya olaraq intelektual azadlıqdır. Ziyalı adam yalnız öz vicdanından və düşüncələrindən asılı olmalı, qalan bütün hallarda tam azad olmalıdır”.

 

Məşhur akademikin fikirləri ilə razılaşmamaq olmur. Amma biz nə görürük? İki misalla sənə, əzizi oxucu, dediklərimi isbat etməyə çalışacam.

 

“Millətin adı azərbaycanlıdır! İnsan özünü hansı millətdən hesab edirsə, həmin millətdəndir. Mən özümü azərbaycanlı hesab edirəm və bununla fəxr edirəm. Azərbaycan mənim qanımdır, canımdır. Özümə ayrı bir millət axtarmıram! Kim qeyri-millət axtarırsa, özü bilər. Bu millətə türk demək lazım deyil”.

Deputat Araz Əlizadə: “Azərbaycanda seks turizmi inkişaf edir ...

Xalqın koronavirusla mübarizə apardığı bir gündə bu sözləri Milli Məclisin sabiq deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib. İndiki dövrdə bu fikrin ortaya atılmasının səbəbini, yəqin ki, Əlizadə özü bilir, amma bir ziyalı olaraq heç də gənclərə çətin günlərdə örnək ola bilmir. Onun savadı barədə bir söz deyə bilmərərm – eşitdiyimə görə savadlıdır və hesab etmirəm ki, Araz Əlizadə yer mənsibiyyəti şəkilçisi ilə millət adının olmadığını bilməmiş deyil. Dediyim kimi, səbəbini özü bilir, amma söylədiyi cəfəngiyatın isbatı kimi, bir sual da verir: “Görmüsünüzmü ki, hansısa qazax, türkmən özünə türk desin?” Və jurnalist də ona sual vermir ki, ay Araz müəllim, hesabına bir müddət deputat olduğun iqtidarın qurucusu Heydər Əliyevin “Azərbaycan Türkiyə bir millət-iki dövlətdir” ifadəsini niyə unudursan? Onunla polemikaya girib azərbaycanlıların da özbəklər, qazaxlar, türkmənlər və sairlə birgə Türk millətinin qolları olduğunu isbat etməyəcəm. Məni maraqlandıran, xalqın bu ağır günündə də əvvəllər söylədiyi cəfəngiyyatı niyə yenidən gündəmə gətirməsidir. Sən xalqa yol göstər, məsləhət ver ki, bu durumdan daha az itkilərlə necə çıxaq. Yoxsa, “mən türk deyiləm”. Olma! Elə bu düşüncənin sahibi türk olmasa, yaxşıdır! Budurmu bizim çətin dövrün ziyalısı?

 

İkinci misalım, kimin tərəfindən verildiyi məlum olmayan “Azərbaycan mətbuatının generallarından biri” titulunu özündənrazı təbəssüm və məmnunuluqla qarşılayan, “Real TV”nin rəhbəri Mirşahin Ağayevdir. İstedadına, xüsusən də söz oynatmaq qəbiliyyətinə (özü buna məntiq deyir) heç bir şübhəm yoxdur. Heyif ki, bu istedadlı adam da siyasi konyukturaya uyaraq, iqtidarın hər addımını “obosnovat” etmək üçün məntiqsizliyə yol verir və bunun üçün xalqı ittiham etməyə çalışır.

 

“Sədadan sonra” proqramında, Azərbaycan hökumətinin koronavirusla mübarizə üzrə Tədbirlər Planı çərçivəsində işsiz insanlara 190 manat birdəfəlik yardım verməsi məsələsinə toxunan Mirşahin Ağayev deyib ki, vətəndaşlar dövlətdən bu vəsaiti istəməməlidirlər: "Bilirsiniz, "mən evdə qalıramsa, axı mənə pulu kim verəcək” sualının cavabı bu olmalıdır ki, “axı sənə küçədə pulu kim verir?” Axı küçədə də sən işləmirsən, tum çırtlayırsan, əlini cibinə qoyaraq gəlib-gedənə baxırsan və bununla da sıxlıq yaradırsan. Yəni, söhbət ondan gedir ki, biz indi dövlətə kömək etməliyik, dövlət bizə kömək etməli deyil”.

 

Və sonra başlayır özünün sevdiyi kimi söz oynatmağa: “Müharibə şəraitində olanda Prezident Ali Baş Komandana transformasiya edilir, Vətən dönüb olur dövlət və hər bir vətəndaş Vətənə, dövlətə xidmət etməlidir. Mən buradan bir daha Azərbaycan vətəndaşlarına müraciət edərək xahiş edirəm ki, dövlətdən nə isə istəmək kimi kaprizlərinizi arxa palana keçirin. Bu saat biz dövlətə nə isə verməliyik, dövlətdən nəsə istəməli deyilik".

Mirşahin QHT rəhbərinin oğlunu tutdurub! | AzPolitika — onlayn ...

Əziz Mirşahin müəllim, bu “rembovari” çıxışınız, sözsüz ki, gurultuludur, yuxarılarda kiminsə xoşuna gələcək və sosial şəbəkələrdə də müzakirələr açılır. Hərçənd ki, siz sizi söyənlərə fikir vermirsiniz, amma mənim sizi söymək fikrim yoxdur. Söz oyunu, bəlağət gözəldir, amma bir də dediklərinizin mahiyyətinə varın. Sizin dediyiniz bu 190 manatı almağa iddialı olan 200 min nəfər küçədə tumu öz xoşlarına çırtlamır. Bu 200 min nəfər – ölkədə rəsmi işsizliyin göstəricisidir. Onlara iş vermək lazımdır ki, tum çırtlamasınlar. Dövlət özü də bilir ki, bu vətəndaşlar işsizdir və odur ki, onlara yardım edir. İş yerlərini və ya buna şəraiti dövlət yaratmalıdır.

 

“Mənə evdə pulu kim verəcək” sualının isə mahiyyəti başqa cürdür – “Evimdə acından ağlayan uşağıma nə verəcəm”. Və siz bunu bilməmiş deyilsiniz. Ola bilər ki, sizin saxlancınız və alacaqlarınız var deyə belə rahat şəkildə heç bir yerdə qeydiyyata düşməyərək, günəmuzd işləyən insanları qınayırsınız, amma hamı sizin kimi imkanlara malik deyil. 200 min insanın dövlətdən pul almasını istəmirsinizsə, o insanlara ailələrinə çörək aparmaq üçün yol göstərin. Məsələn, deyin ki, “onlardan 20 nəfərini pandemiya dövründə televiziyamda işə götürürəm” və ya “əlaqələrimdən istifadə edərək, başqa yerə işə düzəlməsinə yardımçı oluram”. Bütün iş adamlarını da buna çağırardınız. Bax, bu, olardı əsl ziyalı, millətsevər addımı. Yoxsa, Mirşahinin bu fikirləri ilə tanış olanda yadıma Leninqradın blokadası barədə oxuduqlarım düşdü. O zaman Jdanovun yerinə şəhərə Mirşahin düşüncəli insanlar rəhbərlik etsəydilər, yəqin ki, blokadada olan bir şəhərdə acından ölənlərin sayı dəfələrlə çox olardı. Axı orada da işsiz (Mirşahinə görə, tum çırtlayan), zəifləmiş insanlara gündəlik norma – çörək verilirdi.

 

Gördüyünüz bu iki misalla Azərbaycan ziyalılarının dövlətin çətin vaxtında necə xalqla bir olmalarına şahid oldunuz. Təbii ki, dediklərim məmləkətin bütün ziyalılarına aid deyil. Bu ağır günlərdə xalqa, yanındakı qonşuya belə, necə kömək etmək barədə düşünən insanlarımız var. Amma digərləri isə xalqın yanında sözü ilə, əməli ilə ola bilmirsə, heç olmasa sussun. Mark Tven deyir ki: “Ağzını açıb axmaq olmağınız barədə şübhələri aradan qaldırmaqdansa, susmaq və axmaq kimi görünmək daha yaxşıdır”.

Müəllif: Yoldaş Mircəfər