“Azərbaycan və Qazaxıstan Rusiyanın hərbi təcavüzünə hazır olmalıdır”

Aktual

31.03.2022 - 15:26

Zülfüqar Rüfətoğlu: “Bundan sonra heç bir keçmiş sovet respublikası Rusiyaya etibar etməyəcək, daim arxasında çomaq və ya daş gizlədəcək”

Rusiyanın Ukraynaya hərbi təcavüzü dünya gündəminin manşet mövzusu olaraq qalır. Rəsmi Kiyev Rusiya tərəfinin 17 minə qədər canlı qüvvəsini zərərsizləşdirdiyini, xeyli sayda hərbi texnikasını sıradan çıxardığını bildirir. Çərşənbə axşamı isə Rusiya və Ukrayna nümayəndə heyətləri uzun fasilədən sonra İstanbulda bir araya gəlib.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan edib ki, Rusiya Ukraynanın şimalında hərbi əməliyyatların intensivliyini “bir neçə dəfə” azaldacaq. O, danışıqların konstruktiv olduğunu deyərək, Kiyev və Çerniqov istiqamətlərində döyüş əməliyyatlarının da köklü şəkildə azaldılacağını söyləyib. Əsas diqqəti isə Donbassa yönəldəcəklərini əlavə edib.

Ukrayna nümayəndə heyətinin üzvləri isə bildiriblər ki, Ukrayna sülh bağlanmazdan əvvəl vətəndaşların müqavilənin təklif olunan variantını dəstəkləyə və ya rədd edə biləcəyi referendum keçirməlidir. Onların sözlərinə görə, Ukrayna və Rusiya prezidentləri arasında görüşdən sonra yekun qərar verilə bilər. Lakin rəsmi Moskva hələlik Putin-Zelenski görüşünə ehtiyac duymur.

Londonda yaşayan tanınmış jurnalist Zülfüqar Rüfətoğlu AYNA-ya müsahibəsində Ukraynada baş verən hadisələrlə bağlı fikirlərini bölüşüb.

- ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarının Cenevrə sammitindən sonra çox dəyişdiyini bəyan edib. Hər kəsi düşündürən əsas sual da elə budur: Putin niyə amansız yol tutdu?

- Qeyd edim ki, Putinin problemləri Cenevrə sammitindən xeyli əvvəl, elə Bayden Prezident seçiləndən başlayıb. Putin bir çox proqnozlarında yanıldığı kimi, bu gözləntisində də yanıldı. O, 2020-ci ilin ABŞ seçkisində heç bir halda Donald Trampın məğlubiyyətini gözləmirdi. Tramp bəyanatlarında Rusiyaya qarşı ən sərt mövqe tutan ABŞ Prezidenti olmasını bəyan etməsinə baxmayaraq, onun “Əvvəlcə Amerika” şüarı Putinin işinə yarayırdı. Bu siyasət ABŞ-ın dünyadakı bütün münaqişə zonalarından çıxarılmasını, NATO-nun əhəmiyyətinin azaldılmasını, bir növ Amerikanın özünütəcridini nəzərdə tuturdu. Bütün bunlar ekspansionist Putinin dünyanın nüfuz dairələrinə bölünməsi xülyasına tam uyğun gəlirdi. Elə Trampın ABŞ qüvvələrini Suriyadan çıxarmaq barədə qəfil və şok qərarı buna misaldır. Lakin iş elə gətirdi ki, Trampın ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına dair qərarı yeni administrasiyanın işinə yaradı.

Məncə Co Bayden və onun administrasiyası qarşıdan gələn aylarda Avropada dram yaşanacağını bilirdilər. ABŞ qoşunlarının son dərəcə təcililiklə Əfqanıstandan çıxarılması da bununla əlaqədar ola bilərdi. Əslində bu akt Rusiya və Putin üçün ciddi problem yaradırdı. Rusiya indi həm də cənubdan – İslam radikalizmindən təkbaşına qorunmalı olacaqdı. Bu, Ukraynaya müdaxilə hazırlayan Putinin planlarını ciddi şəkildə pozurdu.  Qaldı ki, Cenevrə danışıqlarına, o zaman artıq Putinin Baydendən kəskin və birmənalı rədd cavabı alacağı məlum idi. Bu, hər halda Putin və Lavrova aydın idi. Həmin görüşdən əvvəl Putinin və Lavrovun üzündəki pərt ifadəni telereportajlardan da görmək olardı. Böyük dövlətlərin siyasətində adətən danışıqların bütün təfərrüatı açıqlanmır.

Belə başa düşmək olar ki, Putin Cenevrə danışıqlarında dünyanın yenidən nüfuz dairələrinə bölünməsi ideyasını artıq ortalığa atmışdı. Bu da aydındır ki, o, Baydendən qəti rədd cavabı almışdı. Cenevrədən sonra Putinin bütün hərəkət və bəyanatları bundan xəbər verirdi. Bayden ona konkret “rədd ol” demişdi. Həmin danışıqlardan sonra Bayden bəyan etmişdi ki, Rusiyaya konkret xəbərdarlıq edilib. Söhbət ilk növbədə Rusiya kəşfiyyatına bağlı hakerlərin ABŞ-ın həssas infrastrukturuna hücumlarının  dayandırılmasından gedirdi. Bayden faktiki olaraq Putinə bildirmişdi ki, belə kiberhücumların çox güclü cavabı verilə bilər.

Amma kibertəhlükəsizlik bu danışıqlarda müzakirə olunmuş mühüm məsələlərdən yalnız biri idi. Söhbətin məğzi isə çox da dilə-dişə salınmırdı. Putin bu danışıqlarda bir növ Ukraynaya hücum üçün “dobro” almaq istəmişdi, amma buna nail ola bilmədi. Rusiyanın NATO-ya sonrakı ultimatumları və başqa “ipləmə” tələbləri məhz burdan qaynaqlanırdı. İndi burası tamamilə aydındır ki, əslində Ukraynaya müdaxiləyədək ABŞ ilə Rusiya arasında diplomatik qaynar xətt işləyib. Prezident Bayden Rusiyanın niyyətləri barədə məlumatı ABŞ kəşfiyyatı ilə yanaşı, elə Rusiyanın özündən də ala bilərdi. Onun proqnozlarının son dərəcə dəqiqliyi bundan irəli gəlirdi.

- İddialar var ki, sanksiyalarla heç bir ölkədə hakimiyyət dəyişikliyi baş verməyib. Dorğudanmı, bu, belədir və ya Rusiyada bir ilk yaşana bilərmi?

- Rusiyada hakimiyyət dəyişikliyi, daha doğrusu, Vladimir Putinin meydandan getməsi sanksiyalardan daha çox Ukraynada davam edən müharibənin nəticələrindən asılıdır. Ukraynada hər hansı şəkildə uğursuzluq avtomatik olaraq Putinin hakimiyyətdən getməsi demək olardı. Hazırda Moskvanın Ukraynadakı əməliyyatları səngitməsi vaxtın uzadılması üçündür. Çünki Putinin ətrafında ona bağlı yaxın çevrə də başa düşür ki, müharibənin sonu Putinlə birlikdə onların hamısının sonu ola bilər. Qaldı sanksiyalara, sanksiyalar, əlbəttə, bu dəfə son dərəcə sərtdir, amma hər halda təsirini uzun müddətdə bildirəcək. Rusiya nəhəngdir, dinozavr kimidir. Təsəvvür edin ki, onun quyruğuna vurulan iynənin təsiri başına çatsın deyə nə qədər vaxt keçməlidir.

- Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi nə zamana qədər davam edəcək? Proqnozunuz nədən ibarətdir?

- Bu sualın cavabı bir az əvvəlki cavabda var. Rusiya bu müharibəni o qədər davam etdirəcək ki, Putin ordan siyasi baxımdan salamat çıxsın. Putin müharibənin bu qədər uzanacağını heç ağlına da gətirə bilməzdi. Bu mənada düşünürəm ki, paralel danışıqlarla birlikdə proses hələ bir neçə ay da davam edə bilər. Amma bunun üçün illər lazım gəlməyəcək.

- Moskva postsovet dövlətlərinə təzyiqləri artıra bilərmi? Bundan qorunmaq üçün həmin ölkələr nə etməlidir?

- Moskva postsovet ölkələrinə təzyiqi heç vaxt azaltmayıb. Bu ölkələr arasında Azərbaycan və Qazaxıstan xüsusi yer tutur. Nə qədər qəribə səslənsə də, belə ölkələr daxildəki siyasi vəziyyəti stabilləşdirməlidir. Rusiya keçmiş sovet respublikalarında “beşinci kolon”un inkişafı üçün milyardlarla dollar pul xərcləyir. Bunu Ukraynaya aid xəbərlərdən də oxumaq olardı. Əslində Ukraynanın Rusiya müdaxiləsinə uğurlu müqaviməti hökumətin həmin “beşinci kolon”u uğurla və vaxtında neytrallaşdıra bilməsi oldu. Ukraynada hökumətin “beşinci kolon” üzərində bir üstünlüyü də vardı. Bu ölkədə demokratik parlament seçkisi keçirilmişdi. Yəni, Rusiya təhlükəsindən əsas müdafiə ölkə daxilindəki beşinci kolonun neytrallaşdırılmasıdır. Belə bir təsəvvür yaranır ki, Azərbaycanda da hakimiyyət bu istiqamətdə çox ehtiyatlı addımlar atmağa çalışır, amma “beşinci kolon”un qızğın müqaviməti ilə üzləşir.

Bu, mənim şəxsi qənaətimdir. Məsələn, hiss olunurdu ki, hakimiyyət son parlament seçkisini keçirməklə müəyyən qüvvələr balansı yaratmağa çalışırdı. Ancaq sonunda, bəlkə də kənar təzyiqlər altında, hər şey olduğu kimi qaldı. Xatırlayıram ki, seçkidən dərhal sonra Rusiyanın “Birinci Kanal”ının xəbərlərində efirə bir süjet verilmişdi. Bu süjetdə danışan bir “təzə deputat” deyirdi ki, “biz evdə, məktəbdə, küçədə - hər yerdə rusca danışırıq”. Reportajı aparan da axırda dedi ki, “seçkidə anti-Rusiya qüvvələri uduzub”. Yəni bu, problem olaraq qalır.

Demokratik seçilmiş parlament hər hansı bir ölkədə Prezidentin xaricdə üzünü ağ və dilini uzun edən strukturdur. Son günlərdə Rusiya Dumasına “həmvətənlər” deyilən bir qanun layihəsi təqdim olunub. Bu, qanun Rusiyaya keçmiş SSRİ-nin istənilən nöqtəsində “5-ci kolon” vətəndaşı düzəltmək imkanı verəcək. Bax, əsl təhlükə budur. Tez və qətiyyətli addımlar tələb olunur. İfadəmə görə üzr istəyirəm. Rusiya şovinizmi hazırda dişinə qan dəymiş quduz köpəyə dönüb. Dayandırılması asan olmayacaq. Məhz bu səbədən də Azərbaycan birbaşa hərbi təcavüzə də hazır olmalıdır. Rusiya bunu Ermənistan da daxil, bir neçə üsulla edə bilər.

Buna görə də Azərbaycan ən müasir silahlarla silahlanmasını davam etdirməli, sözün əsl mənasında, qüdrətli hərbi dövlətə çevrilməlidir. Azərbaycan bir növ düşmən əhatəsində olan İsrail qüdrətində olmalıdır. Daha doğrusu, lazım gələrsə, hətta Rusiyanın hərbi təcavüzünü dəf etməyə hazır olmalıdır. Bu, nə qədər fantastik səslənsə də, indi tamamilə mümkün görünür. Rusiya tarixən Polşaya, müasir dövrümüzdə Finlandiyaya müharibələri uduzub. Əlbəttə, keçmişdən fərqli olaraq indi regionda Türkiyə elementi də var. Bu, NATO-nun ikinci böyük ordusu deməkdir. Rusiya bu məqamı nəzərə almaya bilməz.

- Bu müharibəni Bayden-Putin döyüşü kimi də qələmə verirlər. Yekun nəticədə nə baş verəcək: məğlub lider yola salınacaq, yoxsa hər şey olduğu kimi qalacaq?

- Bu, bütün hallarda Bayden-Putin döyüşü deyil. Belə olsaydı, Putin üçün ifrat şərəf olardı. Bayden demokratik ölkənin, daha doğrusu, dünya lideri olan demokratik ölkənin başçısıdır. Putin isə hakimiyyətdən bütün hüceyrələri ilə yapışmış çarəsiz diktatordur. Onun hakimiyyətdən getməsi, çox güman, elə həyatdan getməsi demək olacaq. Baydeni belə bir təhlükə gözləmir. Amerika siyasi mədəniyyətində vəzifədən gedən Prezidentə də Prezident deyirlər. Rusiya siyasi “mədəniyyətində” isə çarların, prezidentlərin vəzifədən hara getdikləri məlumdur. Məncə, hazırkı danışıqlardan Moskvanın əsas məqsədi Putini hər hansı şəkildə “qalib” çıxarmaqdır. Ona görə də bu məsələdə Putin az-çox Ərdoğana etibar edir. Əslində Ərdoğan Putin üçün etibarsızların içində ən etibarlısıdr. Onların arasında üsul-idarə metodlarına görə bir az doğmalıq da var.

Şəxsi qənaətimə görə, Putinin bu müharibədən “qalib” çıxması yalnız Moskvanın Donbassın Rusiyaya birləşdirilməsi barədə qərar qəbul etməsi ola bilər. Məncə, sonunda elə belə də olacaq. Maneçilik törədən Mariupol və Donbassın Krımla birləşdirilməsi məsələsdir. Bu, ən çətin məqam olacaq. Ukrayna buna yol verməməyə çalışacaq. Amma məsələ burasındadır ki, belə bir nəticədən sonra vaxt artıq Rusiyaya yox, Ukraynaya işləyəcək. Ukraynanın güclənməsi potensialı hələlik limitsiz, Rusiyanın özünə gəlməsi potensialı isə sıfırdır. Uzaq perspektivdə Putinin siyasi meydandan getməsi ilə Ukrayna ərazi bütövlüyünü tam bərpa edə biləcək. Putin Rusiyası Ukraynaya hücumla təsiri illərlə davam edəcək iki böyük həqiqəti faş elədi: birincisi, Rusiya hərbi cəhətdən nə qədər zəif olmasını ortaya qoydu. İkincisi daha ciddi məsələdir - bu müharibədən sonra heç bir keçmiş sovet respublikası Rusiyaya bir qram da etibar etməyəcək və daim arxasında çomaq, ya da daş gizlədəcək.

Müəllif: Azər Niftiyev

Ramanada faciə

Dünən, 17:26 Hadisə