İlham Əliyev: “Biz bu hakimlərə səs verməmişik və onların kim olduğunu da bilmirik”
“Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları icra etməyəcək”. AYNA.AZ xəbər verir ki, bunu aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində “Yeni dünya düzəninə doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
Dövlət başçısı bunun səbəbini Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə izah edib.
“Nümayəndə heyəti Assambleyanın iclaslarında iştirak etməsə və Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hakimlərinin seçilməsinə səs verə bilməsə, bu məhkəmənin Azərbaycanla bağlı çıxardığı qərarlar etibarsız sayılacaq. Biz səsvermə hüququndan məhrumuq. Biz bu hakimlərə səs verməmişik və onların kim olduğunu da bilmirik”, – Əliyev qeyd edib.
2024-cü ilin yanvarında AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina edib. Qətnamənin lehinə 90 deputat, əleyhinə 76 deputat səs verib, 4 deputat isə bitərəf qalıb. Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın əleyhinə səs verən 76 deputatın ölkəyə girişinə qadağa qoyulduğunu bildirib.