Sabiq Prezident Birinci Fəxri xiyabanda dəfn olunacaq
Ötən gecə dünyasını dəyişən sabiq Prezident Ayaz Mütəllibovun dəfn mərasiminə hazırlıq prosesi başlayıb. AYNA yerli mediaya istinadən bildirir ki, bu barədə Mütəllibovun köməkçisi Qulu Həsənoğlu məlumat verib.
Onun sözlərinə görə, A.Mütəllibovun nəşi Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə “Heydər” məscidinə aparılıb: “Sağ olsun dövlətimiz, Ayaz müəllimin dəfn mərasimini nəzarətinə götürüb. Cənazəni “Heydər” məscidinə apardıq. Bakı Şəhər İcra Hakimiyyətindən də nümayəndələr gəlmişdi. Sabiq Prezidentin harada dəfn olunacağı barədə hələlik məlumatsızam”.
A.Mütəllibov Birinci Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə APA-ya Ayaz Mütəllibovun sabiq köməkçisi Anar Ağayev məlumat verib.
Qeyd edəkl ki, 84 yaşında dünyasını dəyişən A.Mütəllibov uzun müddətdir ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi.
Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra 1992-ci il martın 6-da istefa verib.