Avropada baş verənlər soydaşlarımızın gözü ilə: Qadağalar sərtləşdirilir

Dünya

30.03.2020 - 22:16

“Hər özünü pis hiss edən insanın xəstəxanaya getməsi qadağan olunub, çünki çölə çıxdığı anda virusa yoluxmanı artıra bilər”

 

Qərb ölkələri Covid-19 bəlasından daha çox zərər çəkir. Son məlumatlara görə, dünya üzrə koronavirisa yoluxanların sayı 725 minə yaxındır, ölüm sayı isə 34 mindən artıqdır.

 

Məsələn, indiyədək Almaniyada 62 min 435 nəfər koronavirusa yoluxub, ölüm faktı isə 541 nəfərdir. Bu ölkədə yaşayan azərbaycanlı jurnalist Tünzalə Rafiqqızı AYNA-ya deyib ki, Almaniya Avropada virusdan ölənlərin sayının azlığına görə fərqlənir: “Buna səbəb klinikalarda, dövlət xəstəxanalarında avadanlıqlarla təhcizatın müasir tələblərə uyğun olmasıdır. Almaniya virus təhlükəsi başlayan andan tədbirlərini gücləndirdi. Tibbi personalın sayını artırmaq üçün xüsusi təyyarə ilə xaricdə yaşayan mütəxəssislərini geri çağırdı və onlar hazırda iş başındadırlar”.

 

“Burada əvvəlki kimi panika yoxdur. İlk virus söhbəti olanda, mağazalara hücum oldu, insanlar alış-verişi artırdı. Maraqlı ondadır ki, panika vəziyyəti qismən aradan qalxsa da, hələ də marketlərdə tualet kağızı, spirt, dezinfeksyiya məhsulları qəhətdir. Evimin qarşısında həftənin 2 və 6-cı günləri “xalq bazarı” var, karantin rejimi olsa da, hamı ordan bazarlıq edə bilir. Burada 65 yaş və daha yaşlı insanların küçəyə çıxmasına qadağa yoxdur. Toplu şəkildə gəzmək olmaz. Kafelər yalnız içəridən satış və sifariş qəbul edir. Burada onlayn marketlər çoxdur, insanlar da buradan bazarlıq edə bilirlər, 60 avrodan yuxarı məhsullar evlərə pulsuz çatdırılır. Nəğd ödənişlərə Almaniyada da üstünlük verirdilər, amma son vəziyyətlə bağlı kartla alış-verişə keçid başlayıb, virusa yoluxma səbəbindən bu da tədbirdir”, - həmsöhbətimiz bildirib.

 

“Banklar işləyir, şirkətlərin çoxu evdən işləmək rejiminə keçib. İşləri dayananlara dövlət tərəfindən dəstək veriləcək. Məşğulluq idarələrinə müraciət edənlər aldıqları maaş qədər kompensasiya ala bilir. Amma burada da ikili mühasibatlıq məsələsi üzə çıxır. Bu səbəbdən vergidən yayınan sahibkarların fırıldağının aşkarlanması halları artacaq. Hesab edirəm ki, virusla bağlı vəziyyət, bu tərəfdən də dövlətin xeyrinə olacaq”, - deyə həmyerlimiz vurğulayıb.

 

T.Rafiqqızının sözlərinə görə, Almaniyda iki gün əvvəl qocalar evində 4 nəfərdə virus aşkarlanıb, birinin vəziyyəti ağırdır: “Bu da təəssüf doğrur ki, yaşlı insanların çoxu virusa tab gətirmir. Amma bir məqam da var ki, TV-lər vasitəsilə insanlar daim maarifləndirilir. Hətta virusdan ölənlərin xüsusi qaydalarla başdırılacağı da qabaqcadan bəyan edilir ki, insanlar arasında səs-küy olmasın. Hər özünü pis hiss edən insanın xəstəxanaya getməsi qadağan olunub, çünki çölə çıxdığı anda virusa yoluxmanı artıra bilər. Təcili yardım çağırmaq 800 avrodur. Bu səbəbdən hər kəs yalnız vəziyyəti pisləşdiyi halda həkim komandasını evinə çağıra bilər”.

 

“Almaniyada informasiya almaq problemi yoxdur, istənilən şəxs müvafiq onlayn məlumat bazasından istifadə edə bilər, operativ suallarına cavab ala bilər. Məktəblər onlayn qayadada dərslərlə uğurla davam edir. Bundan başqa, sərnişindaşımada məhdudiyyətlər var. Sərnişinlər avtobuslara öndən daxil ola bilməzlər (sürücünün təhlükəsizliyi üçün), bu qaydadan sonra fürsətdən istifadə edib biletsiz avtobusa minənlər oldu ki, onlar da 60 avro pul cəzası ödədilər”, - jurnalist diqqətə çatdırıb.

 

Rafiqqızı əlavə edib ki, Kansler Angela Merkelin özü hazırda ev karantinindədir və verdiyi son qərarla qaydaları sərtləşdirib: “Əhaliyə alman, ingilis və türk dillərində müraciətlər olunur və son məhdudiyyətlər bunlardır:

1. Evdə birgə yaşayanlar xaric, hər kəslə təması minimuma endirmək;

2. İctimaiyyət içərisində, mümkün olan hər yerdə 1.5 metrlik ara məsafəsini qorumaq;

3. İki nəfərdən artıq şəxsin evdən çölə çıxması qadağandır (ailə üzvləri xaric);

4. Yalnız, icazə verilir: İşə getmək, xəstəxanaya getmək, alış-veriş etmək, vacib olan görüş və ya imtahanlar, başqalarına kömək etmək, təmiz havada idman etmək və hava almaq;

5. Bütün otellər və restoranlar yerində xidməti dayandırıb, çatdırılma xidməti davam edir;

6. Hər cür qrup halında əyləncə qadağandır (evdə də) və qanunu pozanları 25000 avro cərimə gözləyir;

7. Bütün xidmət sektorları: gözəllik salonları, bərbərlər bağlanılıb;

8. Əhali olan yerlərdə maksimum qaydada gigiyenik qaydalara əməl edilməlidir;

9. Bu məhdudiyyətlər ən azı iki həftə davam edəcək”.

 

Niderlandda yaşayan azərbaycanlı jurnalist və diaspor fəalı Vuqar Abbasov isə AYNA-ya deyib ki, hələ də Niderlandda durum ümidverici deyil: “Baxmayaraq ki, virusun yayılmasının qarşısını almaq üçün müəyyən addımlar atılıb və bir neçə gün öncə bu qaydalar bir qədər daha da sərtləşdirildi. Atılmış addımlar müxtəlifdir. Məktəblər - ibtidai, orta, ali təhsil müəsisələri artıq xeyli vaxtdır ki, bağlıdır. Dərslər internet vasitəsilə keçirilir. Orta məktəblərin buraxlış imtahanları ləğv olundu. Vacib sahələrdə çalışanlar (məsələn, həkimlər, polislər və s.) istisna olmaqla, hər kəs ya evdə oturub, ya da evdən işləyir. Buna baxmayaraq, onların əməkhaqları ödənilir. Dövlət hər kəsə dəymiş və dəyə biləcək maddi zərəri qarşılamaq barədə qərar qəbul edib. Bura çağırış əsasında işləyənlərdən tutmuş iş adamlarına qədər hər kəs daxildir”.

 

“Deyək ki, kimsə çağırış (sifarişli xidmət) əsaslı müqavilə ilə işləyirsə və mövcud duruma görə iş yerində çağırış almırsa, o, yaşadığı yer üzrə bələdiyyələrə müraciət edərək sosial yardım ala bilər. Hər kəsə gördüyü işə əsasən maddi dəstək, ən azı yaşayış minimumunu ödəyə biləcək qədər yardım verilir. Son sərtləşdirilmiş qərara görə insanlar bir-birilərinə 1,5 metrdən yaxın dura bilməzlər. Bu qərar bütün ictimai yerlər üçün keçərlidir, ictimai nəqliyyatdan tutmuş dükanlara qədər qaydaya nəzarət var. Məsələn, ərzaq dükanlarına belə, alıcılar dükanlarınn qarşısında qoyulmuş arabaları götürmədən daxil ola bilməzlər. Bu da ona dəlalət edir ki, arabaların sayı bəlli olduğundan, marketdə neçə nəfərin olması müəyyən edilsin”, - müsahibimiz bildirib.

 

Abbasovun sözlərinə görə, Niderlandda koronavirusun daha geniş yayılmaması qrup halında gəzmək qadağan edilib: “Kütləvi tədbirlər ləğv olunub. Ola bilsin ki, 31 martda bu qərarlara dəyişiklik edilsin, qaydalar sərtləşə, yaxud da yumşaldıla bilər. Yəni son verilmiş qərardan ötən müddətin nəticələrinə görə dəyişikliklər oluna bilər. Ancaq müşahidələr, rəqəmlər göstərir ki, təəssüf ki, yoluxma sayı durmadan artmaqdadır. Mənə elə gəlir ki, hökumət qərarları sərtləşdirə bilər”.

 

Qeyd edək ki, Niderlandda hazırda koronavirusa yoluxanların sayı 11 min nəfərə yaxındır, 770 nəfərdən çox insan ölüb.

Müəllif: Raminə Eyvazqızı