Avropa İttifaqı Krımın ilhaqını tanımayacaq: “Onda Putin bütün məqsədlərinə çatacaq”
Avropa İttifaqı (Aİ) ölkələri Krımın Rusiya ərazisi kimi tanınmasında ABŞ-ı dəstəkləməyəcək və Ukrayna Prezidenti Volodimir Zelenskidən zorla razılıq alınması cəhdlərinə qarşı çıxacaqlar. Bu barədə “Financial Times” Qərb rəsmilərinə istinadən yazıb. Rəsmilər bildiriblər ki, söhbət 1945-ci ildən bəri Avropada ilk zorakılıq yolu ilə ərazi zəbtinin faktiki olaraq leqallaşdırılmasından gedir. Avropalılar hesab edirlər ki, belə tanınma illər boyu qitəni sülh şəraitində saxlayan nizamı məhv edəcək.
Almaniyanın gələcək kansleri Fridrix Merzə yaxın şəxs, Bundestaqın üzvü Torstin Frey bildirib ki, Avropa ABŞ Prezidenti Donald Trampın bu təklifini qəbul edə bilməz: "Onda Putin bütün məqsədlərinə çatacaq və o özünü belə sayacaq - "Mən təcavüz edə bilərəm və cəza olmayacaq. Sonunda mən qalib gələcəm". Bu isə yolverilməzdir”.
Aİ diplomatiyasının rəhbəri Kaja Kallas da "Krımın Ukrayna olduğunu" vurğulayaraq, ilhaqın tanınmasının "ciddi səhv" olacağını qeyd edib: "Burada bütün Avropanın mövqeyini almamaq böyük səhv olar".
"Krım da daxil Ukraynanın NATO-ya üzvlüklə bağlı gələcək istəkləri bizim üçün qırmızı xətlərdir. Biz onlardan imtina edə bilmərik", deyən Aİ-nin yüksək rütbəli diplomatı nəşrə bildirib ki, ABŞ birtərəfli hərəkət etsə belə, bu, Rusiyanın təcavüzünü mükafatlandıracaq və Putini Gürcüstan və Moldovaya qarşı mübarizə aparmağa təşviq edəcək.
Bundan əlavə, diplomat hesab edir ki, “Putin digər keçmiş SSRİ ölkələrini, məsələn, Latviya, Litva, Estoniya və digər Aİ üzvü olan ölkələri təhdid etməyə başlaya bilər. Eyni zamanda, Putin NATO ölkələrini təhdid edə bilər”.
“Aİ artıq Tramp administrasiyasına Krımı Rusiya kimi tanıya bilməyəcəyi barədə xəbərdarlıq göndərib”, yüksək rütbəli bir avropalı məmur bildirib.
Bildirilir ki, indi qitənin ən böyük dövlətləri, NATO-ya üzv olan ölkələr ABŞ rəhbərliyini bu istiqamətdə birtərəfli addım atmaqdan çəkindirməyə çalışırlar.
Qeyd edək ki, Krımın Rusiya ərazisi kimi tanınması Trampın Ukraynadakı müharibəyə son qoymaq planının əsasını təşkil edir. Sənəd Londonda ABŞ dövlət katibi Marko Rubionun və Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə müzakirə edilməli idi. Lakin bundan əvvəl Zelenski açıq şəkildə bəyan edib ki, Krımın statusunu müzakirə etmək niyyətində deyil, çünki Ukrayna Konstitusiyasına və beynəlxalq hüquqa görə Krım Ukrayna ərazisidir. Nəhayət, Rubio məşğul qrafiki əsas gətirərək danışıqlarda iştirakdan imtina etdi. Onun ardınca Fransa və Almaniya Xarici İşlər nazirliklərinin rəhbərləri Jan Noel-Barro və Annalena Berbok da analoji qərar qəbul etdilər. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff isə dördüncü dəfə Moskvaya səfər etməyi seçdi.
Daha sonra Tramp Zelenskini danışıqları pozmaqda ittiham edərək, Krımla bağlı mövqeyini sülh səylərinə “çox zərərli” adlandırıb.
"O bütün ölkəni itirməkdənsə sülh əldə edə və ya daha üç il mübarizə apara bilər", - Amerika lideri qeyd edib. Öz növbəsində Zelenski sabiq dövlət katibi Mayk Pompeonun Trampın ABŞ Prezidenti olduğu 2018-ci ildəki bəyanatını xatırladıb. Mətndə deyilir ki, “ABŞ Rusiyanın Krımı ilhaq etmək cəhdini rədd edir və Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər bu siyasəti davam etdirməyi öhdəsinə götürür”. Bundan əlavə, həmin vaxt Pompeo vurğulayıb ki, Birləşmiş Ştatlar “Beynəlxalq hüququ pozaraq güc yolu ilə ələ keçirilən ərazilər üzərində Kremlin suverenlik iddialarını tanımaqdan imtina edir”.