Paketə dron istehsalı ilə məşğul olan 30-dan çox şirkət, hərbi-sənaye kompleksini dəstəkləyən şirkətlər və ixrac mövqeləri daxil olacaq
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni 21-ci sanksiya paketinə dron istehsalı ilə məşğul olan 30-dan çox şirkət, eləcə də Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən digər şirkətlər və ixrac mövqeləri daxil olacaq.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Brüsseldə Avropa Komissiyası tərəfindən 21-ci sanksiya paketinin təqdimatından sonra Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.
Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketi dron istehsalçılarını və Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən digər şirkətləri hədəf alacaq.
"Biz həmçinin Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən şirkətləri hədəf alırıq. Yeni siyahılar dron istehsalı sektorundakı 30-dan çox adı əhatə edəcək", Kallas sosial media platforması "X"də yazıb.
Onun sözlərinə görə, Çin, Türkiyə, Qırğızıstan, Qazaxıstan, BƏƏ və Hindistanda yerləşən qurumlar da daxil olmaqla 50 şirkətə qarşı yeni ixrac nəzarəti tədbirləri də tətbiq olunacaq: "Biz həmçinin Rusiyanın istehsal gücünü daha da zəiflətmək üçün nikel tozları, metallar və yüksək texnologiyalı ərintilər kimi əlavə materialların və texnologiyaların ixracını məhdudlaşdıracağıq. Avtomobil hissələri, müəyyən qiymətli metalların filizləri və kimyəvi maddələr də daxil olmaqla yeni malların idxalı da məhdudlaşdırılacaq".
Məlumata görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen 9 iyunda Rusiyaya qarşı yeni, 21-ci Aİ sanksiya paketini təqdim edib. Digər məsələlərlə yanaşı, Ukraynaya qarşı vuruşan keçmiş rus döyüşçülərinin Aİ-yə girişinə qadağa qoyulması təklif olunub.
Qeyd edək ki, Rusiyaya qarşı 21-ci sanksiya paketi indi Aİ Şurası tərəfindən nəzərdən keçirilməli və yekdilliklə təsdiqlənməlidir.
"Avropa Pravda"danın mənbələrinə görə, Rusiya neftinin qiymət limitinin yenilənməsi üçün son tarixə əsasən, Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketinin 15 iyul tarixinə qədər təsdiqlənməsi gözlənilir.