Atatürkün böyüklüyü - I yazı

Xəbərlər

17.10.2023 - 22:57

Atatürk və Eynşteyn

Türkiyə Cümhuriyyətinin qurucusu və görkəmli fizik…

İki dahi arasında necə bir ünsiyyət olub?

Eynşteynin Ankaraya göndərdiyi məktub haqda müxtəlif faktlar, çap olunmuş bəzi yazılar var. Bu məktub üzərindəki sirr pərdəsini öyrənmək üçün qarşıma çıxan hər şeyi oxuyub, dəftərimə qeyd etməyə çalışmışam. Ancaq bu bilgiləri bir yerə toplamağı sürəkli sonraya saxlamışam…

Bakıda çalışan həkim dostum Hikmet İbrahimoğlu bu yaxında mənə vaxtilə Ankarada – görkəmli türk cərrahı, Başkent xəstəxanasının qurucusu, Türkiyədə ilk orqan transplantasiyasını yapmış prof. Mehmet Haberalın ofisində çəkdiyi fotoları göndərdi. 

Bunlar Albert Eynşteynin 1933-də Ankaraya yazdığı məktubun reproduksiyaları idi. 

Hikmət doktor bu haqdakı qeydlərin çox yerinə düşər dedi…

*** 

Türkiyə Cümhuriyyəti qurulduğu gündən faşizmdən qaçan avropalıların sığındığı yer olub. 

Bura sadəcə Hitler Almaniyasından deyil, həm də Vyana, Paris, Budapeşt, Praqa və Tirolda çalışan görkəmli alim və sənət xadimləri gəlirdi. Onların çoxu yəhudi əsilli idilər…

1932-ci ilin payızı, Almaniya.

Adolf Hitlerin Nasional Sosialist Partiyası seçkiləri qazanır.

Nasistlər iqtidara gəlir.

30 yanvar 1933.

Adolf Hitler Reyxkansler (Baş nazir) təyin edilir. 

Bu tarix Alman xalqının və Alman yəhudiliyinin tarixində dönüş nöqtəsi olur.

22 mart 1933.

Hitler Xarici İşlər Nazirliyində “İrqi Gigiyena” adlı şöbə yaradır, sonra da 7-də Ari irqinə mənsub olmayan bütün dövlət qulluqçularının işdən çıxarılması haqda fərman verir. 

26 aprel 1933.

Gestapo yaradılır…

1933-cü ilin əvvəli Almaniya üçün dönüş nöqtəsi olur.

Antisemitizm dalğası gedərək yüksəlməyə başlayır.

Nasistlərin məqsədi Almaniyada yəhudilərin kökünü kəsməkdi.

Dünya şöhrətli alim, Nobel mükafatı laureatı Albert Eynşteyn Berlin universitetində dərs deyirdi. Burada qalmağın mümkün olmayacağını anlayır. 

Baharda Almaniyanı tərk edərək Fransaya köçür. 

Parisdəki “College de France”da dərs deməyə başlayır.

Eynşteyn yəhudiləri müdafiə üçün Parisdə qurulmuş, qısa adı “OSE” olan “Yəhudi Əhalini Mühafizə Qrupları Birliyi”nin fəxri prezidenti seçilir.

Almaniyada hələ də xeyli sayda yəhudi əsilli alim qalmaqda idi. 

Eynşteyn onları xilas etmək üçün yollar axtarırdı…

17 sentyabr 1933.

Albert Eynşteyn “OSE-nin fəxri prezidenti” sifəti ilə Ankaraya bir məktub göndərir (Məktub Ankarada, Baş nazirliyə bağlı “Cümhuriyyət Arxivi”ndə qorunur). Eynşteyn “Türkiyə Cümhuriyyəti Nazirlər Soveti Başqanlığına”, yəni Baş Nazirliyə ünvanladığı məktubunda Almaniyada bir çox alman elm adamının öz peşəsi ilə artıq məşğul ola bilməyəcəyini bildirir.

“Mən sizin sadiq xidmətkarınız professor Albert Eynşteynəm” deyə başlayan məktub Azərbaycan türkcəsində belədir:

“Zati-aliləri, Almaniyadan olan 40 professor və doktorun elmi və tibbi çalışmalarını Türkiyədə davam etmələrinə icazə verməyinizi xahiş edirəm.

Sözügedən şəxslər Almaniyada qüvvədə olan qanunlara görə öz peşələri ilə məşğul ola bilmirlər. Əksəriyyəti böyük təcrübəyə, biliyə və elmi ləyaqətə malik olan bu insanlar yeni bir ölkədə yaşasalar son dərəcə faydalı ola biləcəklərini isbat edə bilərlər. Zati-alilərindən ölkənizdə məskunlaşıb, fəaliyyətlərini davam etdirmək üçün icazə verilməsini xahiş etdiyimiz bu 40 nəfər böyük təcrübəyə sahib uzmanlar və üstün alimlərdir. Onlar qurumumuza müraciət edən çoxsaylı insanlar içindən seçilmişlər.

Bu elm adamları hökumətinizin göstərişlərinə uyğun olaraq heç bir təzminat istəmədən sizin istənilən qurumunuzda işləməyə hazırdırlar. Bu müraciəti dəstəkləyəcəyinizi ümid edir, hökumətiniz xahişimizi qəbul edərsə onlar yüksək səviyyədə fəaliyyət göstərməklə yetinməyəcəklər. Bu alimlərin ölkənizə həm də fayda gətirəcəyinə olan ümidimi cürət edərək ifadə etmək istəyirəm.

Zati-alilərinin sadiq xidmətkarı olmaqdan şərəf duyan, prof. Albert Eynşteyn”.

O tarixdə Baş nazir İsmət İnönü idi.

İnönü 9 oktyabrda sənədə dərkənar qoyaraq, onu “Maarif Vekaletine”, yəni Milli Təhsil Nazirliyinə göndərir.

Milli Təhsil naziri Reşit Galip Bey idi.

Məktubun üzərindəki əllə yazılan qeydlərin az bir hissəsi oxunmaz haldadır.

Tarixçilərə görə nazir “Qanunlarımız buna uyğun deyil” deyə Eynşteynin təklifinə müsbət baxmır.

Xəbər Atatürkə çatır.

Mustafa Kemal Paşa dərhal məsələyə əl qoyur və alimlərin Türkiyəyə gəlməsinə icazə verilir.

Gənc Türkiyə Cümhuriyyətinin inkişafında Atatürkün bu insanpərvər qərarı və uzaqgörənliyi müstəsna rol oynayır. 

(davamı var)

Müəllif: İbrahim Nəbioğlu