“Ekoloji İnformasiya” İctimai Birliyi növbəti seminarını Ağcabədi rayonunda keçirib
Ekoloji İnformasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması ” layihəsinin icra planına uyğun olaraq Ağcabədi rayonunda seminar təşkil edib.
Qurumun Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, Birliyin sədri Musa Muradlı “Qarabağ İqtisadi rayonunda ekoturizm imkanlarının araşdırılması , monitorinqi və tövsiyyələrinin hazırlanması” layihəsi haqqında məlumat verib.
Ekoloji İnformasiya İctimai Birliyinin sədr müavini , aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq, icra olunan layihə üzrə ekspert Xosrov Musayev ekoturizm anlayışı, terminin yaranması, ekoturizmin digər tur növlərindən fərqliliyi barədə tədbir iştirakçılarını bilgiləndirib.
Müzakirələrə qoşulan Ağ göl Milli Parkının əməkdaşları ziyarətçilərin olmadığından şikayətləniblər. Onların bildirdiyinə görə, Milli Parka xarici ölkələrdən qonaqlar gəlir, Ağcabədi rayon sakinləri isə həmin əraziləri tanımır. Bunun da əsas səbəbi təhsil müəsisələrində ekskursiyaların təşkilinə göstərilən laqeydlikdir.
Tədbirdə iştirak edən gənclər Ağ göl Milli Parkında olmaq və buradakı ekoloji mühitlə tanış olmaq istədiklərini bildiriblər.