CAR-da öldürülən əsgərlər Rusiyanın "Vaqner" hərbi şirkətinin mənsublarıdırlar
Mərkəzi Afrika Respublikasında (CAR) Rusiyanın özəl hərbi şirkətinin iki əməkdaşı öldürülüb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, muzdlular "Vaqner"in əsgərləridirlər. Döyüşçülərə hücum ölkənin şimalındakı Ukham-Pende prefekturasında baş verib.
Muzdlular Yuve kəndi yaxınlığında yerli üsyançı qrup, "Dəyişiklik Naminə Vətənpərvərlər Koalisiyası" tərəfindən pusquya salınıblar.
Baş verənlərin başqa təfərrüatları barədə məlumat yoxdur.
Qeyd edək ki, 27 dekabr 2020-ci ildə keçirilən prezident və parlament seçkilərindən sonra CAR-da başlayan qiyam daha da güclənib. Həmin ay hökumət qüvvələri ilə üsyançılar arasında şiddətli döyüşlər gedir.