ABŞ və NATO Qara dənizdə varlığını artıra bilər: Senata qanun layihəsi daxil olub

Dünya

31.03.2023 - 15:35

ABŞ Senatına Qara dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı qanun layihəsi təqdim edilib

ABŞ Senatına Qara dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı qanun layihəsi təqdim edilib. Qanun xüsusilə, "Qara dənizdə mövcudluğun müntəzəm dəyişkənliyi"nin yaradılmasını nəzərdə tutur.

AYNA xarici mediaya istinadən bildirir ki, qanun layihəsini martın 15-də Demokrat Partiyasından olan senator Cin Şahin təqdim edib.

Layihəni Senatın doqquz üzvü: beş demokrat, üç respublikaçı və bir müstəqil senator dəstəkləyib.

Sənəddə qeyd edilib ki, Qara dəniz regionunu Rusiya təcavüzünün arenası kimi tanımaqla Avropada silahlı münaqişənin daha da yayılmasının qarşısını almaq üçün səyləri cəmləşdirməyi davam etdirmək ABŞ-ın maraqlarına uyğundur.

Qanun layihəsinin yaradıcılarının fikrincə, Qara dənizin sahilyanı dövlətləri Rusiya Federasiyasının təcavüzünə qarşı mübarizədə həlledici rol oynayır və bunun sayəsində NATO-nun kollektiv təhlükəsizliyinə töhfə verirlər.

Sənəddə bildirilir: “Rusiyanın öz ərazisini genişləndirmək və Qara dəniz vasitəsilə Aralıq dənizinə çıxışa nəzarət etmək üçün dəfələrlə, qeyri-qanuni, səbəbsiz zorakılıq cəhdləri ABŞ və NATO-nun milli təhlükəsizliyinə təhdiddir”.

Bundan əlavə, qanun layihəsinin müəllifləri hesab edirlər ki, Rusiyanın Krım yarımadasında, Ukraynanın Qara və Azov dənizlərindəki ərazi sularında, Qara dənizin beynəlxalq sularında və Xəzər dənizində qeyri-qanuni ərazi iddialarına qəti şəkildə qarşı çıxmaq lazımdır.

“Yuxarıda göstərilən problemləri həll etmək və Müdafiə Planını həyata keçirmək üçün NATO-nun şərq cinahını gücləndirmək lazımdır. Xüsusilə, ABŞ Qara dənizdə dəniz mövcudluğu məsələsində Alyans müttəfiqləri ilə işləməyə davam etməlidir”, - deyə qanunda vurğulanır.

Qeyd edək ki, Rusiya Ukrayna ərazisinə hücumlar üçün müntəzəm olaraq Qara dənizdən istifadə edir. Xüsusilə, Rusiya yaxınlığındakı sularda və işğal olunmuş Ukrayna ərazilərində Rusiya Hərbi Dəniz Qüvvələrinin “Kalibr” raketləri olan gəmiləri demək olar ki, daim döyüş növbətçiliyindədir.

Amerika Hərbi Hava Qüvvələri müntəzəm olaraq Qara dənizdə kəşfiyyat aparırdı. Lakin martın ortalarında bir rus qırıcısı MQ-9 PUA-nı vurdu. Moskvada bu manevrləri edən rus pilotları mükafatlandırılıb.

Müəllif: Ayna.az