Müzakirələr hazırda yalnız mümkün razılaşmanın ilkin konturları üzərində aparılır
ABŞ və İran nüvə sazişi danışıqlarının bir hissəsi olaraq İslam Respublikası üçün potensial olaraq, təxminən 15 il davam edəcək uzunmüddətli uranın zənginləşdirilməsinə qadağa qoyulmasını müzakirə edirlər. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti qapalı danışıqlardan xəbərdar olan ABŞ rəsmilərinə və diplomatlarına istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, son həftələrdə tərəflər mümkün razılaşmanın dörd əsas elementi üzrə danışıqlar aparıblar ki, Vaşinqton bununla İranın nüvə proqramını təxminən 15 il dayandıra biləcəyinə inanır. Əsas məqamlardan biri uranın zənginləşdirilməsinin dayandırılmasıdır. ABŞ əvvəlcə 20 illik qadağada israr edib, İran isə 10 il təklif edib. Amerika rəsmiləri hesab edir ki, tərəflər 15 illik müddət barədə razılığa gələ bilərlər.
NYT qeyd edir ki, danışıqlarda həmçinin zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması, İranın əsas nüvə obyektlərinin sökülməsi və beynəlxalq müfəttişlərin təcili yoxlamalar aparmasına icazə verilməsi məsələləri də müzakirə olunur.
Nəşrin mənbələrinə görə, müzakirələr hazırda yalnız mümkün razılaşmanın ilkin konturları üzərində aparılır və Yaxın Şərqdə yenidən gərginləşmə fonunda danışıqların gələcək gedişatı qeyri-müəyyən olaraq qalır.