Prezidentin köməkçisi ermənipərəst siyasətçilərin fəaliyyətinin araşdırılmasına çağırış edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında ABŞ-nin “The New York Post” nəşrindən senator Bob Menendesin həyat yoldaşının mümkün qanunsuz hərəkətləri barədə haşiyə paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin daha da araşdırılmasına çağırış edib.
AYNA xəbər verir ki, Prezidentin köməkçisi paylaşımında qeyd edib: “Pul hər şeyi həll edir! ABŞ və Avropadakı bütün anti-Azərbaycan ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır”.
H.Hacıyevin paylaşdığı “The New York Post”dakı xəbərin başlığında bildirilib: “Sen. (senator – red.) Bob Menendesin arvadı ofisi federal araşdırma təhlükəsi ilə üz-üzə olduğunu etiraf etməzdən aylar öncə 400 min dollar qızıl külçə satıb”.