Tərəflər danışıqların gələn həftə davam etdiriləcəyi barədə razılığa gəliblər
İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən dolayı danışıqlar başa çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Omanın xarici işlər naziri iki tərəf arasında fikir və təklifləri çatdıran mühüm vasitəçi rolunu oynayıb.
Əsas mövzular İrana qarşı sanksiyaların aradan qaldırılması yolları və Tehranın nüvə proqramı ilə bağlı müzakirələr ətrafında olub.
Tərəflər danışıqların gələn həftə davam etdiriləcəyi barədə razılığa gəliblər.
Qeyd edilib ki, iki saat yarımdan çox davam edən dolayı danışıqlar başa çatdıqdan sonra İran və ABŞ nümayəndə heyətlərinin başçıları Oman xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqə danışıblar.
ABŞ ilə nüvə danışıqlarının növbəti mərhələsi aprelin 19-da baş tutacaq.
Bunu İranın xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlardan sonra deyib.
XİN rəhbəri bildirib ki, gələn şənbə günü Maskatda keçiriləcək danışıqların ikinci raundunda İran və ABŞ potensial razılaşmanın ümumi çərçivəsini müzakirə edəcək.
Nazir danışıqların konstruktiv, sakit və hörmətli bir mühitdə keçdiyini qeyd edib. O danışıqların iki saat yarım davam etdiyini, Omanın xarici işlər nazirinin iki tərəf arasında dörd dəfə fikir mübadiləsi apardığını deyib.
Onun sözlərinə görə, bugünkü danışıqlarda hər iki tərəf qarşılıqlı məqbul razılaşmaya doğru irəliləməyə hazır olduğunu nümayiş etdirib.