Vitse-spiker Qərbin mövqeyinə etiraz etdi: “Sülh sazişi yarımçıq şəkildə bağlana bilməz”
Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində növbəti iclası keçirilib. Gündəliyinə 19 məsələnin daxil edildiyi toplantıda əvvəlcə deputatlar cari məsələlərlə bağlı çıxış edib, təkliflər veriblər.
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov çıxışında ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubdan danışıb. Z.Əsgərov deyib ki, hazırda Ermənistan sülh müqaviləsinin bağlanmasını əngəlləməkdə davam edir: “Azərbaycanın şərti var, sülh sazişinin imzalanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları götürülməlidir. Bunun üçün də Ermənistanda referendum keçirilməlidir. Biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq. Bu müqavilənin arxasında Ermənistan xalqının siyasi rəyi durmalıdır".
Vitse-spiker: “Amerika, Avropa və digər yerlərdən bizə təyziqlər olur, amma bilməlidirlər ki, alayarımçıq saziş bağlanılmayacaq”
“Ötən gün ABŞ Prezidenti cənab Bayden Azərbaycan Prezidenti cənab İlham Əliyevə məktub ünvanlayıb. Məktubda qeyd edilib ki, qısa müddətdə sülh müqaviləsi bağlansın. Müqavilə qısa zamanda necə bağlana bilər? Bunun üçün Ermənistanda referendum keçirilməlidir. Qısa müddətdə Ermənistan razıdırmı?”, - vitse-spiker vurğulayıb.
“Sülh sazişi yarımçıq şəkildə bağlana bilməz. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan da bir neçə dəfə təsdiqləyib. Amerika, Avropa və digər yerlərdən bizə təyziqlər olur, amma bilməlidirlər ki, alayarımçıq saziş bağlanılmayacaq. Bizə belə saziş lazım deyil. Təklif edirlər ki, yarımçıq müqavilə bağlansın, sonrasına baxılar. Sonra nə olacaq? Bayden gedəcək, sonra biz Bayden axtaracağıq?”, - Z.Əsgərov əlavə edib.
“İndi bildinizmi, bizi gürcü demokratiyasının yolu ilə aparmaq istəyənlərin məqsədləri nəydi?”
“2003-cü ildə Qərbin həyata keçirdiyi rəngli inqilabın növbəti ünvanı Azərbaycan olmalıydı. Hakimiyyət dəyişsəydi, biz nəinki 44 günə qazandığımız torpaq bütünlüyündən məhrum olacaqdıq, üstəlik, Qarabağın müstəqilliyini də tanıyacaqdılar. İndi bildinizmi, bizi gürcü demokratiyasının yolu ilə aparmaq istəyənlərin məqsədləri nəydi? İlham Əliyev rəngli çevrilişləri durdurdu. Avqust müharibəsində Gürcüstanı xilas edən və ona ilk kömək əlini uzadan da bizim dövlət oldu. Əgər Milli Hərəkat Partiyası 2020-ci ildə iqtidarda olsaydı, Qərbin təzyiqi ilə bu ölkə ərazisindən İrəvana silah daşınmasına razılıq veriləcəkdi”. Bu sözləri isə çıxışında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.
Komitə sədri: “Azadlıq təkcə Kreml və rus imperiyasından deyil, bütün xarici müstəmləkəçilərindən xilas olmaqdır”
Deputat çıxışına sualla davam edib: "İndi Brüsseldən təyin olunan müasir ingilisdilli Orconikidzelər idarə edəcəkdisə, onda Gürcüstan oğulları Qorbaçovun qanlı ordusunun qabağında niyə qurban gedirdilər. Azadlıq təkcə Kreml və rus imperiyasından deyil, bütün xarici müstəmləkəçilərindən xilas olmaqdır. Gürcü xalqı gələcəyini özü müəyyənləşdirməlidir. Biz yaxşı görürük ki, Azərbayacana qarşı mübarizə həm də Gürcüstan üzərindən aparılır. Zəngəzur dəhlizinin açılması, Azərbaycan üçün tək nəfəslik olmaq istəyən rəsmi Tidlisin və indiki hakimiyyəti devirmək istəyənlərin maraqlarına ziddir. Qərb dövlətləri Saakaşvilinin üzərinə qoyduqları missiyanı indi Paşinyana və İrəvana həvalə ediblər”.
“Ukrayna, Suriya, Əfqanıstan hadisələri bir ibrətdir. Biz Gürcüstanda ictimai-siyasi xaos, regionda beynəlmiləl döyüşlər deyil, sabitlik və təhülkəsilzlik tərəfdarıyıq. Qələbəmiz Gürcüstan üçün nümunə-idealdır. Ən böyük gürcü arzusu-bütöv Azərbaycandır”, - komitə sədri çıxışını tamamlayıb.
Deputatdan onlayn seçkilər təklifi
Deputat Qüdrət Həsənquliyev isə təklif edib ki, xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün seçkilər onlayn keçirilsin: “Moldovada seçkilər keçirildi və biz gördük ki, referendumun nəticələrini xaricdə yaşayan moldovalıların verdiyi səslər dəyişdirdi. Azərbaycan vətəndaşlarının da əhəmiyyətli hissəsi xarici ölkələrdə işləyirlər, yaşayırlar. Onların yaşadıqları, işlədikləri şəhərlərin hamısında bizim seçki məntəqələri yaratmaq imkanımız yoxdur. Ona görə də, onlar bu imkanlardan məhrum olurlar. Bir çox ölkələrin də bu təcrübəsi var”.
“Qarşıdan bələdiyyə seçkiləri gəlir. Bəlkə bələdiyyə seçkilərinə qədər heç olmasa pilot layihə kimi bir neçə seçki dairəsində vətəndaşlara onlayn qaydada səsvermə hüququnun tanınması haqqında məsələyə baxa bilərik. Onlar özlərinin PİN kodlarını daxil etməklə onlayn qaydada öz səslərini verə bilərlər”, - millət vəkili təklif edib.
“Erməni “Wikipedia”çılara da bu məsələdə qalib gələ bilərik”
Deputat Fazil Mustafa isə çıxışında “Wikipedia”da Azərbaycan şəhidləri haqqında məqalələrin birdən-birə silinməsindən narahatlığını ifadə edib. Millət vəkili qeyd edib ki, “Wikipedia”nın əsas tələbi məqalələlərin tərəfsiz, neytral fikirlərlə yayımlanmasıdır: “Bununla bağlı biz dəstəyimizi verməliyik. Könüllülərin sayı artırılmalı, proqram təminatı yaxşılaşdırılmalı, biliklər dərinləşdirilməlidir. Bununla erməni “Wikipedia”çılara da bu məsələdə qalib gələ bilərik. Ona görə də həmin məqalələrin tələblərə, qaydalara uyğun şəkildə hazırlanması vacibdir”.
Deputat Razi Nurullayev isə qurumuş ağaclar və onların törətdiyi problemləri dilə gətirib: “Quru ağacların kəsilməsi ilə bağlı müraciət və bunun icrası arasında bəzən aylar və illər olur. İsrarlı müraciətlər olarsa, ən azı 5-6 aya icra edilir. Səbəb isə prosedurların keçirilməsi, ekspertizaların aparılması, analizlərin götürülməsi və laboratoriyalarda yoxlanılmasıdır. Xeyli vətəndaşlara ziyan dəyib. Quru ağac onun yaşadığı evini zədələyib, avtomobilinə ciddi ziyan vurub, müştərilərinin avtomobilini zədələyib və s. Quru ağacların kəsilməsi ilə bağlı müraciət və icra arasında olan zamanın iki-üç dəfə azaldılmasını vacib sayıram. Ümid edirəm ki, aidiyyəti dövlət qurumları da bununla bağlı mövcud durumu və məlumatı təqdim edəcəklər”.
“Kəlbəcərin “İstisu”yunu almışam, boş şüşəsini zibil qutusuna atmağa heyfim gəlir”
“Şüşə və plastik qabların zibilliyə atılması məsələsi də vacibdir. Hər il Azərbaycanda yəqin ki, yüz milyonlarla şüşə və plastik qab istifadə olunaraq zibilliyə atılır. Kəlbəcərin “İstisu”yunu almışam, boş şüşəsini zibil qutusuna atmağa heyfim gəlir. Eyni şəkildə də “Sirab”, “Badamlı” və digər suların butulkalarını. Biz milyonlarla şüşəni niyə zibilliyə atıb sındırmalıyıq? Niyə elə istehsalçı şirkət onların tədarük, toplanma məntəqələrini təşkil etmir? Bu barədə aidiyyəti qurumlardan cavab almaq istərdim. Xahiş edirəm ki, bu barədə görülən və yaxud görüləcək işlər barədə bizə də məlumat versinlər”, deyən deputat əlavə edib ki, plastik qablar yüz milyonlarla istifadə olunur və atılır: “Bu yaxınlarda Sinqapurla bağlı video izlədim. Orada plastik qabların təkrar emalından gözoxşayan asfalt yollar çəkilir. İstərdim ki, bu texnologiya da Azərbaycana gətirilsin, aidiyyəti dövlət qurumları bununla bağlı araşdırmalara başlayıb, konket layihələr həyata keçirilməsi üçün iş adamlarına təklif versinlər. Yaxud iş adamları özləri bu sahəni öyrənib, gəlirli bir biznes sahəsi yaratsınlar”.
Çıxışlardan sonra deputatlar gündəliyə çıxarılan məsələlərin müzakirəsinə başlayıblar.