“Abidəsini ucaltmaq əvəzinə öldürürlər”

Dünya

21.12.2021 - 10:20

Gela Vasadze: “Gürcüstan hakimiyyəti ilə Saakaşvili üçün mübahisə etmək Avropanın maraqlarına uyğun deyil”

Aleks Qriqoriyevs: “Mən təəccüblənirəm ki, Gürcüstan xalqı buna dözür”

Ötən həftə Avropa Xalq Partiyasının sədri Donald Tusk avropalı həmkarlarını Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində Gürcüstanın Baş naziri ilə müxalifət lideri Mixail Saakaşvilinin azad edilməsi məsələsini müzakirə etməyə çağırıb. “Bu gün Şərq Tərəfdaşlığı Sammiti zamanı mən avropalı həmkarlarımı Gürcüstanın Baş naziri ilə, Avropa İttifaqı ilə Gürcüstan arasında assosiativ saziş üzrə danışıqlara başlayan Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvilinin azad edilməsi məsələsini müzakirə etməyə çağırıram”, - deyə o, “Twitter”də yazıb.

Və qəribə də olsa, görünür, bu, “səhrada ağlayanın bir səsi” idi. Çünki Tusk Avropa İttifaqının (Aİ) keçmiş Prezidentidir, lakin Aİ-nin indiki yüksək rütbəli rəsmilərindən və Şərq Tərəfdaşlığı Sammitində iştirak edən Aİ ölkələrinin nümayəndələrindən heç biri bu qurumun görüş və sessiyaları zamanı Saakaşvili ilə bağlı məsələ qaldırmayıb. Hər halda, Brüsseldən gələn media xəbərlərində bu barədə bir kəlmə də yoxdur.

Olduqca depressiv mənzərədir, elə deyilmi? Axı bu sammit, ilk növbədə, Avropanın orbitində olan bütün xalqlara lazım olan və Qafqazda, konkret olaraq Gürcüstanda, indi az qala ölüm halına gətirilən elə həmin Mixail Saakaşvili tərəfindən ən uğurla həyata keçirilən Avropa dəyərlərindən bəhs edir. Və bunu edənlər Gürcüstanda son 9 ildə hakimiyyəti ərzində heç bir nəzərəçarpan islahatları ilə seçilməyən və yalnız öz sələfinin nailiyyətlərinin bəhrəsini görən yeni hakimiyyət orqanlarıdır.

Amma nədənsə Aİ-nin yüksək səviyyəli rəsmilərindən heç biri Brüsselə gələn Baş nazir İrakli Qaribaşvilidən soruşmağa cəhd belə, etmədilər ki, postsovet məkanında real islahatçı siyasətçi ətrafında bütün bu biabırçılıq nə vaxt bitəcək? Niyə hamısı bir ağızdan susdu?

AYNA-nın suallarını tanınmış əcnəbi politoloqlar cavablandırıblar.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze:

“Əslində, burada qəribə heç nə yoxdur. Siyasət həmişə öz maraqlarının cəmlənmiş ifadəsidir. Maraqlar ideallarla üst-üstə düşəndə ​​yaxşıdır, üst-üstə düşmürsə, ideallar kənarda gözləyə də bilər. Həmişə hamıda belə olub və çox güman ki, heç olmasa, bizim həyatımız dövründə də belə olacaq. Dostluq və qardaşlıq haqqında bütün söhbətlər konkret ölkələrin və ya siyasi qrupların spesifik maraqlarının reallaşması üçün əsasdır. Bunun əksini düşünənlər sadəcə sadəlövhdürlər.

Bu gün Gürcüstan hakimiyyəti ilə Saakaşvili üçün mübahisə etmək köhnə Avropanın maraqlarına uyğun deyil. İstisna Baltikyanı ölkələr və Polşa, eləcə də Saakaşvili ilə yaxın şəxsi münasibətləri olan Avropa Xalq Partiyasının bəzi siyasətçiləridir. Qalanları isə Gürcüstanda hakimiyyətdə olanlarla “dost” olacaqlar. Bunun üçün onları günahlandırmaq lazımdırmı? Yəqin ki, yox. Yenə də bu, praktiki olaraq heç bir istisnanın olmadığı bir qaydadır. Bu, sadəcə dünyanın işləmə üsuludur”.

Latviyalı politoloq, filologiya elmləri doktoru, müstəqil jurnalist Aleks Qriqoriyevs:

“Əgər bütün bunlar belədirsə və Saakaşvili ilə bağlı pərdəarxası danışıqlar olmayıbsa – çox güman ki, olmayıb - deməli, mənzərə üzücüdən də pisdir. Gürcüstanın özünü Rusiyaya bənzədəcəyini heç düşünməzdim. Amma əgər bütün Rusiyanın Navalnıya borclu olduğu faktı onun ölkədəki tək real müxalifət olmasıdırsa, Saakaşvili Gürcüstan üçün misilsiz işlər görüb. O, müxalifətin və islahatların lideri idi.

Saakaşvili ölkəni Şevardnadzenin hakimiyyətinin son illərində düşdüyü inanılmaz çöküşdən çıxarıb, müasir dövlətə çevirib, insanlara, xüsusən də gənclərə gələcəyə ümid bəxş edib. O, günahsız deyildi, amma onu əvəz edənlər daha pisdir. Saakaşvilidən sonra bütün illər ərzində davam edən demokratiyadan yavaş-yavaş geri çəkilmə Gürcüstanı çıxılmaz vəziyyətə, daha doğrusu, uçuruma aparır. Qərb dövlətləri ilə əməkdaşlığı çökdürən, Avropa dəyərlərindən imtinanı artıran hakim elitanın əsas məqsədi media və məhkəmə sistemi üzərində nəzarət vasitəsilə ölkədə öz hakimiyyətini saxlamaqdır.

Əslində, Saakaşvili vətənə bu problemlərə diqqəti cəlb etmək üçün qayıtdı. İndi baş verənlər ölkənin abidə ucaltmalı olduğu siyasi liderin qətliamıdır. Bəlkə o, həyatda olmasaydı və hakimiyyət üçün problem olmasaydı, heykəl qoyardılar. Gürcüstan Prezidenti Salome Zurabişvili bu vəziyyətdə özünü biabırçı apararaq, Saakaşvilini heç vaxt əfv etməyəcəyini bəyan edib.

2021-ci ilin oktyabrında onlarla avropalı siyasi xadim, o cümlədən Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenko və Latviyanın keçmiş Prezidenti Valdis Zatlers Aİ rəhbərliyinə Saakaşvilinin azad edilməsinə köməklik göstərilməsi üçün müraciət edib. Amma konkret olaraq nə və necə edilməli olduğu məktubda deyilməyib. Bu vəziyyətdə Saakaşvilinin vətəndaşı olduğu Ukrayna daha fəal ola bilərdi.

Donald Tuskun bu məsələni qaldırması yaxşı haldır və ümid edirəm ki, o, Saakaşvilinin taleyinə bundan sonra da diqqət çəkəcək. İndi baş verənləri ancaq tədricən öldürmə adlandırmaq olar. Mən təəccüblənirəm ki, Gürcüstan xalqı buna dözür”.

Müəllif: Rauf Orucov