Ziyanın yarısından qayıtmaq da qazancdır: <font color=red> Qadağanı qaldırın</font>

Cəmiyyət

23.09.2020 - 10:20

“Bu siyasətin başında dayanan şəxslər hazırda yoxdurlarsa, onların qoyduqları qaydaları da ləğv etmək lazımdır”

 

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) xarici donorlardan qrant almasına icazə məsələsi gündəmə yenidən gəlib. Bir çox təşkilatlarda hesab edirlər ki, 2014-cü ildə müxtəlif sahələrdə layihələr həyata keçirmək üçün beynəlxalq qurumlardan maliyyə alınmasına hökumət tərəfindən qoyulmuş qadağanın aradan qaldırılması günün tələbidir.

 

Qeyd edək ki, 2014-cü ilin dekabrında Milli Məclisdə “QHT-lər haqqında” qanuna edilən dəyişikliklərə görə, yerli və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri, qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxs barədə məlumatları aidiyyəti üzrə icra hakimiyyəti orqanına təqdim etməlidir. Yəni, Azərbaycandakı QHT-lərə qrant ayıran xarici donor öncədən Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Bundan başqa, barəsində məlumat təqdim edilməmiş qrantlar üzrə bank əməliyyatları qadağandır. Xarici donor təşkilatı ilə yerli QHT arasında imzalanmış müqavilə Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Müqavilə olmadan işləyən yerli QHT-lər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyır.

 

“Qrant haqqında” qanuna edilən dəyişikliklərə görə, xarici hüquqi şəxslərin Azərbaycanda qeydiyyata alınmış filial və nümayəndəlikləri yerli QHT-lərə qrant ayırmaq hüququnu müvafiq icra hakimiyyəti orqanından maliyyə-iqtisadi məqsədə müvafiqliyinə dair rəy almalıdır. Yalnız bundan sonra onlar yerli qeyri-hökumət təşkilatlarına qrant ayıra bilər.

 

Yəni, bu qanunla xarici donordan qrant almaq çox çətin məsələdir. Faktiki olaraq sözügedən dəyişiklik 6 ildir ki, QHT-lərin əl-qolunu bağlayıb. Ekspertlər hesab edirlər ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media təşkilatları cəmiyyətə və demokratiyanın inkişafına fayda verən layihələri qanundakı məhdudiyyət səbəbindən gerçəkləşdirə bilmirlər. Bu, ölkənin beynəlxalq nüfuzuna da, vətəndaş cəmiyyətinin inkişafına da zərbə vurur. QHT sahəsində peşəkar fəaliyyət göstərən şəxslər qeyd edirlər ki, vaxtilə qanunda belə absurd dəyişikliyin banisi olan hakimiyyət nümayəndələri bu gün vəzifədən uzaqlaşdırılıblar. Onların ideyası ilə gerçəkləşən ziyanlı hal da aradan qaldırılmalıdır. 

 

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev AYNA-ya deyib ki, 2015-ci ildən etibarən xaricdən QHT-lərə, mediaya, ümumiyyətlə ictimai sektora gələn yardımların qarşısı demək olar ki, kəsilib. Onun sözlərinə görə, bu absurd qərarın aradan qaldırılması, yardımların bərpası üçün böyük zərurət var: “Birincisi, ona görə ki, MDB məkanında yalnız Azərbaycan, bir də Belarus buna bənzər qanun qəbul edib. Digər ölkələrdə belə hal yoxdur. İkincisi, burada guya, əsas məqsəd ondan ibarətdir ki, beynəlxalq yardımlara dövlət nəzarətini təmin edirlər. Əslində isə bu, vətəndaş cəmiyyəti institutlarının və müstəqil medianın çökdürülməsi üçün əlavə zərbə idi. Nəticələr də göz qabağındadır. Məqsəd nə idi, niyə belə oldu, bunları qoyaq kənara. Əsas olan odur ki, 6 il qabaq təsdiqlənən qərarın mənfi nəticələri ortadadır”.

Burcutmayın, Arif Əliyev, cavab verin: 1,5 milyon dollar hanı?

“Baxmaq lazımdır ki, bununla biz nəyə nail olmuşuq?! Ona nail olduq ki, bir çox ictimai sahədə çalışan QHT-lərin hamısı fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Söhbət kifayət qədər böyük vəsaitlərdən, iri həcmdə olan yardımlardan gedir. Əslində, həmin yardımlar yoxa çıxmayıb, xaricdə çalışan və nəzarətdən kənar təşkilatlara verilir. Hansı ki, o təşkilatların Azərbaycanla müəyyən bağlılıqları var. Bununla yanaşı, həmin qrantların böyük bir hissəsi Ermənistana, Gürcüstana, MDB məkanının digər “Şərq Tərəfdaşlığı” ölkələrinə yönəldilib. Yəni, bu absurd qərarın ləğvinə ehtiyac göz qabağındadır”, - jurnalist bildirib.

 

“Yeni Nəsil” sədri hesab edir ki, burada dövlətin özü də itirir: “Biz çox deyirik ki, ictimai nəzarəti gücləndirmək lazımdır. Prezidentin ictimai nəzarətlə bağlı özünün çağırışları olub. Amma yerli resurslar hesabına ictimai nəzarəti təmin etmək mümkün olmur. Uzun illər təbliğat aparıldı, belə bir təsəvvür yaradıldı ki, xaricdən gələn maliyyə ölkənin ziyanına işləyir, bu pullardan dövlət əleyhinə istifadə edilir və s. Amma bunlar hamısı boş təbliğat idi”.

 

“Mən beynəlxalq yardım alıb ölkənin əleyhinə işləyən bir dənə də olsun, QHT görmədim, tanımıram. Heç hökumətin özü də göstərə bilməz ki, filan QHT xaricdən yardım aldı, dövlətin əleyhinə istifadə etdi. Düşünürəm ki, məqsəd o idi ki, ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti strukturları bir əldə cəmləşdirilsin, bir mərkəzə tabe etdirilsin. Bu siyasətin başında dayanan şəxslər bu gün yoxdurlarsa, onların qoyduqları qaydaları da ləğv etmək lazımdır”, - Əliyev vurğulayıb.

 

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli də eyni fikirdədir. O, AYNA-ya söyləyib ki, beynəlxalq layihələrin qarşısı açılmalıdır: “Necə olur ki, hökumətin ayrı-ayrı qurumları, nazirliklər beynəlxalq layihələrə qoşulur, qrant alır, amma QHT-lər bundan kənar qalır? Bu əndrəbadi hal mütləq ortadan qaldırılmalıdır. Azərbaycanda “ağ-qara” insan tipi yaratmağa ehtiyac yoxdur. Belə əsas gətirilir ki, beynəlxalq yardım alanlar dövlət maraqlarının əleyhinə iş görə bilərlər, hansısa dövlətə xidmət edə bilərlər. Kiminsə başqa bir ölkənin kəşfiyyatına işlədiyini bilirlərsə, əldə fakt varsa, o zaman həmin şəxsi cəzalandırsınlar. Hüquq-mühafizə orqanları var, araşdırsınlar. Bəs onlar nə üçündür?! Yoxsa ki, vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək, cəmiyyəti inkişaf etdirəcək maliyyədən hər kəsi məhrum etmək ədalətsiz yanaşmadır”.

Qorxmaz İbrahimli: “İndi sıra sizdədir” – Novator.az

Müsahibimizin sözlərinə görə, rəhbəri olduğu təşkilat bir çox beynəlxalq təşkilatlardan layihə ala bilər, buna potensialı var: “Həm də ekoloji sahədə çox böyük problemlər var ki, bu istiqamətdə uğurlu layihələr həyata keçirilməlidir. Bu gün Azərbaycanın ekoloji vəziyyəti bərbad durumdadır. Ümumiyyətlə, dünyada gedən ekoloji problemlər tələb edir ki, bu sahədə layihələr həyata keçirilsin. Amma bizim xaricdən yardım alıb iş görmək potensialımızın qarşısı absurd qərarla illərdir kəsilib”.

 

“Bu illərdə vətəndaş cəmiyyətinə həmin qərarla nə qədər ziyan dəyib. Hökumət kimlərə beynəlxalq yardım ayrılmasını istəmirdisə, onların hamısı bu illər ərzində müxtəlif yollarla lazımınca yardımlarını aldı. Gürcüstanda məskən qurdular, digər ölkələrdə yerləşdilər, maliyyəni də aldılar. Qanunlara əməl edən neytral təşkilatlar isə ala bilmədilər. Həmçinin, Cənubi Qafqaz ölkələri üçün nəzərdə tutulan maliyyə vəsaiti Gürcüstana, Ermənistana yönəldi”, - “Biosfer” sədri vurğulayıb.

 

İbrahimlinin qənaətincə, bu məsələ dövlətin beynəlxalq imicinə də zərər vurur: “Sözügedən qadağa vətəndaş cəmiyyətinin inkişafını ləngidir. Bununla yanaşı, həmin vəsaitlər hesabına nə qədər vətəndaşımızın işsizlik problemi aradan qalxırdı, insanlar işləyirdi, dövlətə vergi verilirdi. Yəni, biz sözügedən qərarla illərdir ki, itirə-itirə gedirik. Düşünürəm ki, tez zamanda qərar ləğv edilməlidir, beynəlxalq layihələrin önü açılmalıdır. Bu gün ölkədə Prezident tərəfindən islahatlara start verilib. Bu islahatın bir bir yolu da QHT-lərlə bağlı qərarlara yenidən baxılmasından keçir. Biz demokratik cəmiyyət qurmaq istəyiriksə, ictimai nəzarətin güclənməsini arzulayırıqsa, vətəndaş cəmiyyətinin inkişafını ləngidən, vətəndaş cəmiyyətini məhv edən qərarları ortadan qaldırmalıyıq”.

Müəllif: Anar Bayramoğlu