Zəngəzur dəhlizi tezliklə açılacaq? – Ərdoğandan açıq mesaj

Siyasət

04.08.2023 - 11:08

Həkimlər Klinikalar SEO Xidməti

Deputat: “Zəngəzur dəhlizi açılacaq. Ermənistan bunun qarşısını ala bilməyəcək”

Politoloq: “Ərdoğan dünyaya mesaj verir ki, sona qədər Azərbaycanın yanındadır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib ki, Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə olunduğu görüşdə Ərdoğan qarşılıqlı ticarət həcmini 15 milyard dollara çatdırmaq üçün səylərin davam etdirilməsinin vacibliyini qeyd edib. Transxəzər və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə toxunan Türkiyə lideri bu yollardan daha səmərəli istifadə olunmasına dair mövqeyini bölüşüb.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan Zəngəzur nəqliyyat dəhlizinin açılması, kommunikasiyaların bərpası, Qarabağın erməni əhalisinin reinteqrasiyası, sülh sazişinin imzalanması əsas müzakirə mövzularından biridir. Ermənistanın Baş naziri Nikol Paşinyanın bu kontekstdə açıqlamaları, bir tərəfdən sülh sazişinin imzalanmasının vacibliyindən bəhs etməsi, digər tərəfdən isə Azərbaycanın və Ermənistanın buna hazır olmadığına dair ziddiyyətli açıqlamaları sülhyaratma prosesini tormozlamağa xidmət edir. Digər yandan maraqlı xarici dairələrin də bu prosesə mane olduğu, Azərbaycanla Ermənistan arasında münaqişəni süni yollarla uzatmağa səy göstərdiyi də də heç kimə sirr deyil.

YAP-çı deputat Məşhur Məmmədov AYNA-ya açıqlamasında deyib ki, Zəngəzur dəhlizinin açılması yubansa da, Ermənistan rəhbərliyi bunun qarşısını ala bilməyəcək: “Azərbaycan regiona sabitliyin gəlməsindən yanadır və bununla bağlı mövqeyini dəfələrlə bəyan edib. 44 günlük Vətən müharibəsindən öncə də cənab Prezident İlham Əliyev Ermənistanın rəhbərliyinə müraciət edir, onları işğal altında saxldıqları torpaqlarmızı azad etməyə çağırırdı. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi bu çağırışlara məhəl qoymadı. Onlar ümid edirdilər ki, 30 illik işğala göz yuman beynəlxalq birlik onlara dəstək verəcək və bu dəstəklə də mənfur işğalçılıq siyasətini davam etdirəcəklər”.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi. Bununla da Qarabağ münaqişəsi tarixə qovuşdu. Cənab Prezident İlham Əliyevin fərmanları ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bunun bariz nümunəsidir. Ermənistan rəhbərliyi və xarici havadarları bu gün də münaqişənin ömrünü süni yollarla uzatmağa çalışırlar. Lakin Azərbaycan qəti mövqeyi və israrı ortadadır. Bu məsələdə heç bir güzəşt olmayacaq”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında münasibətlər tarixin ən yüksək səviyyəsinə çatıb: “Heç şübhəsiz, burada Azərbaycan və Türkiyə prezidentlərinin xidmətləri xüsusi qeyd olunmalıdır. 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycana fəal dəstək verdi. Tarixi qələbənin əldə olunmasında qardaş dövlətin dəstəyi danılmazdır. Cənab Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin dərhal açılması və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinə dair açıqlaması qardaş Türkiyənin də Azərbaycana hərtərəfli dəstəyinin təzahürüdür”.

“Eləcə də türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi, Azərbaycanla Türkiyə arasında iqtisadi münasibətlərin yüksəlməsi, ticarət dövriyyəsinin artması münasibətlərin parlaq gələcəyindən xəbər verir. Cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən söylədiyi fikirlər, habelə qarşılıqlı ticarət həcmini 15 milyard dollara çatdırmaq üçün səylərin davam etdirilməsinin vacibliyi barədə mövqeyi aydın şəkildə deməyə əsas verir ki, qarşıdakı dövrdə münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksələcək”, – deyə Məmmədov fikrini tamamlayıb.

Politoloq İlqar Vəlizadə də AYNA-ya şərhində söyləyib ki, Ərdoğan Türkiyə-Azərbaycan birliyinin sarsılmaz olduğunu göstərmək üçün yetərincə aydın mesajlar verir: “Zəngəzur dəhlizi məsələsində Türkiyə ölkəmizə tam dəstək nümayiş etdirməklə yanaşı, dünya birliyinə də mühüm mesajlar verir. Mesajın mahiyyəti ondan ibarətdir ki, Türkiyə Zəngəzur dəhlinin açılmasında israrlıdır və bu məsələdə də sona qədər Azərbaycanın yanında olacaq”.

“Çin, İran, Azərbaycan, Türkiyə və Avropanı birləşdirəcək bu nəqliyyat dəhlizi geosiyasi əhəmiyyətə malikdir. Türkiyə Prezidentinin son açıqlaması strateji əhəmiyyət kəsb edir və hesab edirəm ki, Ermənistan rəhbərliyi və havadarları üçün ciddi xəbərdarlıq kimi qiymətləndirilməlidir. Rəsmi Bakının israrı fonunda Türkiyə liderinin də analoji mövqeyi rəsmi İrəvana ciddi mesajdır”, - deyə müsahibimiz vurğulayıb.

Azərbaycanla Türkiyə arasında münasibətlərin dərinləşməsindən danışan Vəlizadə qeyd edib ki, qarşılıqlı əlaqələr Şuşa Bəyannaməsi ilə rəsmiləşib: “Hesab edirəm ki, münasibətlərin gələcəyi parlaqdır və əlaqələr getdikcə daha da inkişaf edəcək. Bu, özünü həm siyasi, həm iqtisadi münasibətlərdə göstərəcək. Yaxın zamanlarda qarşılıqlı ticarət dövriyyəsinin artacağı da qaçılmazdır”.

Müəllif: Azər Niftiyev