Zəncirini qırmış Moskvadan yeni hədə - Tbilisiyə bir cüt qanadlı raket zərbəsi

Dünya

21.03.2022 - 15:32

Vaxtanq Maisaya: “Kreml bütün tarazlığı itirib və Ukraynada yaşadığı hərbi-siyasi məğlubiyyətin əvəzini Gürcüstanı geri qaytarmaqla çıxmaq istəyir”

Əgər Gürcüstan Rusiya müfəttişlərini öz ərazisində yerləşən Amerika bioloji laboratoriyalarına buraxmaqdan imtina edərsə, o zaman Rusiyanın onlara raket hücumu həyata keçirməyə tam hüququ var. Bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov deyib.

“Gürcüstana birbaşa xəbərdarlıq edilməlidir: biz müfəttişlərimizin bu obyektlərə buraxılmasını tələb edirik və bundan imtina etsələr, o zaman deməliyik ki, biz sadəcə olaraq bu laboratoriyaları məhv edəcəyik, onlara zərbələr endirəcəyik. Ukraynada əməliyyat apardığımız bir şəraitdə Gürcüstana qarşı bir cüt qanadlı raket o qədər xırda iş olacaq ki, dünyada heç kim bunu hiss etməyəcək. Qərb, təbii ki, həmişə olduğu kimi, qışqıracaq. Yaxşı, niyə qışqırsın? Rusiyaya qarşı yönəlmiş biolaboratoriyalar niyə yaradılır? Onları yaratmağa ehtiyac yoxdur”, - deyə Aleksandrov “Regnum”a açıqlamasında bildirib.

Martın 6-da Rusiya Federasiyasının Müdafiə Nazirliyi bioloji silahların guya Ukraynada yaradıldığına dair sənədlər dərc edib. İdarənin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlama ki, fevralın 24-də Poltava və Xarkov laboratoriyalarında vəba, qarayara, tulyaremiya və digər ölümcül xəstəliklərin patogenləri təcili şəkildə məhv edilib.

Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin məzunlarının icması “Facebook”da bir sıra Rusiyanın kremlyönlü media qurumlarından “dezinformasiya və nifrətə əsaslanan yalan təbliğatı” dayandırmağı tələb edən yazı yayıb.

“Exo Kavkaza” xəbər verir ki, bunun fonunda Rusiya mediası Tbilisidəki Luqar laboratoriyasına qarşı dezinformasiya kampaniyasını bərpa edib. Məqalələrdə xüsusilə, 2007-ci ildən tüğyan edən Afrika “donuz qripi”nin Gürcüstanda laboratoriyada yetişdirildiyi bildirilir. Bu barədə martın 7-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Tbilisidə Riçard Luqar adına laboratoriya açılandan bəri Rusiya mətbuatında mərkəzdə kimyəvi və ya bioloji silahların, eləcə də təhlükəli virusların ştamlarının yaradılması ilə bağlı şayiələr fəal şəkildə yayılır. Eyni ittihamları Rusiya rəsmiləri də səsləndirirlər. 2018-ci ilin sonunda Gürcüstan Səhiyyə Nazirliyinin dəvəti ilə dünyanın 17 ölkəsindən mütəxəssislər laboratoriyada olublar. Sonda qeyd olunub ki, mərkəz sırf dinc məqsədlərlə fəaliyyət göstərir.

2020-ci ildə özünü “Cənubi Osetiya Respublikası” elan edən qondarma qurumun “DTK”-sı bildirdi ki, saxladıqları Gürcüstan vətəndaşı Tbilisi Luqar laboratoriyası üçün yarasa axtarırmış. Daha sonra Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze belə bəyanatların yalan və təxribat olduğunu bildirib.

"Tiflisə bir cüt qanadlı raket" - MDBMİ eksperti belə deyir. Bu, nə ritorikadır? Başqa bir müharibəyə çağırışdırmı? Bəs niyə min dəfə təkzib edilən “dəhşətli bioeksperimentlər” versiyası yenidən gündəmə gətirilir? Yəni Moskvada kimsə Gürcüstanı qorxutmalıdır? Əks halda bütün bunlar nə deməkdir?

Baş verənləri AYNA-ya gürcüstanlı politoloq, siyasi-hərbi elmlər doktoru, professor Vaxtanq Maisaya şərh edib:

“Bu mövzu indi moskvayönümlü mediada informasiya və psixoloji təzyiq məqsədi ilə müzakirə olunur. Bu, psixoloji müharibənin və Gürcüstan üçün faktiki hərbi təhlükənin davamıdır. Çünki bu MDBMİ-dən olan parabeyin, əslində Rusiya Xarici İşlər Nazirliyinin mövqeyini ifadə edib. Axı onun işlədiyi mərkəz Rusiya Xarici İşlər Nazirliyinin tərkibindədir və bütün bu kimi materiallar və araşdırmalar Lavrov və onların Təhlükəsizlik Şurasının nümayəndələri tərəfindən düzəldilir.

Ona görə də mən hesab edirəm ki, burada ölkəmizə qarşı təhdidlə qarşı-qarşıyayıq. Yəni, Avropanın ortasında əsl humanitar fəlakət yaradan, uşaqları, qocaları, qadınları qətlə yetirən rus işğalçı qüvvələri təbii ki, daha da irəli getməyə qadirdir. Düşünürəm ki, onlar Ukraynada bioloji silah istehsalı ilə bağlı “faktları” əldə edə bilməyiblər və indi bu hadisələrdən hansısa yolla Gürcüstana qarşı istifadə etmək istəyirlər. Mən bunların hamısını cəfəngiyat adlandırardım.

Bu yaxınlarda Qroznıda Kadırov ilə Patruşev arasında Çeçenistanı Gürcüstanla birləşdirəcək yolun tikintisi məsələsini müzakirə edən görüş keçirilib, bundan sonra Patruşev Ukrayna və Gürcüstanda bəzi mifik bioloji laboratoriyaların olduğunu bildirib.

Buradan artıq aydın olur ki, Kreml bütün tarazlığı itirib və indi Ukraynada yaşadığı uğursuzluqlar və hərbi-siyasi məğlubiyyətlər kontekstində hansısa yolla Gürcüstanı geri qaytarmaq istəyir. Yəni, gürcü hakimiyyəti və ictimaiyyəti indi son dərəcə ayıq olmalıdır ki, zəncirini qırmış Kreml burada hər hansı təxribat törətməsin”.

Müəllif: Rauf Orucov