“Zelenski dəfələrlə Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyi xahiş edib”
“Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə Rusiyanın genişmiqyaslı işğalı ərəfəsində tərəfdaşlarından Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyi xahiş edib. Lakin onlar Kiyevin müraciətini “eşitmək istəməyiblər””. AYNA UNİAN-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov ABŞ Prezidenti Co Baydenin Zelenskinin Rusiyanın hücumu təhlükəsi ilə bağlı xəbərdarlığı “eşitmək istəmədiyi” sözlərini şərh edərkən deyib.
Nikiforovun sözlərinə görə, o vaxt Prezident Zelenskinin Baydenlə üç-dörd telefon danışığı olub: “Liderlər Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Ona görə də yəqin ki, “eşitmək istəmədi” ifadəsinə aydınlıq gətirilməlidir. Bundan əlavə, xatırlayırsınızsa, Ukrayna Prezidenti Rusiyanı qoşunlarını geri çəkməyə və hərbi əməliyyatları dayandırmağa təşviq etmək üçün tərəfdaşları qabaqlayıcı sanksiyalar paketi tətbiq etməyə çağırmışdı. Və burada artıq deyə bilərik ki, tərəfdaşlarımız bizi eşitmək istəməyiblər”.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden açıqlamasında deyib ki, Rusiyanın hücum edəcəyi barədə Ukrayna Prezidentini məlumatlandırıblar, amma Zelenski bunu “eşitməyib”.