Prezident: “Bu məhdudiyyətlər yalnız hərbi vəziyyət başa çatdıqdan sonra aradan qaldırıla bilər”
Ukrayna Prezidenti Volodimir Zelenski 18 yaşdan 60 yaşa qədər kişilərin ölkədən çıxışına qoyulan qadağanın ləğv edilməsi və könüllülərin səfərbərliyi zamanı hərbi xidmətə çağırış prioritetinin tətbiqi barədə müraciətlərə rəsmi cavab verib. AYNA UNİAN-a istinadən bildirir ki, Prezident artıq Baş nazir Denis Şmıqala qaldırılan məsələlərlə məşğul olmağı tapşırıb.
Qeyd edək ki, dövlət başçısının saytındakı petisiyanı 27 mindən çox şəxs imzalayıb. Ukrayna Prezidentinə müraciət müəllifləri hesab edir ki, səfərbərlik zamanı könüllülərə üstünlük verilsin, qalanlar üçün isə ölkədən çıxışa imkan verilsin.
Zelenski həm petisiyanın yaradıcısına, həm də ona səs verənlərə təşəkkür edib. Prezident qeyd edib ki, bu, hakimiyyətlə cəmiyyət arasında qarşılıqlı fəaliyyət variantlarından biridir.
"Ukraynalılar, həqiqətən də, Ukrayna Konstitusiyasına görə, onun sərhədlərini sərbəst tərk edə bilərlər. Amma indi ölkədə hərbi vəziyyət tətbiq edilib ki, bu hal qanunda istisnadır. Bu məhdudiyyətlər yalnız hərbi vəziyyət başa çatdıqdan sonra aradan qaldırıla bilər”, - Prezident vurğulayıb.