Yumşaq təzyiq və nəticə: növbədə sərhəd və gömrük postunun qoyulmasıdır

Aktual

23.01.2023 - 18:06

İlham İsmayıl: “İndi diplomatik imkan tükənməyib, amma belə gedərsə, yumşaq təzyiqdən sərt formaya keçilə bilər”

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində etiraz aksiyası 43 gündür davam edir. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına “Yox!” deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Üzərində rus və ingilis dillərində “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar yazılmış plakatlar qaldırırlar.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Erməni separatçıları və Ermənistan aksiya nəticəsində Xankəndidə yaşayan ermənilərin guya blokadada qaldığını, humanitar böhran yaradıldığını iddia edirlər. Ermənilər bütün beynəlxalq platformalarda Azərbaycanı humanitar böhran yaratmaqda ittiham edir. Lakin Laçın yolu faktiki olaraq humanitar məqsədlər üçün açıqdır. Gün ərzində Rusiya sülhməramlılarının onlarla avtomobili, eləcə də, Beynəxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri Laçın yolundan Xankəndi və əks istiqamətə hərəkət edir.

Etirazçıların tələblərinin yerinə yetirilməməsi aksiyanın müddətinin artmasına gətirib çıxarıb. Aksiyaçılar bu tələblərin yerinə yetirilməyənədək etirazlarını bildirəcəklərini açıqlayıblar. Tələblər isə Rusiya sülhməramlıları tərəfindən hələ ki, yerinə yetirilmir. Etirazların nə qədər davam edəcəyi sualı isə aktual olaraq qalır.

Məsələ ilə bağlı fikirlərini AYNA ilə bölüşən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, ekofəalların aksiyası artıq nəticədir. Onun sözlərinə görə, bu, bir növ Azərbaycanın yumşaq təzyiqi deməkdir:

- Azərbaycandan bununla qarşı tərəfə ciddi mesajlar verilir. Təbii ki, burada qarşı tərəf tək deyil: həm Ermənistan, həm Qarabağdakı separatçılar, həm Rusiya sülhməramlıları, həm də dolayısı ilə İrandır. Hesab edirəm ki, aksiyanın uzun müddət davam etməsi Azərbaycanın xeyirinədir. Təbii ki, hər bir işin sonu var və nəticə olmalıdır. Rusiya XİN başçısı Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar apardığını açıqladı. Onun dediklərindən belə məlum oldu ki, bəzi məsələlərdə razılıqlar əldə edilib. Lavrov bildirdi ki, oradan silahların keçirilməsi haqqında Rusiyaya məlumatlar daxil olub. Demək ki, Azərbaycan bunun qarşısının alınmasını qəti tələb edib.

Ümumiyyətlə, aksiyanın əsas hədəfi ərazilərimizdən qanunsuz yolla əldə edilən sərvətlərin oradan çıxarılmasının və oraya qanunsuz yüklərin gətirilməsinin qarşısının alınmasıdır. Qanunsuz yüklərin çıxarılması dedikdə təbii sərvətlərimiz nəzərdə tutulur, qanunsuz yüklərin daxil olması isə silahların, hərbi texnikanın gətirilməsidir. Eyni zamanda, Qarabağa qeyri-qanuni şəkildə canlı qüvvənin gətirilməsini də Azərbaycan yolverilməz sayır. Təəssüf ki, Rusiya sülhməramlıları gəldikləri gündən bu qanunsuzluğun qarşısını almayıblar.

- Dediniz ki, hər bir işin sonu olmalıdır. Aksiyaların sonu necə olacaq?

- Bizim əsas tələblərimiz yerinə yetirilməlidir. Söhbət orada nəzarətimizə imkan verilməsindən gedir. Təsəvvür edək ki, bizim nazirliklərin nümayəndələri Ağdərəyə aparılır, təbii sərcətlər talanan yerdə monitorinq keçirirlər, çəkiliş aparırlar, sərvətlərin talanması faktını sübut edirlər. Bundan sonra da ekoloji terror haqqında dünyaya çağırış edilir. İnanmıram ki, bununla bizim məsələmiz həll olunsun. Bununla qanunsuz yükdaşımaların qarşısı alına bilməz. Bu, sadəcə bir şərtin həyata keçməsidir, strateji əhəmiyyətli deyil. Strateji məsələ odur ki, sülhməramlılarla birlikdə Azərbaycan yola, keçidə nəzarət etsin. Orada Azərbaycanın gömrük postu olmalıdır, sərhəd nəzarət məntəqəsi yaradılmalıdır.

- Sərhəd buraxılış məntəqəsinin yaradılmasına nə mane olur?

- Bu, bəllidir, Rusiya mane olur. Rusiya heç bir halda istəmir ki, bu yolda Azərbaycanın nəzarəti olsun. Çünki Rusiyanın bəzi yüklərin qeyri-qanunu şəkildə daşınmasında marağı var. Qarabağa silah daşınır, mina aparılır, İrandan təxribatçı qüvvələr sərbəst keçirlər – bunlara Rusiya sülhməramlıları bilərəkdən göz yumurlar. Rusiya Cənubi Qafqazda öz təsirlərini saxlamaq üçün münaqişənin bitməməsinin tərəfdarıdır. Düzdür, indiki məqamda Rusiya Qarabağda müharibə istəmir, amma münaqişənin bitməsini də istəmir. Çünki münaqişə Rusiyanın Azərbaycana və Ermənistana zaman-zaman təzyiq etmək alətidir. Ona görə də, düşünürəm ki, Rusiyaya təzyiq etməliyik.

- Söhbət hansı təzyiqdən gedir?

- İlk növbədə yumşaq təzyiqdən. Ekofəalların aksiyasını yumşaq təzyiq adlandırmaq olar.Bunun artıq bir çox nəticələri var. Diqqət edirsinizsə, Rusiya aksiya ilə bağlı 37 gün idi ki, susurdu. Nəhayət, Lavrov məsələ ilə bağlı açıqlama verdi, aksiyanın bitməli olduğunu söylədi. Eyni zamanda, Azərbaycanın rəyi öyrənilməlidir, şərtlər həyata keçməlidir. Moskvadakılar bunu yaxşı anlayırlar. Rusiya qarşısınıda Bakının diplomatik formada tələbləri qoyulmalıdır. Və xəbərdarlıq edilməlidir ki, tələblərimiz yerinə yetirilməyəcəksə, güc yolu ilə sərhəd-keçid məntəqəmizi quracağıq. Təbii ki, indi diplomatik imkan tükənməyib, amma belə gedərsə, yumşaq təzyiqdən sərt formaya keçilə bilər.

Müəllif: Anar Bayramoğlu