Yay Bakını “əridə” bilmədi: bu, nə izdihamdır belə?!

Cəmiyyət

11.07.2024 - 14:07

Həkimlər Klinikalar SEO Xidməti

Qabaqlar yay mövsümündə istirahətə çəkilən şəhər bu yay qaynayır

Yay mövsümü olmasına baxmayaraq, paytaxtda sıxlıq azalmır – həm insanlar, həm də avtomobillər baxımından. Əhalinin Bakıda toplaşması, şəhərdə sıxlığın olması çox zaman iqtisadi amillərlə, iş yerləri ilə, ali təhsil müəssisələrinin Bakıda cəmləşməsi ilə əlaqələndirilir. İndiki halda təhsil müəssisələrində tətil, iş yerlərində məzuniyyətlər, insanların istirahət bölgələrinə üz tutması amillərini nəzərə alarkən, sıxlığın davam etməsi diqqətçəkəndir.

Hələ də şəhərin mərkəzi hissələrində izdiham yaşanır, nəqliyyat vasitələrinin əlindən tərpənmək olmur. Səhər və axşamın pik saatlarında həm paytaxtın küçə və prospektlərində, həm də giriş-çıxışlarında saatlarla tıxac hökm sürür. Qabaqlar yay mövsümündə istirahətə çəkilən Bakı bu yay qaynayır.

Tələbə Vüqar Əhmədov AYNA ilə söhbətində deyib ki, birinci kursun imtahanlarını uğurla başa vursa da, tətildə valideynlərinin yanına, rayona gedib istirahət etməyi düşünmür: “Ona görə yox ki, mən yorulmamışam, istirahət etməyə ehtiyacım yoxdur. Məsələ ondadır ki, mənim işləməyə, yeni tədris ili üçün 5-10 manat pul qazanıb kənara qoymağa ehtiyacım var. Valideynlərim rayonda təsərrüfatla məşğul olurlar. Mən isə burada kirayədə qalıram. Dərslər başlayanda universitetə gedib-gəlməyim, vəsaitləri almağım, yeməyim üçün pula ehtiyacım var. Bunların isə hamısını valideynlərimin qarşılamağı çətin olacaq”.

“İyul-avqust aylarında marketdə kassir işləyəcəyəm. Dərslər başlayanda isə yarı gün olmaqla işləməyə davam etmək istəyirəm. Əks halda Bakıda yaşamaq mənim üçün daha çətin olacaq”, - deyə o bildirib.

Müsahibimizin sözlərinə görə, yayı Bakıda qalaraq işləyən tələbələrin sayı heç də az deyil: “Bu işi qrup yoldaşımla birlikdə tapmışıq. Onun ailəsi Bakıda yaşasa da, maddi çətinlikləri olduğuna görə o da yayda mənimlə birlikdə işləyəcək. Ümumiyyətlə, belə tələbə yoldaşlarım çoxdur. Yayı qış üçün pul qazanmağa fürsət bilirik. Tələbə olduğumuz üçün tədris ili başlayanda iş tapmağımız çətin olur. Ona görə indidən iş tapıb işləyirik ki, payıza doğru həm əlimizdə 3-5 manat xərclik olsun, həm də, bəlkə, dərslər başlayandan sonra müdriyyəti yarı gün işləməyə razı sala bildik”.

Mövzu ilə bağlı AYNA-ya danışan sosioloq Əhməd Qəşəmoğlu vəziyyətin aktuallığını təsdiqləyib: “Artıq xeyli müddətdir müstəqil dövlət olsaq da, çox təəssüf ki, bizdə hələ istirahət vərdişləri, istirahət mədəniyyəti arzu olunan qədər formalaşmayıb. Amma bu məsələdə günah camaatda deyil. Dərhal camaatı günahkar çıxarmaq, “bizim camaat pisdir, ona görə formalaşmayıb” demək doğru deyil. Bu mədəniyyətin formalaşması üçün müəyyən işlər aparılmalıdır - nazirliklər tərəfindən, mətbuat tərəfindən... Ümumiyyətlə, bu istiqamətdə bir siyasət olmalıdır. Dövlətin sosial siyasətində bu, öz əksini tapmalıdır. Başqa ölkələrdə, lap İranın özündə də ölkəyə səfər edəndə baxırsan ki, camaat istirahət günü dincəlir, harasa gedir. Bizdə isə bu sahədə hələ o vərdişlər yaranmayıb”.

“Əvvəla, bu sahədə ciddi təbliğat aparılmalıdır. Bununla yanaşı, həm də arzuolunan infrastruktur olmalıdır. Yoxsa “camaata istirahət etmək lazımdır” deməklə bu iş düzəlməz. Eyni zamanda camaatın istirahətə getməsi üçün xüsusi zonalar olmalıdır. O zonalarda istirahətə getmək çətin olmamalıdır. Orada insanlara xidmət arzuolunan şəkildə olmalıdır. Amma indi hansısa yeməkxanaya, restorana girirsən, oradakı işçilərin gözü parıldayır. Sanki əllərinə yeni bir insan düşüb, pul soymağa fürsət yaranıb. Yəni istirahət çox yüksək bir xərclə başa gəlir. Ona görə bu sahədə bizim xüsusi sosial siyasətimiz olmalıdır və onun ciddi şəkildə həyata keçməsi üçün işlər görülməlidir”, - deyə həmsöhbətimiz vurğulayıb.

Sosioloq əmindir ki, bu sahədə vəziyyət sovet dövründə də indikindən yaxşı olub: “Təbii ki, hər bir insanın da Konstitusiyamızla istirahət etmək hüququ var və bu hüququndan istifadə etməlidir. Mənim uşaq vaxtım sovet dövrünün qızğın vaxtlarına düşüb. Onda yay vaxtı məktəblilərin çoxu pioner istirahət düşərgələrinə gedirdi. İnsanların əksəriyyətinə istirahət etmək üçün “putyovka”lar verilirdi. İndi bu, çətin məsələdir. Gərək bunun üçün hansısa tanışın olsun, ya da kiməsə əlavə pul ödəyəsən. Ona görə biz yay olmasına baxmayaraq, Bakıda hələ də sıxlıq müşahidə edirik. Çünki insanların əksəriyyətinin şəhərdən çıxıb istirahətə getmək üçün iqtisadi imkanı yoxdur”.

İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı AYNA-ya şərhində söyləyib ki, regionlardan Bakıya üz tutan insanların sayının həddindən artıq çox olması və getdikcə artması şəhərdə olan sıxlığın ən başlıca səbəbidir: “Təbii olaraq burada ali təhsil müəssisələrinin, dövlət müəssisələrinin xüsusi çəkisi var. Orta məktəblərin fəaliyyət göstərdiyi aylarda sıxlıq daha çox olur. Amma hazırda orta və ali təhsil müəssisələrində dərslərin dayanmasına rəğmən, şəhərdə olan sıxlıq bir daha onu təsdiq edir ki, təkcə səbəb onlar deyil. Səbəb ümumilikdə regionlardan paytaxta olan axından qaynaqlanır. Bunun da qarşısının alınması üçün yeganə yol regionlarda dayanıqlı məşğulluğu təmin etməkdir”.

“Yeni açılan iş yerləri bir il sonra və yaxud da bir neçə ay sonra fəaliyyətini dayandırarsa, bu, dayanıqsız hesab edilir və effektiv olmur. Dövlət Statistika Komitəsinin son açıqlamalarından da görüldüyü kimi, ölkədə açılan hər beş iş yerindən dördü Bakının payına düşür. Bu faktor regionlardan insanların iş üçün Bakıya gəlməsini sürətləndirir. Komitənin digər statistikasına görə, yeni açılan iş yerlərinin 80 faizdən çoxu Bakıdadır. Eyni zamanda, regionlarda biznes kreditlərinin xüsusi çəkisinin son dərəcə az olması faktoru var. Bu da qeyri-mütənasibliyin olmasından xəbər verir. Odur ki, prosesin daha dayanıqlı və geridönməz şəkildə idarə olunması üçün regionlarda kiçik və orta sahibkarlığın, xüsusilə kiçik, mikro və orta sahibkarlığın inkişafını dəstəkləyən xüsusi proqramın icrasına ehtiyac var”, - deyə mütəxəssis fikrini tamamlayıb.

Müəllif: Banu Çiçək

Pin up casino Pin-up casino giriş