Yataqxanada zəhərlənən tələbələrin adları məlum olub

Hadisə

21.11.2019 - 15:33

BDU-nun rektoru zəhərlənən tələbələrə baş çəkmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib

 

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmədən dünyasını dəyişən və xəstəxanaya yerləşdirilən tələbələrin kimliyi müəyyənləşib.

 

AYNA xəbər verir ki, vəfat edən tələbə - 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətovadır. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilənlər isə, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızıdır.

 

Onların vəziyyətlərinin ağır olduğu bildirilir. BDU-nun rektoru Elçin Babayev də zəhərlənən tələbələrə baş çəkmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib.

 

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə barədə Təcili Tibbi Yardıma müraciət bu gün saat 12:35-də daxil olub.

 

Həkimlər qeyd edilən ünvana çatdıqda otaqda huşsuz vəziyyətdə üç tələbə qızı aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin sözlərinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.

 

Zəhərlənməsi ehtimal edilən qızlardan biri dünyasını dəyişin, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Müəllif: Ayna.az