Qaydaları pozan xəstələr polis vasitəsilə evlərinə qaytarılıblar
Astara və Masallıda polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə koronavirus (COVID-19) infeksiyasına yoluxan daha 3 şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, Astara rayonunun Süparibağ kənd sakini N.Babayev və Pəlikeş kənd sakini V.Qüdrətov, Masallı rayonunun Mahmudavar kənd sakini B.Rəhimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.
Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar. Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi istiqamətində araşdırma aparılır.
Oğuzda da COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə, koronavirus testinin nəticəsi pozitiv olan Tariyel Əliyevə ev şəraitində müalicə təyin edilib, karantin rejiminin qaydaları ona izah olunub. Lakin o, qaydalara əməl etməyərək yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb. Polis əməkdaşları onun olduğu yeri müəyyən ediblər və həkim briqadasının da iştirakı ilə o yaşadığı ünvana geri qaytarılıb. T.Əliyev barəsində Oğuz Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.