Bu gecə Günəş tutulacaq

Xəbərlər

02.07.2019 - 09:45

Günəş tutulması ölkə ərazisində müşahidə edilməyəcək

 

İyul ayının  2-dən 3-nə keçən gecə 2019-cu ilin 2-ci Günəş tutulması hadisəsi müşahidə ediləcək. Bu barədə AYNA-ya Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. 


Bildirilib ki, tutulma tam tutulmadır. Bakı vaxtı ilə saat 20:55 də başlayıb, saat 01:50 də başa çatacaq. Tam tutulma saat 22:02-də başlayıb, 00:44 də bitəcək.

 

O da qeyd olunub ki, tutulma ölkə ərazisində müşahidə edilməyəcək. Cənubi Amerika Çili, Argentina, Sakit okeanın cənubunda tam tutulma müşahidə olunacaq.

 

Qeyd edək ki, Ayın Günəş diskinin qarşısını kəsməsinə və ya örtməsinə Günəş tutulması deyilir. Günəş tutulması qismən, tam və halqavari ola bilər. Hadisə Ay Yerlə Günəş arasında olduqda yəni, təzə Ay fazasında  baş verir. Amma hər təzə ay fazasında Günəş tutulması baş verməz. Bunun üçün təzə ay fazası Ay orbitinin düyünlərinə və ya ona yaxın yerlərə təsadüf etməlidir. Başqa sözlə, təzə ay fazasında Ay ekliptika müstəvisində və ya ondan kiçik bucaq məsafəsində olmalıdır.

 

Ay və Günəşin yerdən görünən bucaq diametrləri təxminən eyni olduqda Ay diski Günəş diskini təmamilə örtə bilir. Ay Günəş şüalarının qarşısını kəsir və yerə tərəf konus şəkilli kölgə düşür. Yer səthinin tam kölgə bölgəsində olan müşahidəçi üçün tam Günəş tutulması, yarım kölgə bölgəsindəki müşahidəçi üçün qismən Günəş tutulması baş verir. Ayın Günəş və Yerə nəzərən vəziyyətindən asılı olaraq Ay diski Günəş diskini tam örtə bilmir, bu zaman onun kənarında işıqlanmış kölgə görünür. Bu isə halqavarı Günəş tutulmasıdır.

Müəllif: Ayna.az