Ya anlaşma, ya toqquşma: hər kəs bu suala cavab axtarır ki...

Siyasət

28.01.2022 - 10:20

Mehman Əliyev: “Həm Qərb, həm də Rusiya Paşinyanı və onun partiyasını dəstəkləyir”

Çingiz Qənizadə: “Sarkisyan niyə bu qərarını Ermənistanda yox, xaricdən elan etdi?”

Ermənistanın hakim “Vətəndaş sazişi” partiyası prezidentliyə namizədini müəyyən edib. Partiya bu posta sabiq təhsil, elm, mədəniyyət və idman naziri, Baş nazir aparatının rəhbəri Araik Arutyunyanı irəli sürüb.

Qeyd edək ki, bu günlərdə Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib. O, istefasını daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib. Bildirib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb, Prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur.

Ermənistan Konstitusiyasının 142-ci maddəsinə əsasən, ölkənin Prezidenti istefa verdikdə bu barədə ərizəni parlamentə təqdim edir. İstefa qanunla müəyyən edilmiş qaydada dərc edildiyi andan qəbul edilmiş hesab olunur. Konstitusiyanın 144-cü maddəsinə görə, yeni Prezident seçilənə qədər Ermənistanın dövlət başçısının səlahiyyətlərini parlamentin spikeri icra edəcək.

Ermənistanda Prezidenti ölkə parlamenti seçir və hazırda ali qanunverici orqanda çoxluq Baş nazir Paşinyanın xeyrinədir. Bu səbəbdən “Vətəndaş sazişi”nin namizədi Araik Arutyunyanın seçkilərdə qalib gələcəyi şübhə doğurmur.

Bəzi iddialara görə, Sarkisyanın istefası təsadüfi deyil. Onun bu qərarından sonra Ermənistanda yenidən hakimiyyət dəyişikliyi uğrunda mübarizənin güclənəcəyi ehtimal olunur. Bəzi xarici qüvvələrin, xüsusən Moskvanın bu məsələdə maraqlı olduğu qeyd edilir.

44 günlük İkinci Qarabağ müharibəsində Ermənistanın biabırçı məğlubiyyətindən sonra Baş nazir Nikol Paşinyan istefa versə də, rəhbəri olduğu siyasi blok yenidən parlament çoxluğunu əldə edib. Rusiyameylli qüvvələr keçmiş Prezident Robert Köçəryanı iqtidara gətirmək üçün böyük səylər göstərsələr də, bu cəhdləri nəticəsiz qalıb. Bu səbəbdən Rusiyanın bu məqamda yenidən hərəkətə keçəcəyi gözlənilir.

Politoloq Mehman Əliyev AYNA-ya şərhində deyib ki, Ermənistanda hakimiyyət dəyişikliyi gözlənilmir: “Hazırda iqtidarda olan Nikol Paşinyan həm Qərbi, həm də Rusiyanı qane edir. Bir halda ki, Moskva istədiyini onun əli ilə edə bilir, niyə Paşinyanı devirməyə çalışsın ki?! Paşinyan üzərinə öhdəlik götürüb ki, sülh prosesini başa çatdıracaq, həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətləri bərpa edəcək. Amma bu öhdəliyi hələlik yerinə yetirməyib”.

“Məsələlərə elə baxmaq lazım deyil ki, kim Qərbin adamıdır, kim Rusiyanın. Geosiyasi müstəvidə yalnız maraqlar var. Paşinyan Rusiyanın mənafeyini qoruyur, onları təmin edir, demək, onunla işləmək olar. Məntiq bunu deyir. Əgər Moskva təkidlə Paşinyanı yola salmaq istəsəydi, buna nail olardı. Qazaxıstanda olduğu kimi, burada da öz niyyətini həyata keçirərdi. Buna heç şübühəniz olmasın. Deməli, istəməyib və hazırda da belə bir planı yoxdur”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Ermənistanda Prezident ciddi təsir rıçaqlarına malik deyil: “Bu ölkədə Prezident nəyi həll edir ki?! Son Konstitusiya dəyişikliyindən sonra Ermənistan parlament respublikasına keçid edib. Dövləti də hökumətin başçısı idarə edir. Bu mənada Armen Sarkisyanın istefası elə də ciddi siyasi hadisə deyil. Nəzər yetirsəniz, görərsiniz ki, onun özü də həm daxili, həm də xarici proseslərə təsir alətlərinin olmamasından şikayət edib. Məhz elə buna görə də, istefa verib”.

“Paşinyana gəldikdə, onun partiyası parlamentdə çoxluq təşkil edir. Yəqin ki, kimi namizəd irəli sürəcəklərsə, o da qalib gələcək. Yeni seçilən Prezident də ölkənin idarə olunmasında fəal iştirak etməyəcək. Bir növ formal rəhbər olacaq. Bir daha söyləmək istəyirəm ki, Ermənistanda hakimiyyət dəyişikliyi gözlənilmir. Bunda nə Qərbin marağı var, nə də Rusiyanın”, - deyə Əliyev vurğulayıb.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, sabiq deputat Çingiz Qənizadə isə AYNA-ya söyləyib ki, Sarkisyanın qəfil istefası və bunu xaricdən elan etməsi onun cəsarətsiz siyasətçi olduğunu deməyə əsas verir: “Hazırda əsas müzakirə mövzularından biri onun niyə bu qərarını məhz indiki məqamda verməsi ilə bağlıdır. Hər kəs bu suala cavab axtarır ki, Sarkisyan niyə bu qərarını Ermənistanda yox, xaricdən elan etdi. Onun arqumenti belədir ki, əlində təsir rıçaqları yoxdur və belə bir şəraitdə işləmək mənasızdır. Lakin o, Prezident seçkilərinə qatılanda bunu bilirdi. Digər yandan onun ikili vətəndaşlığı var və bunu Ermənistan rəsmiləri də bilirlər”.

“Görünür, artıq bu istiqamətdə araşdırmalara başlanılıb. Digər ehtimal ondan ibarətdir ki, Paşinyanla Sarkisyan arasında ya anlaşma, ya da ziddiyyətlər mövcuddur. Anlaşma onun Paşinyanın sülh sazişi ilə bağlı qərarlarına şərik olmamaq niyyəti ilə bağlı ola bilər. Yəqin ki, Sarkisyanın siyasətdən çəkilməsi ilə bağlı qaşılıqlı razılaşma əldə olunub”, - deyə həmsöhbətimiz qeyd edib.

Onun sözlərinə görə, Ermənistanda Prezident postu formal olsa da, bəzən ona ehtiyac yaranır: “Xüsusən bu, ordunun və güc strukturlarının fəaliyyəti ilə bağlıdır. Paşinyan artıq köhnə komandanın üzvlərini vəzifələrdən uzaqlaşdırır və orduda islahatlara başlayıb. Görünür, Prezident postunda da özünə yaxın şəxsin olmasını arzu edir”.

“Paşinyan, “meydançanı” təmizləsə də, Ermənistanda ciddi siyasi islahatların baş verəcəyi inandırıcı deyil. Burada yalnız marginal və merkantil siyasi maraqlardan söhbət gedə bilər. Paşinyanın məğlubiyyətə rəğmən, nöbəti dəfə etimad qazanması xalqın sülhdən yana olduğunu ortaya qoyur. Əgər o, yenidən xalqın dəstəyini almaq istəyirsə, Azərbaycanla sülh sazişi imzalamalı, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı qərar verməlidir. Əks təqdirdə yaxın müddət ərzində Ermənistanın daxilində ciddi etirazların başlayacağı və nəticədə onun hakimiyyəti itirəcəyi qaçılmaz olacaq”, - deyə Qənizadə fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev