“Şah dili” burnu istiqamətində sahildən yeddi kilometr məsafədə taxta qayıq aşkarlanıb
Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin olunması, Xəzər dənizində rejim qаydаlаrınа nəzarətin gücləndirilməsi və xilasetmə tədbirlərinin həyata keçirilməsi fəaliyyətləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən AYNA-ya verilən məlumata görə, sentyabrın 25-də saat 05:25 radələrində Fövqəladə Hallar Nazirliyinin böhran vəziyyətində idarəetmə mərkəzindən DSX Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Zirə istiqamətindən dənizə çıxmış və sahildən 10 kilometr məsafədə köməksiz vəziyyətdə qalmış qayığın üç nəfərlik heyətinin xilas edilməsi üçün müraciət edildiyi barədə məlumat daxil olub.
Qısa müddətdə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Xəzər dənizinin mərkəzi hissəsində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən “Şah dili” burnu istiqamətində sahildən təxminən yeddi kilometr məsafədə üç nəfər heyət üzvü olan taxta qayıq aşkarlanıb.
Üzmə vasitəsinin heyəti gəminin göyərtəsinə təxliyə olunub və həmin şəxslərə ilkin tibbi yardım göstərilib. Qayıq isə yedəyə alınaraq sahilə çıxarılıb. Xilas edilmiş şəxslərin Bakı şəhər sakinləri 1996-cı il təvəllüdlü Zeynalov Elnur Sürəddin oğlu, 1989-cu il təvəllüdlü Məhərrəmov Rəşid Fikrət oğlu və 1992-ci il təvəllüdlü Fətullayev Rüfət Rauf oğlu olmaları müəyyənləşdirilib.