Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
Bu gün 30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirakı ilə Zəngilanda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində panel müzakirə keçirilir.
AYNA xəbər verir ki, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən panel müzakirədə dünyanın müxtəlif ölkələrindəki nüfuzlu beyin mərkəzlərinin və akademik qurumların nümayəndələri iştirak edirlər.
İşğaldan azad edilmiş müxtəlif ərazilər üzrə xüsusi nümayəndələrin çıxışları ilə keçirilən ilk panel müzakirədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov salamlama nitqi ilə çıxış edib.
Sonra panel ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə öz işinə başlayıb.
Forum çərçivəsində panel müzakirələrdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış ediblər.
Tədbirdə, həmçinin Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov panel müzakirənin çıxışçısı qismində iştirak ediblər.
Müzakirələrdə xarici ekspertlərə Qarabağda aparılan bərpa və quruculuq işləri, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesində Azərbaycan modeli barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Panelin ikinci hissəsi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyevin moderatorluğu ilə baş tutub.