Xankəndidəki canilər qorxu içində: rəsmi Bakı cinayətkarların həbsi prosesini başladıb

Aktual

29.09.2023 - 18:27

Həkimlər Klinikalar SEO Xidməti

Deputat: “Azərbaycan dövlətinə qarşı cinayət törətmiş, azərbaycanlılara işgəncələr vermiş canilərə heç bir amnistiya tətbiq edilməyəcək”

Sentyabrın 27-də Qarabağdakı qondarma qurumun sabiq “dövlət naziri” Ruben Vardanyan Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin () məlumatında qeyd edilib ki, Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı DTX-də ibtidai istintaq aparılır.

Toplanılmış sübutlarla, hazırda Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilib ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olub, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak edib. Bundan başqa, o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirib.

Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DTX-nın bu gün yaydığı başqa bir məlumatda isə bildirilir ki, Ermənistan vətəndaşı, 1971-ci il təvəllüdlü Davit Azati Manukyan tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib. İttihama əsasən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisindən çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq, Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan ötən müddət ərzində Azərbaycan Respublikasının Qarabağ ərazisində cinayət əməllərini davam etdirərək qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” adı altında Azərbaycan Respublikasının ərazisində qanunsuz mütəşəkkil silahlı birləşmələrin fəaliyyətinin təşkilində və idarə edilməsində, silah-sursat, partlayıcı maddə və qurğularla təchiz edilməsində iştirak edib.

Eyni zamanda, o, həmin terrorçu dəstələr vasitəsilə Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, əmlakına ziyan vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlərlə müşayiət olunan terror aktlarının törədilməsinin təşkilində iştirak edib. Davit Manukyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bununla yanaşı, bu gün xunta rejiminin keçmiş “müdafiə naziri” Levon Mnatsakanyanın da Laçından Ermənistana keçmək istəyərkən saxlanıldığı barədə erməni mediasında məlumat yayılıb. Bildirilib ki, Mnatdakanyan Qarabağdan Ermənistana getmək üçün Laçında yerləşdirilən nəzarət-buraxılış məntəqəsindən keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Məlumatlar onu göstərir ki, Azərbaycan xuntanın “vəzifəliləri” olmuş və ölkəmizə qarşı cinayət törətmiş şəxslərin həbsi istiqamətində intensiv tədbirlərə start verib. Ekspertlər bildirirlər ki, canilərin hamısı həbs olunacaq və qanunlarımız qarşısında cavab verəcəklər.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin deputatı Rasim Musabəyov əvvəlcə R.vardanyanın həbsindən danışıb. Millət vəkili bildirib ki, Vardanyanın özü separatçılara yad insan idi:

- Bu adam qondarma rejim daxilində də, Qarabağda yaşayan erməni əhali arasında da dəstək qazanmamışdı. Onun Rusiyadan Qarabağa gəlişi, gəlişində məqsədi, yaxud göndərilməsində məqsəd, missiya haqqında çox danışılıb. Ona görə də məsələyə yenidən qayıtmaq istəmirəm.

Qısaca onu deyə bilərəm ki, Vardanyan gəlmişdi Qarabağa, separatizmi davam etdirmək niyyətində idi. Amma buna nə Azərbaycan imkan verdi, nə də ki, separatçılar. Ötən il düşünürdü ki, Araik Arutunyan “postunu” buna təhvil verəcək. Amma Araik bununla razılaşmadı. Onu Qarabağa göndərmiş ölkənin təzyiqi ilə nəhayət ki, “dövlət naziri” oldu, amma bu “vəzifədə” də uğur qazana bilmədi. Bir-iki aydan sonra “dövlət naziri postu”nu da itirdi.

Orada babayan, Balasanyan kimi Birinci Qarabağ müharibəsi iştirakçıları var ki, onlar da kənardan gələnləri qəbul etmirdilər. Vardanyanın “uğur” qazana bilməməsinin bir səbəbi də bu idi.

Bundan sonra fırıldaqçı milyarder qondarma quruma “müxaliflik” etməyə başladı. Yadınızdadırsa, Arutunyanı “istefa” verməyə səslədi. Daha sonra Araik “istefa” verdi, amma Vardanyanı yenə də separatçılar yaxına buraxmadılar. Proseslər elə gətirdi ki, Azərbaycan antiterror əməliyyatlarından sonra qondarma rejim özünü buraxdı. Daha Vardanyan üçün bir “vəzifə” də qalmayıb. Bundan sonra Vardanyan anladı ki, Qarabağdan getməyin vaxtıdır. Amma nəzərə almadı ki, Azərbaycan artıq Qarabağın tamamına nəzarət edir, törətdiyi cinayətlərə görə həbs olunacaq. Belə də oldu, yaxalandı, Bakıya gətirildi.

- Vaqif Xaçaturyanın həbsi niyə digər separatçılara dərs olmadı?

- Bəlkə də bilirdi həbs olunacağını, amma başqa çıxış yolu da yoxdur. Ola bilsin düşünüb ki, hansısa formada, gözdən yayınaraq sərhədi keçə biləcək. Amma Azərbaycan hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində qandallandı. Həbs olunub Bakıya gətirildiyi görüntülərinə baxın, sir-sifətindən “zəhər” yağır, yazıq gündə olduğu görünür. Amma təbii ki, Vardanyan cinayət törədib və cəzasını çəkəcək. Layiq olduğu cəzanı layiq olduğu formada tutulduğu kimi, layiq olduğu formada da çəkəcək. Ruben Xankəndiyə yeni gələndə Azərbaycana qarşı terrora səsləyirdi, böyük-böyük danışırdı. İndi isə kamera qarşısında başını donuz kimi əyib, yazıq görkəm alıb.

- Böyük-böyük danışmış digər cinayətkarlar var. Balasanyan, Qukasyan kimi digər separatçı cinayətkarları nə gözləyir?

- Bu gün iki daha cinayətkar ünsürün Laçın sərhəd-keçid məntəqəsində saxlanıldığı, Bakıya gətirildiyi barədə Ermənistan mediasında məlumatlar getdi. Əlbəttə, digər cinayətkarlar da yaxalanacaqlar. Ola bilsin ki, bəzi cinayətkarlar hansısa formada, görkəmini dəyişərək, saxta pasportla, saxta adla Ermənistana keçib. Amma sərhəddə ciddi yoxlanış var və Azərbaycan tərəfindən haqqında cinayət işi açılmış canilər qaçmaq istəsələr yaxalanacaqlar. Kimin ağlı işləyirsə, qondarma rejimin “xarici işlər naziri” olmuş David Babayan kimi gəlib könüllü təslim olacaq. O zaman həmin şəxslə bağlı hansısa yumşaq qərar verilə bilər. O da təbii ki, qatı cinayətkar deyilsə. Azərbaycan dövlətinə qarşı cinayət törətmiş, azərbaycanlılara işgəncələr vermiş canilərə heç bir amnistiya tətbiq edilməyəcək. Onlar cəzalarını alacaqlar və cəzalarını sonadək çəkəcəklər. Soyqırımı kimi cinayətlər törətmiş canilərə güzəşt ola bilməz.

- Vaxtilə qondarma qurumda “vəzifə” tutmuş şəxslərin təslim olduğu halda cəzaları nə olacaq?

- Bu barədə Azərbaycan hüquq-mühafizə orqanları lazımi qərar verəcəklər. İndi Babayan təslim olacağını bildirib, lap yaxşı. Yəqin ki, onun ətrafında istintaq aparılacaq, ifadələri alınacaq. Babayanın əməllərində insanlığa zidd addımlar, hərbi cinayətlər olmasa, onunla bağlı özünün künüllü gəlib təslim olması halı nəzərə alınacaq. Bütün hallarda isə Azərbaycan qanunları qarşısında cavab verəcəklər.

- İndicə DTX məlumat yaydı ki, Qarabağda törətdiyi terrorçuluğa görə Ermənistan vətəndaşı Davit Manukyan tutulub, onun haqqında həbs qərarı verilib. Demək ki, təkcə separatçılar yox, Ermənistan vətəndaşlarından da həbs edilənlər olacaq...

- Əlbəttə, olacaq. Azərbaycana qarşı cinayəti təkcə Qarabağdakı xunta rejiminin “rəhbərliyi” törətməyib. Terroru, soyqırımı separatçılarla yanaşı, Ermənistandan bölgəyə göndərilmiş şəxslər də törədiblər. Onların hamısı öz cəzalarını alacaqlar.

- Azərbaycan amnistiya verə biləcəyini rəsmi səviyyədə bəyan edib. Sizcə, bu akt kimlərə şamil olunacaq?

- Amnistiya aktı konkret maddələrə əsasən qəbul olunur. Elə deyil ki, Qarabağ ermənisidirsə, əfv olunacaq. Xeyr, belə deyil. Amnistiya dini, etnik mənsubiyyətə görə yox, konkret əməllər törətmiş, cəzalandırılmış şəxslərin islah olunma dərəcəsi ölçüləməklə verilir. Bu barədə hüquqşünaslar daha təfərrüatlı danışa bilərlər. Amma soyqırımı, hərbi cinayət törətmiş, terror aktları törətmiş şəxslər amnistiyaya düşmürlər.

Müəllif: Anar Bayramoğlu