Xankəndidə xüsusi hərbi əməliyyat təlaşı: nəticələr separatçılar üçün vahim olacaq

Aktual

26.07.2023 - 14:45

Həkimlər Klinikalar SEO Xidməti

Hərbi ekspert: “Hazırkı vəziyyət antiterror əməliyyatının keçirilməsini şərtləndirir”

Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında qalan erməni separatçılarının qanunsuz silahlı birləşmələri aktivləşiblər. Mütəmadi olaraq mövqelərə silah-sursat daşıyan qondarma rejimin silahlıları bunu sülhməramlıların gözü qarşısında həyata keçirirlər. Bu isə onu deməyə əsas verir ki, separatçıların silahlanmasında Rusiya maraqlıdır.

Ötən gün Rusiya sülhməramlılarının növbəti dəfə erməni separatçılarının qanunsuz fəaliyyətinə şərait yaratdığının sübutu olan video yayımlanıb. Belə ki, kadrlarda Rusiya sülhməramlı kontingentinin müşayiəti altında Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşındığı aydın görünür.

Ekspertlər hesab edirlər ki, son günlər Qarabağın dağlıq hissəsində baş verənlər onu göstərir ki, separatçılar növbəti təxribata hazırlıq görürlər.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran hərbi ekspert Elxan Şıxəliyev deyib ki, hazırda həssas dönəmdir:

- Xüsusilə, siyasi danışıqlarla hərbi əməliyyatlar arasında çox az məsafə var. Bakının gözləntiləri sülh sazişinin imzalanması, reinteqrasiya məsələlərinin həlli olsa da, qarşı tərəfdən müsbət addımlar atılmır. Bu isə xüsusi hərbi əməliyyatın keçirilməsi risklərini artırır, əməliyyata bir addım qalıb. Demək olar ki, hazırkı vəziyyət antiterror əməliyyatının keçirilməsini şərtləndirir. Prezident İlham Əliyevin separatçılara da, Ermənistana da xəbərdarlıqları var. Hər kəsə məlumdur ki, İrəvan sülh sazişini imzalamasa, separatçı silahlı dəstələr Qarabağdan çıxarılmasa, reinteqrasiya olmasa, xüsusi hərbi əməliyyat qaçılmaz olacaq. Bunu da Qarabağdakı separatçı tör-töküntü anlayır, başa düşür.

- Yəni silah-sursat daşımaqla Azərbaycanın gözlənilən xüsusi hərbi əməliyyatına cavab hazırlığı görürlər?

- Ermənilər bu daşımaları iki istiqamətdə həyata keçirirlər. Nəzərə almaq lazımdır ki, Qarabağdakı qeyri-qanuni dəstələr hərbiləşdirilmiş strukturdur. Onlar özlərinə “müdafiə ordusu” deyirlər və həmin “ordu” iki-üç həftədən bir şəxsi heyətin yerdəyişməsini həyata keçirirlər. Unutmaq olmaz ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidə qondarma rejimin “ordusu” var və onlar müəyyən mövqelərdə yerləşibdir. Bəzən ehtiyatda olan əsgərləri mövqelərə yerləşdirirlər, mövqelərdə olanları ehtiyata aparırlar. Yerdəyişmə zamanı onların təminatı da özləri ilə aparılır, yaxud gətirilir. Bu proses də Rusiya sülhməramlılarının müşayiəti ilə baş verir.

İkinci məsələ isə separatçı rejimin qeyri-qanuni silahlı dəstələrinin, “ordularının” tam hazırlıq vəziyyətinə keçməsidir. Dediyimiz kimi, onlar Bakıdan xüsusi hərbi əməliyyat mesajını alıblar. Azərbaycan Ordusu ilə üz-üzə olan separatçı rejimin silahlıları gücləndirilmiş rejimə keçirlər. Onlar ehtiyatlarını mövqelərə daşıyırlar. Onlar antiterror əməliyyatının keçiriləcəyi səksəkəsindədirlər.

- Belə çıxır ki, separatçı rejim Azərbaycan Ordusuna güc göstərmək niyyətindədir?

- Onsuz da onlar Azərbaycan Ordusuna güc göstərə bilməyəcəklər. Onların nə gücü var ki, güc də göstərsinlər. Sadəcə müqavimətlərini davam etdirmək niyyətini ortaya qoyublar. Görünən odur ki, bu separatçı ünsürlərə “sonadək müqavimət göstərin” tapşırığı gəlib və onlar da bu tapşırığa uyğun davranırlar. Amma onu da anlayırlar ki, Azərbaycan xüsusi hərbi əməliyyatla onları qısa zaman kəsiyində darmadağın edəcəklər.

Ümumiyyətlə, yolu bağlamaqla, Xankəndidə aksiyalar keçirməklə, “blokadada” olduqlarını deyib özləri özlərini blokada vəziyyətinə salmaqla Azərbaycanı təhrik edirlər ki, antiterror əməliyyatı tezləşsin.

- Kim təhrik edir?

- Təbii ki, Rusiya. Bu, sirr deyil. Separatçıların hərbi daşınması Rusiya sülhməramlılarının müşayiəti ilə həyata keçirilir. Ümumiyyətlə, Xankəndidə baş verənlər, separatçılarının addımlarının arxasında dayanan, bu ssenarini yazan Rusiyadır. Biz Rusiyanı, sülhməramlıları tanıyırıq. Birinci dəfə deyil ki, təəccüblənək. Əlbəttə, sülhməramlı kontingent bütün bu daşımaların qarşılığında maliyyə əldə edirlər. Eyni zamanda da, Moskvadan gələn təlimatları yerinə yetirmiş olurlar.

Bütün hallarda, separatçıları gücləndirmək, onlar üçün yeni mövqelərin hazırlanması, silah-sursatla təminat Azərbaycan Ordusunun əməliyyatı qarşısında onları sığortalamayacaq. Separatçılar ağıllarını başlarına yığmalı, inteqrasiyaya “hə” deməlidirlər. Əks təqdirdə, nəticələr separatçılar üçün çox vahim olacaq.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş