ÜST rəhbəri: “Havanın çirklənməsi hər il 7 milyon insanın ölümünə səbəb olur”

Aktual

13.11.2024 - 17:58

Həkimlər Klinikalar SEO Xidməti

“İqlimlə bağlı fəaliyyət sağlamlıq üçün sosial-iqtisadi faydalar təmin edir”

“Bir çoxunuz mənim dediyimi eşitmisiniz ki, iqlim böhranı həm də sağlamlıq böhranıdır. Hamı məni eşidənə qədər bunu deməyə davam edəcəyəm”. AYNA xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda keçirilən COP29-un panel iclasında deyib.

Qebreyesus bildirib ki, yalnız iqlim dəyişikliyinə görə deyil, həm də iqlimin insan sağlamlığına təsirinə görə COP29-da iştirak edir.

Baş direktorun sözlərinə görə, temperaturun yüksəlməsi ürək-damar xəstəliklərinə və yoluxucu xəstəliklərin yayılmasına səbəb olur: “Havanın çirklənməsi hər il 7 milyon insanın ölümünə səbəb olur. İqlim dəyişikliyi həm də uşaqların ana bətnində və erkən uşaqlıq dövründə inkişafına zərər verən qida çatışmazlığına gətirib çıxarır”.

ÜST-nin baş direktoru qeyd edib ki, insan sağlamlığı iqlim fəaliyyətinin lehinə ən tutarlı arqumentdir: “İqlimlə bağlı fəaliyyət sağlamlıq üçün sosial-iqtisadi faydalar təmin edir. Məsələn, qalıq yanacaqlardan uzaqlaşmaq havanın keyfiyyətini yaxşılaşdıracaq. Bu, həmçinin hər il 7 milyon insanın ölümünə səbəb olan xəstəlikləri azaldacaq”.

Müəllif: Ayna.az