Uşaqlığın son səhəri...

Arif Əliyev

17.12.2019 - 18:17

“Azərbaycan jurnalistikasının vicdanı” Nəcəf Nəcəfovun xatirəsinə

 

Nəcəflə münasibətlərimizi, bilmirəm, necə adlandırım – qəribəmi, həssasmı… On üç illik tanışlığımız müddətində biz “Molodyojka”da da  bir yerdə işləmişik, qəzetdən gedəndə də bir yerdə getmişik. “Azadlıq” yarananda da bir olmuşuq, “Turan” yarananda da. 20 Yanvar gecəsində yanaşı dayanmışıq, dövlət işində qoşa çalışmışıq, sonralar açmaq istədiyimiz qəzetin planını birgə işləmişik. Səfərlərdə də çox olmuşuq, bir-birimizin evində də. Mitinqlərdə, redaksiyalarda da dəfələrlə səhəri bir yerdə açmışıq, dost məclislərində də.

 

Amma həmişə bir-birimizə “Siz” deyə müraciət etmişik. Bizim münasibətlərimizi bilənlər çox vaxt bu müraciəti eşidəndə təəccüblərini gizlədə bilmir, bəzən açıq, bəzənsə xəlvət soruşurdular: “Siz hələ də rəsmiyyəti aşmamısınız?”. Əlbəttə ki, bu, rəsmiyyət deyildi, nə isə başqa bir hissin təzahürü idi ki, onu ifadə etməkdə indi həmişəkindən daha çox çətinlik çəkirəm. Necə ki, bu yazını yazmaqda, söyləmək istədiyim fikirləri ifadə etməkdə böyük çətinlik çəkirəm. Ona görə bu kiçicik hekayətdə sonsuzluq bildirən nöqtələrdən çox istifadə etdiyimə görə bəri başdan oxucudan üzr istəyirəm.

 

… Nəcəf Nəcəfov Milli Məclisin tribunasının yanında dayanmışdı. Səsi gur çıxsa da, çox əsəbi olduğu görünürdü: “Üzr istəyirəm, bu kişi yalan danışır”.

 

Tribunadan ikiəlli yapışıb çıxış eyləyən “kişi” – Azərbaycan Kommunist Partiyasının ozamankı birinci katibi Əbdürrəhman Vəzirov isə Nəcəf Nəcəfovu mikrofondan aralamağa çalışır və bağırırdı: “Prokuror, prokuror, uçest eto”…

Arif Əliyev