“Üçtərəfli görüşdə kifayət qədər ciddi qərarlar açıqlana bilər”

Siyasət

10.11.2021 - 13:21

Vitali Arkov: “Qərbdən olan tərəfdaşları Ermənistanı qisas almağa çağırırdılar”

Mixail Neykmakov: “Hazırda əsas hədəf nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasıdır”

Kreml bu həftə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün keçirilməsi planını təsdiqləyib. “Bəli, doğrudan da, belə bir görüş videokonfrans formatında hazırlanır”, - deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a bildirib.

Bundan əvvəl “Rossiya-1” telekanalı xəbər vermişdi ki, bu həftə üç ölkə liderinin iştirakı ilə Qarabağ üzrə Üçtərəfli Bəyanatın imzalanmasının ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi istisna edilmir.

Bu arada, oktyabrın 22-də “Aliq Media” Ermənistan və Azərbaycanın noyabrın 9-da Moskvada iki yeni sənəd imzalayacağı barədə məlumat yaymışdı. Ertəsi gün “RİA Novosti” də öz mənbələrinə istinadən liderlərin Moskvada mümkün görüşü barədə yazmışdı. Qeyd olunmuşdu ki, noyabrın birinci ongünlüyündə Moskvada Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü baş tuta bilər.

Yayılan məlumatlara görə, danışıqlardan sonra üçtərəfli bəyanatın imzalanması gözlənilir. Sənədlərdən biri Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası, digəri isə regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı olacaq.

Lakin Ermənistan Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edib, Azərbaycan tərəfi isə açıqlama verməyib. Baxmayaraq ki, Peskov görüş barədə xəbəri təsdiqlədi.

Əsas məsələ budur ki, dövlət başçılarının bu üçtərəfli söhbəti əslində nəyə həsr olunacaq? Açığı, bunun Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların başa çatmasının və Rusiya qoşunlarının Qarabağa daxil olmasının ildönümünə təsadüf etməsi səbəbsiz deyil. Uzun müddətdir davam edən bu münaqişənin yekun həlli kontekstində Putin, Əliyev və Paşinyanın real istəkləri nədən ibarətdir? Axı, tam bir il keçdi və hələ də praktiki baxımdan xüsusi bir nəticə əldə edilməyib - sülh sazişi imzalanmayıb, ölkələr arasında yollar açılmayıb, sərhədlər müəyyən edilməyib.

Qarabağın Rusiya ordusunun nəzarətində olan hissəsi ilə yanaşı, Laçın dəhlizinə girişə nəzarət problemi də çoxlu suallar doğurur. Qarşıdan gələn görüşdən əsaslı bir şey gözləyə bilərikmi?

AYNA-nın suallarını tanınmış rusiyalı ekspertlər cavablandırıblar.

“PolitRUS” ekspert və analitik şəbəkənin yaradıcısı, politoloq Vitali Arkov:

“Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında onlayn danışıqlar, bir tərəfdən, simvolik olaraq, İkinci Qarabağ müharibəsini bitirən, 10 noyabr 2020-ci il tarixində Kremlin təşəbbüsü ilə imzalanan üçtərəfli bəyanatın ildönümünə təsadüf edir. Digər tərəfdən, bu, əvvəllər əldə edilmiş razılaşmaları dəqiqləşdirən və inkişaf etdirən yeni sənədlərin imzalanması zərurəti ilə bağlıdır.

Danışıqlar ərəfəsində Nikol Paşiyan İrəvanın Bakı qarşısında qaldırdığı və onun sözlərinə görə, ötənilki fundamental sənədin həyata keçirilməsi prosesinə mane olan bir sıra məsələləri açıqlayıb. Bəzi məqamların həqiqətən də müzakirə üçün əsasları var, baxmayaraq ki, Paşinyan üçün adi praktikada olduğu kimi, onlar problemin əsl mahiyyətini xeyli təhrif edən formada təqdim olunur. “İddiaların” əsas hissəsinin Paşinyan üçün heç bir əsası yoxdur, sadəcə olaraq, prosesi uzatmaq və İrəvana haqq qazandırmaq cəhdləridir. Paşinyanın özü də əvvəlki öhdəliklərini yerinə yetirmir. Söhbət ilk növbədə Zəngəzur nəqliyyat dəhlizindən gedir.

Bəli, əvvəllər Moskvanın təzyiqi ilə İrəvan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndinə artıq qismən əməl edərək, öz hava məkanını Azərbaycanın mülki aviasiyasına açaraq, Naxçıvanla müntəzəm hava əlaqəsini təmin etməyə şərait yaradıb. Lakin 9-cu bəndin tam icrası - Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında mövcud olan dəmiryolu və avtomobil rabitəsinin bərpası üçün nəqliyyat dəhlizinin yerüstü hissəsinin açılması Ermənistan tərəfindən əngəllənir. Əgər İrəvanın çoxsaylı “bəhanələrini” nəzərə almasaq, bunun yalnız bir real səbəbi var - Azərbaycanın (və müvafiq olaraq Türkiyənin) Ermənistan-İran sərhədinin bütün uzunluğu boyunca tranzitə faktiki nəzarəti ələ keçirməsi. Belə ki, Zəngəzur nəqliyyat dəhlizi məhz İran sərhədinə paralel keçir.

Moskva İrəvan və Bakıya bu çətin vəziyyətdə optimal həll yolunu təklif etdi - dəhlizin fəaliyyətinin təhlükəsizliyi və üçüncü tərəflərin təxribatlarının qarşısının alınması, Qarabağda sülhün və sabitliyin bərpasında özünün yüksək effektivliyini artıq sübut edən Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən təmin ediləcək.

Üç onillikdir davam edən Qarabağ münaqişəsinin bir dəqiqəyə dayandırıla biləcəyinə inanmaq utopikdir - hər tərəfdə “qızğın başlar” olduğu və bu münaqişənin davam etməsindən faydalanan çoxlu xarici oyunçular olduğu müddətcə afterşoklar, gərginlik qaçılmazdır.

Təbii ki, söhbət qondarma “Qərb tərəfdaşları”ndan gedir. Onlar, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin statusundan istifadə edərək, yenidən "suları bulandırmağa" çalışırlar. Bu strukturda kimin kim olduğunu ötən payız hadisələri aydın göstərdi. Rusiya Cənubi Qafqazda yenidən qan tökülməsini dayandırmaq üçün mümkün və qeyri-mümkün olan hər şeyi edən zaman, qondarma “Qərb tərəfdaşları” uzun müddətdir davam edən atəşkəs sənədinin imzalanmasından sonra da Ermənistanı “qisas almağa” çağırırdılar”.

Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov:

“Əgər yaxın vaxtlarda Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında danışıqlar baş tutsa (bu yaxınlarda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd etdi ki, onların keçirilmə vaxtı hələ müəyyən edilməyib), çox güman ki, burada ilk növbədə, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması məsələləri əsas rol oynaya bilər. Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələləri həqiqətən də son vaxtlar danışıqlar prosesinin perspektivlərini müzakirə edərkən rəsmilər tərəfindən qeyd edilir.

Məsələn, Vladimir Putinin “Valday” klubunun iclasında bu məsələni həll etmək üçün “iki tərəfdən və Rusiyadan başqa heç kimə ehtiyac yoxdur” sözlərini xatırladaq. Yaxud Nikol Paşinyanın daha əvvəl Moskvanın dəstəyi ilə Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlayacağını gözlədiyi barədə bəyanatını.

Buna baxmayaraq, bu danışıqların nəticələrindən sonra sərhədlərin delimitasiyası məsələlərində irəliləyiş göstərilsə, onların kifayət qədər təvazökar olacağı ehtimalı hələ də yüksəkdir. Lakin rəsmi səviyyədə belə üçtərəfli görüşün keçirilməsi ehtimalının nisbətən uzun müddətdir müzakirə olunması, lakin onların tarixinin bu qədər uzun müddətdir ki, rəsmilər tərəfindən təsdiqlənməməsi faktı onu deməyə əsas verir ki, görüşün nətcəsində təkcə sıradan bəyanatlar deyil, həm də kifayət qədər uzun və ilkin məsləhətləşmələr tələb edən daha əhəmiyyətli bəyanatlar ola bilər”.

Müəllif: Rauf Orucov