Türkiyədəki fəlakət Novxanıda təkrarlana bilər – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

03.08.2021 - 14:10

Artıq həyəcan tonqalları yandırılıb, qalır bu işarəni vaxtında başa düşmək

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Artıq neçə gündür ki, bütün dünya, həmçinin də Azərbaycan dərin həyəcanla qardaş Türkiyədə baş verən kütləvi meşə yanğınlarının kadrlarını izləyir, istənilən yolla qardaşımıza kömək etmək istəyirik. Artıq itkilər var. Və Türkiyə rəhbərliyinin dediyi ki, bu turizm sabotajın arxasında terrorçu PKK-nın qulaqları görünür.

 

İstənilən halda, bu yanğınlar Türkiyənin istirahət, turzim biznesinə çox ciddi ziyan vurdu və baş verənlərin iqtisadi zərbəsini qardaş ölkə hələ çox hiss edəcək. Versiyaların birinə görə, yanğınların biri iki uşağın bir kağız yandırması ilə başlayıb. Uşaqlar kağızı yandırıb, sonra söndürə bilmədikləri üçün qaçıb gediblər. Nəticə göz qabağındadır...

 

Mən hesab edirəm ki, bu yanğın terroru ölkəmizdə də baş verə bilər, özü də sərhəddə dəfələrlə otlaqları yandıran ermənilər tərəfindən deyil, Bakının lap yaxınlığında - Novxanıda. Axı niyə belə düşünürəm?! İzah edim.

 

Bu şənbə Türkiyə barədə yanğın xəbərlərini dostlarımızın birinin Novxanıda olan bağında planşetdən izləyirdik. Ağacların, heyvanların diri-diri yandığı dəhşətli bir videoya baxan zaman, sanki oradakı yanıq qoxusu burnuma da gəldi. Əvvəl fikirləşdim ki, yəqin kadrlara baxaraq, keçirdiyim həyəcandan bu iyi sanki hiss edirəm. Lakin, yanıq qoxusu getdikcə güclənirdi.

 

Başımı qaldıranda sanki Novxanıda da bir yanğın baş verdiyini düşündüm. Axşamüstü demək olar, bir çox həyətlərdən göyə tüstü qalxır, yanıq iyi gəlirdi. Özü də bu, manqal-kabab tüstüsü deyildi.

 

Ev yiyəsindən səbəbini soruşanda dedi ki, Abşeron rayonunun Novxanı kəndində artıq neçə müddətdir ki, zibil qututları yoxdur. Yəni, bu kənddə həm daimi yaşayanlar, həm də bağ mövsümündə dincələnlər zibillərini atmağa yer tapmırlar və buna görə də bir neçə yolla bu problemi həll etməyə çalışırlar: bəziləri zibili basdırır, bəziləri selofan torbalara yığaraq, maşınları ilə şəhərə gedəndə yolda atır, üçüncülər isə yandırmağa məcburdurlar.

 

Maraqlıdır ki, qonaqlardan biri zibili basdırmaq və ya yandırmaq əvəzinə, yolda atacağını deyərək, ev yiyəsindən zibil torbalarını alıb, maşınına yüklədi. Təxminən yarım saatdan sonra gələn zəng bizi doğurdan da şoka saldı: “Dəniz qırağı yolla düz Nardarana qədər yol kənarında bir dənə də olsun zibil konteyneri yoxdur”.

Avropalılar bizim zibilimizi təmizləyəcəklər

Yəni adam bir torba zibi atmaq üçün təxminən 24 kilometr yol qət etmişdi. Təbii ki, heç də hamının bu “zövqü” özünə rəva bilmək imkanı yoxdur. Odur ki, hər axşam Novxanı bağlarından göyə minlərlə ocaqdan tüstü qalxır. “Dədə Qorqud”dan bilirik ki, oğuz elində bir tonqal yananda nə deməkdir, çox tonqal yananda nə. Bu, həyəcan siqnalıdır əslində. İsti, küləkli hava, məcburən yandırılan və ya istəmədən yaddan çıxaraq, tam söndürülməyən, közərən zibil ocaqları.

 

Deyirsiniz, Türkiyədəki  yanğın terrorunun mini variantı təkrar edilə bilməz? Mən bu qədər əmin olmazdım. Novxanı elindən çıxan tüstüləri hamı görür, təkcə Abşeron Rayon İcra Hakimiyyətində və Novxanı bələdiyyəsində işləyənlərdən başqa. Nə qədər ki, böyük bir bəla baş verməyib, bu məmurlar başlarını yuxarı qaldırsalar, yaxşıdır. Artıq həyəcan tonqalları yandırılıb, qalır bu işarəni vaxtında başa düşmək...

Müəllif: Yoldaş Mircəfər