Türkiyə üçün gərgin, Ərdoğan üçün həlledici, müxalifət üçün həssas mərhələ

Siyasət

03.02.2022 - 22:19

Siyasi şərhçi: “Mövcud vəziyyət Ərdoğan üçün ürəkaçan deyil, hər şey ondan asılı olacaq ki...”

Jurnalist: “Türkiyədə seçicilər AKP-yə deyil, Rəcəb Tayyib Ərdoğanın şəxsinə səs verirlər”

2023-cü ildə gözlənilən seçkilər öncəsi Türkiyədə siyasi rəqabət kəskin artıb. Hakim partiya - AKP-nin reytinqinin sürətlə enməsi, müxalif qüvvələr arasında əməkdaşlığın dərinləşməsi Ərdoğan iqtidarını çıxılmaz duruma salıb. Baş verənlərin fonunda Türkiyə Prezidenti Nazirlər Kabinetində dəyişikliklərin qaçılmaz olduğunu söyləyib. O bildirib ki, seçkilər 2023-cü ildə keçiriləcək və növbədənkənar seçkilərdən söhbət gedə bilməz.

Qeyd edək ki, bir müddət öncə türk lirəsinin kəskin ucuzlaşması ilə bu ölkədə erkən seçki tələbləri artdı. Hökumət müəyyən qabaqlayıcı addımlar atsa da, hazırda da bu tələb gündəmdədir. Hətta bəzi türkiyəli ekspertlər 2022-ci ilin sonuna qədər Türkiyədə növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edirlər. “Metropoll Research”ün son sosisoloji sorğusu isə AKP-nin cəmi 24 faiz dəstəyə malik olduğunu ortaya çıxarıb. Baş verənlər qarşıdakı seçkilərin gərgin rəqabət şəklində keçəcəyini söyləməyə əsas yaradır.

Türkiyədə yaşayan siyasi şərhçi Aqil Səmədbəyli AYNA-ya deyib ki, son dövrlər Türkiyə iqtisadiyyatında baş verənlər qardaş ölkədə etirazları xeyli artırıb: “Xüsusən türk lirəsinin dəyərdən düşməsi, sosial-iqtisadi problemlərin artması siyasi etirazların da baş qaldırmasına səbəb olub. Türkiyə müxalifəti erkən seçki tələbi ilə çıxış edir. Lakin bunun baş verəcəyi inandırıcı deyil. Çünki növbəti seçkilərdən bizi bir illik zaman kəsimi ayırır. Cəmi bir ildən sonra Türkiyə ciddi siyasi kampaniyanın mərkəzinə çevriləcək”.

“Hazırki şəraitdə AKP iqtidarı ciddi təzyiqlərlə üz-üzə qalsa da, üstünlük yenə onların tərəfindədir. Sosioloji sorğular aydın şəkildə deməyə əsas yaradır ki, Rəcəb Tayyib Ərdoğan bu gün də Türkiyənin ən güclü partiyasının lideridir. Lakin o başqa məsələdir ki, digər partiyalar birləşəcəyi təqdirdə reytinqdə Ərdoğanı üstələyirlər”, - deyə həmsöhbətmiz bildirib.

Onun sözlərinə görə, Ərdoğanın seçki öncəsi müəyyən güzəştlərə gedəcəyi gözlənilir: “Artıq bu istiqamətdə müəyyən addımlara da başlanılıb. Əhaliyə təbii qazın qiymətlərinin endiriləcəyi vədi verilib. Digər iqtisadi paketlər də təqdim edilə bilər. Xüsusən seçkilərə az qalmış bir dövrdə bu güzəştlərin artacağı gözlənilir. Şübhəsiz ki, bu gün Türkiyədə ciddi iqtisadi böhran hökm sürür. Milli valyutanın dəyərdən düşməsi əhalidə ruh düşkünlüyü yaradır. Bu xüsusda narazı elektoratın sayı artır və onlar müxalif partiyalara transfer olunurlar. Bütün bunlar Cümhur İttifaqı üçün təhlükəli məqamlardır”.

Səmədbəyli əlavə edib ki, seçkilərin taleyi siyasi qüvvələrin birliyindən və AKP hökumətinin atacağı addımlardan asılı olacaq: “Əgər müxalif düşərgə vahid mövqedən çıxış edərsə, o halda Ərdoğan postu ilə vidalaşa bilər. İstənilən halda vəziyyət onun üçün ürəkaçan deyil”.

Türkiyəli jurnalist Ali Kan isə AYNA-ya açıqlamasında söyləyib ki, Türkiyədə seçicilər AKP-yə deyil, Rəcəb Tayyib Ərdoğanın özünə səs verirlər: “Düzdür, son bələdiyyə seçkilərində AKP və MHP-nin daxil olduğu Cümhur İttifaqı böyük itkilərə məruz qaldı. Ankara, İstanbul və digər böyük  şəhələrdə seçkiləri uduzdular. Bu, heç şübhəsiz, onların siyasi şanslarını azaltdı. Digər yandan türk lirəsinin dəyərdən düşməsi əhalinin sosial rifah halına ciddi təsir göstərdi”.

“Bəllidir ki, Türkiyənin beynəlxalq miqyasda əldə etdiyi uğurlar bəzi dünya güclərini ciddi narahat edir. Son olaylarda da onların rolu danılmazdır. Türkiyənin müstəqil, balanslaşdırılmış siyasəti onları ciddi şəkildə narahat edir. Məhz bu səbəbdən hər vəchlə ölkəmizi təzyiq altında saxlamağa çalışırlar”, - deyə jurnalist vurğulayıb.

Müsahibimiz Ərdoğanın Türkiyə və türk dünyasının inkişafı üşün çox böyük işlər gördüyünü qeyd edib: “O, hər zaman haqlının yanında olub. Hətta çıxarları olacağını bilə-bilə heç zaman bu missiyasından imtina etməyib. O, Türkiyənin inkişafı üçün misilsiz işlər görüb. Bu gün də yorulmadan çalışır və günün çox hissəsini müxtəlif bölgələrdə olur. Türkiyədə baş verən iqtisadi böhranın qarşısını almaq üçün müxtəlif addımlar atır. Artıq müəyyən uğurları da göz önündədir. Hətta seçkilərdə məğlub olsa belə, onu türk xalqının qəlbindən silmək mümkün olmayacaq. O, bütün türk dünyasına xidmət göstərib və Qarabağ məsələsində tutduğu prinsipial mövqe də bunun təzahürüdür”.

Kanın sözlərinə görə, qarşıdakı seçkilərdə Ərdoğanın şansları yenə də yüksək olaraq qalır: “Seçkilərə hələ bir il var. Təbii ki, müəyyən xarici dairələr bu müddətdən istifadə edib, Ərdoğanı zəiflətməyə çalışırlar. Lakin Ərdoğan da yerində saymır və müəyyən qabaqlayıcı addımlar atır. Bu xüsusda seçkilərin taleyi ilə bağlı danışmaq hələ tezdir. Hesab edirəm ki, növbəti seçkilərin də qalibi Rəcəb Tayyib Ərdoğan və onun rəhbərlik etdiyi blok olacaq”.

Müəllif: Azər Niftiyev