“Tramp hərbi münaqişəyə mümkün qədər tez son qoymaq niyyətindədir”
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp ABŞ Prezidenti kimi ilk iş günündə Rusiya və Ukraynanı danışıqlar masası arxasına gətirməyi planlaşdırır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Trampın mətbuat katibi Karoline Leavitt deyib.
Onun sözlərinə görə, prezident seçkilərində qalib gəldikdən sonra Tramp Moskva ilə Kiyev arasında sülh sazişini müzakirə etmək fürsəti əldə edib və onlar arasında hərbi münaqişəyə mümkün qədər tez son qoymaq niyyətindədir.
Qeyd edək ki, Trampın andiçmə mərasiminin 2025-ci il yanvarın 20-də keçirilməsi planlaşdırılır.
Bir gün əvvəl “The Washington Post” mənbələri Trampın noyabrın 7-də Mar-o-Laqodakı iqamətgahından Rusiya Prezidenti Vladimir Putinə zəng edərək Ukraynadakı müharibəni müzakirə etdiyini yazmışdı. Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, yeni seçilmiş Prezident Putini münaqişənin hər hansı eskalasiyası ilə bağlı xəbərdar edib və ABŞ-ın Avropada əhəmiyyətli hərbi mövcudluğunu xatırladıb. Eyni zamanda, Tramp gələcək danışıqlarda maraqlı olduğunu bildirib və qısaca Rusiyanın işğal etdiyi ərazilər mövzusuna toxunub.
Kremldən isə bildirib ki, belə bir söhbət “baş tutmayıb” və mediada dərc olunan məlumatlar “uydurma” və “sadəcə yalan məlumatdır”. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putinin Trampla təmaslar üçün hələlik konkret planları yoxdur.
Bu arada, telefon danışığının baş tutduğu məlumatı yayılan gün Rusiya Prezidenti Trampı seçkidə qələbəsi münasibətilə açıq şəkildə təbrik edib. Eyni zamanda, Putin bir daha vurğulayıb ki, münaqişənin həlli o halda mümkündür ki, Kiyev yerlərdə “reallıqları”, yəni Rusiyanın Ukrayna ərazisinin 20%-ni işğal etməsi faktını tanısın.
Seçki kampaniyası zamanı Tramp hakimiyyətə gəldikdən sonra Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoyacağını dəfələrlə deyib. O, bir gündə bunu edə biləcəyini də söyləyib. Bununla belə, Tramp tərəfləri ikili ultimatumun köməyi ilə danışıqlara məcbur etmək vədindən başqa heç bir konkret plan təqdim etməyib.