ABŞ Prezidenti III Teofilosun danışıqlara cəlb edilməsi ideyasını dəstəkləyib
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında vasitəçilik səylərinə Qüds Yunan Pravoslav Patriarxı III Teofilosun cəlb edilməsi ideyasını dəstəkləyib. AYNA.AZ xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri Ağ Evdə Trampla Patriarx arasında keçirilən görüşdən xəbərdar mənbələrə istinadən məlumat yayıb.
“Ynet”in məlumatına görə, görüş 4 iyunda Ağ Evdə baş tutub və təxminən 40 dəqiqə davam edib. Söhbət zamanı Moskva ilə Kiyev arasında əlavə ünsiyyət kanalının yaradılması ehtimalı müzakirə olunub. Mənbələr iddia edir ki, Tramp III Teofilosu vasitəçi kimi nəzərdən keçirmək təklifinə razı olub.
Nəşrin məlumatına görə, Patriarx iyunun sonunda Rusiya Prezidenti Vladimir Putinlə görüşə bilər. Mənbələr qeyd edib ki, onun əsas üstünlüyü "dini və mənəvi etibara malik qeyri-siyasi fiqur" statusudur.
Qüds Patriarxlığı bildirir ki, III Teofilos əsasən siyasi fiqur deyil, sülhməramlı kimi qəbul edilməlidir. Patriarxın mümkün vasitəçilik rolu ilə bağlı ABŞ, Rusiya və ya Ukrayna tərəfindən rəsmi təsdiq yoxdur.
Teofilos III 2005-ci ildən bəri Qüds Pravoslav Kilsəsinə rəhbərlik edir. O 2013-cü ildə Soçidə, 2019-cu ildə isə Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. 2025-ci ilin noyabr ayında Putin Patriarxa "Rusiya Federasiyası ilə dostluğun, əməkdaşlığın və mənəvi əlaqələrin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətli töhfəyə görə" “Dostluq” ordeni verib.
Patriarx həmçinin Rus Pravoslav Kilsəsi ilə əlaqələr saxlayır və 2020-ci ildə İordaniyadakı Pravoslav kilsələrinin rəhbərlərinin görüşünün təşəbbüskarı olub. 2024-cü ildə o Ukrayna hakimiyyətinin Moskva Patriarxlığına bağlı olan Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətini məhdudlaşdırmaq qərarını tənqid edib.