Yeni Prezident 2021-ci il yanvarın 20-də and içəcək
ABŞ Prezidenti Donald Tramp hakimiyyəti yeni seçilən Prezident Co Baydenə təhvil verir. AYNA xarici mediaya istinadən bildirir ki, Tramp Ümumi Xidmətlər İdarəsinə hakimiyyətin Co Baydenə təhvil verilməsi üzrə ilkin protokolları icra etməyə başlamaq barədə sərəncam verib.
İdarənin rəhbəri Emili Merfi Demokratlar Partiyasının namizədinin seçkilərdə qalib gəlməsini etiraf edib və hakimiyyəti təhvil verməyə hazır olduğunu bildirib.
“Bizim işimiz irəliləyir, biz qəti mübarizəni davam etdirəcəyik və əminəm ki, qalib gələcəyik! Bununla belə, ölkəmizin mənafeyi naminə tövsiyə edirəm ki, Emili Merfi və onun komandası ilkin protokollar barədə nə lazımdırsa etsinlər, mən öz komandama da eyni işləri görməyi tapşırmışam”, - deyə Tramp özünün “Twitter” səhifəsində yazıb.
Co Baydenin qərargahının açıqlamasına görə, yeni Prezident 2021-ci il yanvarın 20-də and içəcək.