“Titanların savaşı” qızışır: Kimsə ağ bayraq qaldırmalıdır

Siyasət

15.05.2020 - 22:30

ABŞ bütün sahələrdə Çinə qarşı həmlələrdən istifadə edir

 

ABŞ ilə Çin arasında “koronavirus çəkişməsi” davam edir. Bu günlərdə Vaşinqtondan Pekinin ünvanına növbəti ittiham səsləndi. Həmin ittihama görə, Çin virusdan xəbər tutduqdan sonra Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) hədələyib ki, məsələnin üstü açılmasın.

 

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) iddiasına görə, Çin ÜST-dən virusla bağlı təcili vəziyyət elan etməməsini tələb edib və təşkilatı tibbi ləvəzimatlarla təmin etməyəcəyi ilə hədələyib. Məlumata görə, bu hadisə koronavirusun meydana çıxdığı ötən ilin dekabrında baş verib. Elə bundan sonra Çin ABŞ və başqa ölkələrə virusdan qoruyucu vasitələr, geyim və başqa vasitələri ixrac etməyi dayandırıb.

 

Sözügedən iddianın ortaya atılmasının ardınca ABŞ-ın Respublikaçı senatorları Prezident Donald Trampa Çinə sanksiya tətbiq etmək səlahiyyətini verən qanun layihəsi təqdim ediblər. Belə ki, senatorlardan Tom Tillis, Rik Skott, Mike Braun və Roger Vicker, Respublikaçı senator Lindsi Qremin təqdim etdiyi “COVID-19 Məsuliyyət Qanunu” layihəsini dəstəkləyiblər. Layihəyə əsasən, şərtlər yerinə yetirilməzsə, bəzi Çin rəsmilərinin hesablarının dondurulması, səyahət qadağası və Çin tələbələrinə viza verilməməsi kimi ən azı iki sanksiya maddəsinin seçilməsi də qərarlaşdırılıb.

 

Politoloq İlyas Hüseynov AYNA-ya şərhində deyib ki, COVID-19 pandemiyası ilə əlaqədar Çinə qarşı irəli sürülən ittihamların sayı durmadan artır: “Hətta, bəzi iddialara görə Çin koronavirusu qəsdən dünyada yayıb. Bu barədə fikirlər getdikcə geniş vüsət alır. İrəli sürülən ittihama görə, Çin koronavirusdan xəbər tutduqdan sonra Ümumdünya Səhiyyə Təşkilatını gec məlumatlandırıb. Düşünürəm ki, COVID-19 infeksiyası ilə bağlı vəziyyət səngiməyənə qədər qarşılıqlı ittihamların şahidi olacağıq. Hətta, Çinə qarşı ittihamlar öz təsdiqini taparsa, beynəlxalq məhkəmə də qurula bilər. Çindən təzminat alınması da nəzərdən keçirilir. İkinci D ünya müharibəsindən sonra Nrünberq prosesinə bənzər məhkəmənin keçirilməsi də istisna deyil. Çünki ABŞ artıq bu prosesin sonundan qazancla çıxmaq haqqında düşünür”.

 

“Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp hər dəfə koronavirus infeksiyası haqqında danışanda “Çin virusu” ifadəsini işlədir. Nəzərdən qaçırmamaq lazımdır ki, bu ilin noyabr ayında ABŞ-da növbəti Prezident seçkiləri keçiriləcək və hazırki Prezident Donald Tramp özü üçün reytinq qazanmaq haqqında planlar qurur. Eyni zamanda, gərginliyin aşağı salınması üçün üçüncü dövlətlər tərəfindən müxtəlif tədbirlər həyata keçirilir”, - deyə İ.Hüseynov bildirib.

 

Politoloq Məhəmməd Əsədullazadə də AYNA-ya açıqlamasında ABŞ ilə Çin arasında ciddi qarşıdurmanın yaşandığına diqqət çəkib: “Koronovirus pandemiyası beynəlxalq siyasi-iqtisadi nizamı dəyişib və iki nəhəng ölkə arasında beynəlxalq maraqlar uğrunda mübarizəyə gətirib çıxarıb. ABŞ son illərdə Çinin iqtisadi və siyasi mövqeyinin güclənməsinin qarşısını almaq üçün çox ciddi çalışmalara başlayıb və bütün imkanları ilə Pekinin üzərinə yeriyir. Vaşinqton ticari müqavilələrdə gömrük rüsumunun artırılması və digər təzyiqlər nəticəsində Pekinin artan rolunun qarşısını almağa çalışır. Çində virusun peyda olmasının ABŞ-ın əlinə əla fürsət verdiyini deyə bilərik”.

 

“ABŞ-ın iddialarında həqiqət var. Həqiqətən də Çin ÜST ilə əməkdaşlıq edib, bu təşkilata təzyiqlər göstərib və pandemiyanı gizlədib. Vaşinqton ÜST-yə yardımı, məhz Çinlə əməkdaşlıq etdiyi üçün dayandırdı. Çin də digər ölkələrə tibbi ləvazimatların ixracını dayandırmışdı. ÜST sədri Çinə yaxın biridir və Vaşinqtonun siyasi iradəsinə tabe olmamağa çalışır. ABŞ isə ÜST-ni özünə tabe etdirmək və Çinə qarşı yeni planlar qurmaq yolunda çalışır. İlk növbədə Çinə qarşı təzminat məsələsini qaldırıb, hər gün Ağ Evdən Çinə ittihamlar irəli sürülür. Artıq ABŞ-la Çin arasında iqtisadi müstəvidə müharibə gedir”, - Əsədullazadə qeyd edib.

 

Müsahibimiz əlavə edib ki, Çin Afrikada, Yaxın Şərqdəki iqtisadi ambisiyalarından əl çəkməyənə qədər Vaşinqton Pekinə qarşı mübarizəni davam etdirəcək: “ABŞ bu virusdan daha çox iqtisadi əziyyət çəkir. Çinə qarşı çox qəzəblidir və mütləq rəsmi Pekinə “yerini göstərəcək”. ABŞ üçün əsas hədəf Çini zəiflətməkdir. Bunun dünyanın siyasi-iqtisadi mənzərəsinə təsiri isə qaçılmaz olacaq. İki ölkə arasında əlaqələr mürəkkəb bir fazaya daxil olub. Tərəflərin danışıqlar masasında oturmaq imkanları bitib. ABŞ Çini zəiflətməyincə onunla bir yerdə əyləşməyəcək”.

Müəllif: Mərahim Nəsib