Təhsil Nazirliyi narazı səslərə qulaq verməlidir: lazımsız vaxt və enerji itkisinə son!

Cəmiyyət

20.06.2022 - 14:24

Təhsil eksperti: “Uzadılmış bu müddətdə məktəblərin fəaliyyətlərini davam etdirməsi aldadıcıdır”

Doktorant: “Lüzumsuz və faydasız bilgilər proqramdan çıxarılmalı, tədris müddəti qısa tutulmaldır”

2016-cı ildən bəri orta məktəblərdə dərslər iyunun 15-də yekunlaşır. Elə həmin ildən valideynlər, şagirdlər, eləcə də müəllimlər bu qərardan heç də məmnun görünmürdülər. İstər o zaman, istərsə də indi narazılar hesab edirlər ki, tədris ilinin uzadılması sadəcə vaxt itkisidir. Belə ki, imtahanlar, eləcə də proqram ən gec may ayının sonlarına doğru yekunlaşdığı halda, şagirdlər və müəllimlər orta məktəblərə məcburiyyətdən gedirlər.

Mövzu ilə bağlı AYNA-ya danışan təhsil eksperti Səbinə Əliyeva deyib ki, bu məsələ hər il olduğu kimi bu il də öz aktuallığını qoruyur: “Hesab edirəm ki, tədris ilini uzatmağın mənası yoxdur. Bundansa tədris ilini tez yekunlaşdırıb uşaqlara universitetə qəbul imtahanına hazırlaşmaq üçün imkan yaratmaq daha yaxşı olar. İmtahanlar bitibsə, məzun günü qeyd edilibsə, məktəbin davam etməsi aldadıcıdır. Biz özümüz-özümüzü aldadırıq”.

“Valideynlərin narahatlığını da başa düşmək olar. Çünki uşaqlar imtahana hazırlaşırlar, amma bu cür olduqda onlar məktəbə getməyə məcbur olurlar. Bu da onların universitetə qəbul imtahanına daha məhsuldar hazırlaşmalarına mane olur”, - deyə həmsöhbətimiz bildirib.

Ekspert bu günləri daha səmərəli keçirməyin yollarını da təklif edib: “Bu günləri maarifləndirmə günü elan etmək olar. Məsələn, uşaqların hamısı universitetdə oxumağı planlaşdırmır. Ona görə də həmin uşaqları bu günlərdə peşə məktəbləri, kolleclərlə tanış etmək olar ki, özlərinə uyğun peşə, ixtisas seçməkdə bu tanışlıq onların köməyinə çatsın. Eyni zamanda universitetlərdə də “açıq qapı” günü elan etmək, abituriyentlərin universitetlərlə tanışlığına şərait yaratmaq olar”.

“Əks halda biz tez-tez rastlaşırıq ki, uşaq ali məktəbə qəbul olduqdan sonra tədris başlayanda təsəvvürü ilə reallığın üst-üstə düşmədiyini görür, məyusluq keçirir. Yəni bu günləri 9 və 11-ci siniflər üçün maarifləndirmə saatları ilə əvəzləyə bilərik, bu, daha faydalı olar”, - deyə Əliyeva söyləyib.

O, həmçinin bu vaxtların gəzinti ilə əvəz edilməsinə də diqqət çəkib: “Bu günlərdə boş vaxtı doldurmaq üçün məktəblərdə müəllimlər, valideynlər şəhərkənarı gəzintilər təşkil edirlər. Bu gəzintilərə də kimsə nəzarət etmir. Bu günlərdə elə Şamaxı yolunda məktəblilərin qəzaya düşməsi xəbərini eşitdik. Halbuki bu vaxtı gəzintiləri daha səmərəli fəaliyyətlərlə əvəzləmək mümkündür. Uşaqların gələcəyini fikirləşək. Onların bu vaxtdan düzgün seçim etmələri üçün yararlanmalarına şərait yaradaq”.

Təhsil araşdırmaları üzrə doktorant Şəhla Aslan da AYNA-ya açıqlamasında deyib ki, qüsurlu təhsil və ya tədris proqramları ilə uşaqların zamanını almaq yolverilməzdir: “Bu gün məktəblərin həyətlərində gördüyümüz uşaqların içindən sabahın alimləri, sənətçiləri, mütəfəkkirləri, siyasətçiləri çıxacaq. Lakin biz bu gün qüsurlu təhsil və ya tədris proqramları ilə onların zamanlarını almamalıyıq. Düşünürəm ki, Azərbaycan təhsil sistemində effektli təhsil və tədris proqramlarının hazırlanmasına və tədrisdə təkmilləşdirilmiş metodların tətbiqinə güclü ehtiyac var. Bu proqramlar ixtisaslı kadrların hazırlanması məqsədi daşıyacaqsa, istehsalatda keyfiyyət və səmərəlilik də yüksələcək”.

Müsahibimizin sözlərinə görə, yaxşı hazırlanmış təhsil proqramı təhsildə uğurun əsas elementidir: “Təhsil və təlimdə arzuolunan məqsədlərə və keyfiyyətə yalnız yaxşı hazırlanmış proqramlarla nail olmaq olar.Tədris proqramı hazırlayarkən nəzəri biliklərin praktiki tətbiqinə də imkan verməlidirlər. Təcrübəsiz təhsil səmərəsizdir. Bacarıq qazanılmır. Davranış, bacarıq əldə etməkdən və təkmilləşdirməkdən uzaq olan təhsil əzbərçilikdən başqa bir şey deyil”.

“Hesab edirəm ki, tədris proqramı şagirdin yetişməsi üçün bir hədəf təyin etməlidir. Proqram şagirdi gələcəkdə kim etmək istəyirsə, məhz ona dair bilgilər aşılamalıdır. Şagirdin hədəflərinə çatmasına kömək olmayacaq, lüzumsuz və faydasız bilgilər proqramdan çıxarılmalı, tədris müddəti nisbətən qısa tutulmaldır. Beləliklə, tədris ilinin uzadılmasına da ehtiyac qalmaz. Yeri gəlmişkən, onu da qeyd edim ki, Azərbaycanda təhsil sahəsində islahatlar kifayət qədər ləng gedir. Bunun başlıca səbəbini ənənəvi pedaqoqların sayca üstünlük təşkil etməsində görürəm. Bu səbəbdən təhsilşünaslıq sahəsində görülən işlər müqavimətlə qarşılanır. Bütün müqavimətlərə baxmadan təhsil sahəsində yaranmış boşluqların aradan qaldırılmasına çalışmaq lazımdır”, - deyə Aslan fikrini yekunlaşdırıb.

Həmsöhbətlərimizin də fikirlərindən belə qənaətə gəlmək olur ki, orta məktəblərdə tədris proqramına yenidən baxılmasına, daha səmərəli və effektiv formaların seçilməsinə ehtiyac var. Bircə qalır ki, Təhsil Nazirliyi, bu işdən məsul şəxslər ictimaiyyətin –  müəllimlərin, valideynlərin, şagirdlərin səsini eşitsin, narazılıqlarına qulaq verib növbəti tədris ili üçün indidən plan qursunlar. Gözləyək, görək...

Müəllif: Aləmdə Nəsib