"İran Hörmüzü açmağı və müharibəyə son qoymaq üçün danışıqları yeddi gün ərzində bərpa etməyi nəzərdə tutan təklif verib”
Tehran bu həftə üçüncü tərəfin vasitəçiliyi ilə keçirilən görüşdə təklifini Amerika rəsmilərinə təqdim edib. AYNA.AZ xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti İranın xarici işlər naziri Abbas Əraqçiyə istinadən məlumat yayıb.
Nəşr Əraqçinin BMT Baş Assambleyasının kənarında bir qrup jurnalist və ekspertə verdiyi açıqlamaya istinadən yazıb: "İran Tramp administrasiyasına Hörmüz boğazını yenidən açmağı və tammiqyaslı müharibəyə son qoymaq üçün danışıqları yeddi gün ərzində bərpa etməyi nəzərdə tutan təklifi verib".
İran xarici işlər nazirinin sözlərinə görə, hazırkı təklif tərəflər arasında iyun ayında razılaşdırılmış anlaşma memorandumuna bənzəyir və bu memorandum ABŞ-ın danışıqları bərpa etmək və boğazı yenidən açmaq üçün yeddi gün ərzində müəyyən şərtləri yerinə yetirməsini tələb edir.
CNN aydınlaşdırıb ki, ABŞ-ın şərtləri yerinə yetirməli olduğu yeddi günlük müddət Vaşinqtonun İranın təklifini qəbul etməsindən sonrakı gün başlayacaq.
İran xarici işlər naziri Vaşinqtonun cavabını gözlədiklərini bildirib.
Əraqçi qeyd edib ki, “Tehran tələsmir, lakin ABŞ-ın razılaşıb danışıqların noyabrın əvvəlində keçiriləcək ara seçkilərdən əvvəl bərpa olunmasının daha yaxşı olacağına” inanır.
Eyni zamanda, adı açıqlanmayan ABŞ rəsmisi jurnalistlərə bildirib ki, ABŞ "üçüncü tərəflərin vasitəçiliyi ilə müsbət və konstruktiv danışıqlar" aparır.
"ABŞ Hörmüz boğazına nəzarət edərək çox güclü mövqe tutur, ona görə də biz tələsmirik. Dünən gecə boğazdan təxminən 22 milyon barel neft yola düşüb", - deyə rəsmi qeyd edib.