Tarixi ədalət anı: yüzminlərin problemi dövlətin nəzarətində - İlin sonunadək...

Cəmiyyət

17.12.2023 - 10:23

Elçin Sadıqov: “Konstitusiya Məhkəməsi üçün fürsət yaranıb ki, tarixi ədaləti bərpa etsin”

Zəlihə Tahirova: “Konstitusiya Məhkəməsi ilin sonuna qədər ədalətli qərar verməlidir”

Xəyal Bəşirov: “Konstitusiya Məhkəməsi huququ pozulmuş vətəndaşların xeyrinə qərar qəbul etməlidir”

Bəlli olduğu kimi, 2011-ci ildə özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması barədə qərardan sonra yüzminlərlə vətəndaş dövlət tərəfindən əvəzsiz olaraq onlara verilmiş halal haqqında məhrum olub. O gündən bu günə 1 milyona yaxın haqq sahibinin döymədiyi qapı qalmayıb, lakin məmurlar hələ də ötür-ötür əməliyyatı ilə məsuliyyəti bir-birilərinin üstünə atmağa davam edirlər.

Sözügedən hüquqi problem 8 aydan çoxdur ki, Konstitusiya Məhkəməsindədir (KM). Hələ də araşdırılır, hələ də araşdırılır...?

Haqqını tələb edən özəlləşdirmə çeki (payı) sahibi olan vətəndaşlar dəfələrlə KM-ə şifahi, yazılı müraciət ünvanlayıblar, bundan başqa KM-də canlı görüş keçiriblər və haqlarını tələb ediblər. Hər dəfəsində də müxtəlif tarixlər göstərilib və həmin müddətlərədək problemə dair konkret qərar veriləcəyi vəd edilib.

Məsələn ötən ayın (noyabrın) 14-də bir qrup çek sahibi növbəti dəfə KM-in Qəbul şöbəsinin müdiri Anar Cəfərovla görüşüb. KM yetkilisi pay sahiblərinə yenə də vəd verib. Deyib ki, 2023-cü ilin noyabr ayının axırına qədər bu məsələyə mütləq şəkildə baxılaraq aydınlıq gətiriləcək. Pay sahibləri də ayın son gününədək gözləyəcəklərini və 30 noyabr saat 15:00-da KM-in qarşısında toplaşacaqlarını bəyan ediblər.

Lakin yenə də qərar çıxmayıb. Bundan dolayı pay sahibləri noyabrın 30-da KM-in binası qarşısına toplaşıblar. Və KM-in Qəbul şöbəsinin müdiri Anar Cəfərov onlarla həm fərdi, həm də ümumi şəkildə görüşüb.

Görüşdə iştirak edən pay sahiblərinin AYNA-ya verdikləri məlumata görə, A.Cəfərov bu dəfə haqqı tapdanmış vətəndaşlarla daha açıq və konkret danışıb. Deyib ki, KM tərəfindən məsələyə rəy verilməsi üçün 9 dövlət qurumuna məktub göndərilib. Həmin qurumlardan 7-sindən cavab gəlsə də, ikisi tərəfindən KM-ə hələ də heç bir cavab daxil olmayıb – Nazirlər Kabineti və Ali Məhkəmə.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən KM-ə rəsmi məktub daxil olub və qeydiyyata alınıb.

Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı KM-ə müraciət ünvanlayıb.

Bununla yanaşı, Milli Məclisin deputatları, ictimai-siyasi, elm-mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, hüquqşünaslar, iqtisadçılar dəfələrlə ölkə rəhbərliyinə çağırış edərək, haqqı pozulan vətəndaşların hüquqlarını bərpa etməyi tələb ediblər.

Bütün bunların qarşılığında problemin niyə hələ də bu qədər ləngidiyi, haralarda “ilişdiyi”, hansı qurumlar və hansı məmurlar tərəfindən “düyünə” salındığı suallar doğurur. Yüzminlərin haqqı niyə indiyədək bərpa edilmir?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması ilə bağlı verilən əsassız və qanunsuz qərar ləğv edilməlidir: “Özəlləşdirmə çekləri vətəndaşların mülkiyyət hüququdur. Mülkiyyət hüququ isə heç zaman dəyərdən düşə bilməz. Bunun hüquqi mexanizmi yoxdur. Tədavül müddətinin başa çatması ilə bağlı qərar qanunsuz qərar idi. Heç bir səbəb olmadan, qanunsuz və əsassız formada özəlləşdirmə paylarının tədavül müddətini başa çatdırıblar, nəticədə yüzminlərlə vətəndaş hüquqsuz duruma düşüb”.

“İndi Konstitusiya Məhkəməsi üçün fürsət yaranıb ki, tarixi ədaləti bərpa etsin. Lakin bu qurum da vətəndaşların müraciətinə cavabı süni şəkildə yubadır. Anlamaq lazımdır ki, bu problem onsuz da həllini tapmalıdır. Əks halda bu, hökumətin vətəndaşların mənafeyinə arxa çevirməsi olacaq. Digər problemlər kimi, bu problemi də gələcək nəsillərin üzərinə yükləmələliyik”, - deyə Sadıqov bildirib.

Hüquq müdafiəçisi Zəlihə Tahirova da AYNA ilə söhbətində söyləyib ki, özəlləşdirmə çekləri ilə bağlı yüzminlərlə vətəndaşın hüquqları pozulub və bu problem aradan qalxmalıdır: “Yəqin ki, çeklərin əksəriyyəti aztəminatlı ailələrdə qalır. Sosial-iqtisadi vəziyyətin aztəminatlı ailələr üçün yaxşı olmaması, özəlləşdirmə prosesinin böyük qüsurlarla aparılması, kobud qanun pozuntularına yol verilməsi, habelə heç bir əsas olmadan tədavül müddətinin başa çatdırılması faktdır. Bütün bunlar mütərəqqi qərarın verilməsini qaçılmaz edir”.

“Bu qərar necə olmalıdır? Bunun həlli yolları tapılmalı, aidiyyəti qurumlar tərəfindən tənzimlənməlidir. Prosesin həyata keçirilməsinə ciddi ictimai nəzarət olmalıdır. Çünki özəlləşdirmə prosesinin birinci mərhələsi böyük qüsurlarla müşayiət olunub və yenidən təkrarlana bilər. Ya tədavül müddəti artırılmalı, ya da dəymiş ziyana görə kompensasiya ödənilməlidir. Konstitusiya Məhkəməsi ilin sonuna qədər müvafiq qərar verməlidir. Bu qərar da ədalətdən və hüququ pozulan vətəndaşlardan yana olmalıdır”, - deyə Tahirova vurğulayıb.

AYNA-nın digər həmsöhbəti, hüquqşünas Xəyal Bəşirovun sözlərin görə, özəlləşdirmə çeklərinin ləğvi barədə qərar yoxdur: “Bu səbəbdən də özəlləşdirmə çekləri qanunla qüvvədədir. Tədavül müddətinin başa çatması üçün hüquqi əsaslar olmalı idi. Vauçerlər etibarsız sayılmayıb. Bu amili əsas götürsək, vətəndaşların əlində qalan özəlləşdirmə paylarının dəyərsiz kağıza çevrilməsi məntiqsizdir - çeklərin tədavüldən çıxarılması hüquqa ziddir”.

“Burada haqqı tapdanan vətəndaşların sayı kifayət qədərdir. Bütün hallarda Konstitusiya Məhkəməsi vətəndaşların xeyrinə qərar qəbul etməlidir. Bu, müəyyən əhali qrupunun sosial rifahının artırılması baxımından da vacibdir. Bu məqsədlə müxtəlif addımlar atıla bilər ki, bunlardan da biri yeni qanunun qəbuludur”, - deyə Bəşirov fikrini yekunlaşdırıb.

QEYD

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray