Tanınmışlar məktəblə ev arasında: <font color=red> “Xanımlar, burda toplaşmayın”</font>

Maraqlı

17.09.2020 - 13:17

Əksəriyyət övladını məktəbə göndərməyin tərəfdarıdır, nəinki distant təhsilin

 

Sentyabrın 15-də Azərbaycanda 2020-2021-ci tədris ilinin ilk dərs günü baş tutdu. Ötən tədris illərindən fərqli olaraq, koronavirus pandemiyası ilə əlaqədar bu il məktəblərdə tədrisin hibrid dərs üsulu ilə aparılacağı barədə qəra qəbul edildi. Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda əyani formada həftədə 3 dəfə, qalan günlər isə onlayn şəkildə təşkil olunacaq.

 

Hazırda valideynlərə 2 variant təklif olunur: İstəyən övladını məktəbə göndərə, istəməyən distant (yaxud onlayn) təhsil formasını seçə bilər. Cəmiyyətdə hər iki formaya üstünlük verənlər var.

 

Maraqlıdır, tanınmışlar hansı formatda təhsilə üstünlük verirlər? AYNA bu istiqamətdə kiçik sorğu keçirib. Beləliklə:

Aynur Camalqızı:

“Teleqraf Holding”in rəhbəri, jurnalist Aynur Camal: “Mən övladlarımı məktəbə göndərdim. Qızımın biri birinci sinifdə, o biri isə dördüncü sinifdə oxuyur. Həftədə 2 dəfə məktəbə gedəcəklər, 3 dəfə də onlayn təhsil alacaqlar. Sözün açığı, mən dərsə getmələrinin tərəfdarıyam. Çünki pandemiyanın nə vaxt bitəcəyi, vaksinin nə vaxt tapılacağı hələ heç kəsə bəlli deyil. Əgər proses uzun müddət sürərsə, bizim uşaqlarımızın gələcəyi, təhsili ilə bağlı sonradan çox ciddi fəsadların meydana çıxmasına səbəb ola bilər.  Uşaqlar təhsildən, məktəbdən kənarda qalırlar.

 

Ona görə də optimal yollarını tapıb, məktəbdə təhsili davam etdirmək lazımdır. Təbii ki, qorunmaq, tibbi maska taxmaq, əlləri tez-tez dezinfeksiya etməklə, uşaqlara bunu öyrətməklə davam etmək lazımdır. Bu, artıq bir həyat tərzidir və biz də bu həyat tərzinə alışmalıyıq. Bunun başqa həllini və variantını görə bilmirəm. Biz nə vaxta qədər gizlənib, evdə oturmalıyıq?! Mənim fikrimcə, gözləmək çıxış yolu deyil. Bu baxımdan da uşaqları məktəbə göndərməyin tərəfdarıyam”.

Milli Məclis üzvü Jalə Əliyeva: “Mənim məktəb yaşında övladım yoxdur. Bağça yaşında nəvələrim var, onlar da oktyabr 1-də bağçaya getməyə davam edəcəklər. Təbii ki, karantin rejiminin şərtlərinə uyğun bir şəkildə davam etdirmək fikrimiz var. Təhsilin onlayn keçirilməsi isə bir məcburiyyət idi, bizim uşaqlarımız başqa şəkildə təhsildən geri qalırdılar. Və biz buna “fövqəladə vəziyyət” deyə bilərik. Gözlənilməyən vəziyyətdə dövlətin verdiyi məcburi qərar idi. Və düşünürəm ki, lazımlı bir qərar idi. Düzdür, indi deyirlər ki, uşaqlar dərslərlə virtual olaraq məşğul olmaq istəmirlər, o qədər də effekti olmur. Amma hər halda dərslərin olmamasındansa, bu şəkildə təşkil edilməsi təhsilin inkişafı baxımından böyük bir addımdır.

 

Səkkiz aydır ki, bütün dünya pandemiya şəraitində yaşayır. Bu, az müddət deyil. Ona görə də dövlət qısa müddətdə təxirəsalınmaz proqramlar hazırladı və həyata keçirməyə başladı. Təbii ki, canlı dərsin, canı ünsiyyətin yerini heç bir şey vermir. Misal üçün, riyaziyyatı bəlkə də virtual öyrənmək olar, amma ünsiyyət məsələsi var. Uşağın uşaqla ictimailəşməsi, müəllimlə rabitəsi var. Bunlar əlbəttə ki, uşağın psixologiyasının, mənəviyyatının formalaşmasında əvəzedilməz faktorlardır. Əlbəttə, məktəblərin canlı olması arzuolunandır. Bir daha deyirəm, əgər bunu şərait tələb edirsə, demək, bu şəkildə davam etmək məcburiyyətindəyik”.

Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib  | Report.az

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc: “İki övladım var. Oğlum ali təhsilini artıq bitirib. Ona görə də qeyd etdiyiniz sual oğlumun qarşısında dayana biləcək sual deyil. Ancaq qız övladım üçüncü kursda təhsil alır. Qızım xaricdə oxuyur və bu seçim onun öz seçimi oldu. Və məlum pandemiya dünyaya yayılanda Universitetin kampusundan tələbələr yavaş-yavaş öz ölkələrinə dönməkdə idilər. Qızım orda qalan tələbələrdən ən sonucusu oldu və düşündü ki, artıq orda qalmağının bir yararı olmayacaq. Biz də belə bir addım atdıq.

 

Artıq təkrarən üçüncü kurs üçün universitet tərəfindən onların geri dönmələri ilə bağlı bir çağırış edildi, amma bununla bərabər, müəyyən bir könüllülük əsasında özləri üçün bir neçə parametrdə seçim imkanları da qoyulmuşdu. O, artıq qərarını vermişdi. Biz də onu daha da qəti addım atmağa sövq etdik ki, təhsil canlı, müəllimin enerjisini üzbəüz görərəkdən daha effektli olur. Ona görə də o, ali təhsilini universitetin birbaşa özündə alacağı ilə bağlı mərhələni yaşayır. Bilirsiniz ki, xaricdə kənardan qəbul edilən tələbələri iki həftəlik karantinə alırlar. Bu da onların qaldığı məkanlarda izolyasiya olunur, ödənişlərin də hamısı tələbələrin özü tərəfindən edilir, lakin bütün alışlar bilavasitə onlayn şəkildə olur”.

Afaq Bəşirqızı:

Xalq artisti Afaq Bəşirqızı: “Nəvəmin birini bu il İqtisad Universitetinə daxil oldu. O biri nəvəm isə 10-cu sinifdə oxuyur. Onlarda hələlik dərslərə məhdudiyyətlər qoyulub. İstər birinci sinif olsun, istərsə də on birinci sinif olsun, hər il övladını məktəbə yola salmaq hər bir valideyn üçün sevindirici haldır. Şagird və tələbələrin məktəbə getmələrinə üstünlük verirəm, nəinki onlayn təhsil almalarına”.

Cəlal İsayev: “Ölkə əhalisinin təxminən 2 faizini hepatit B və C  viruslarına yoluxub”

Baş infeksionist Cəlal İsayev: “Mən də nəvələrimi məktəbə göndərdim. Biz Təhsil Nazirliyinin verdiyi qərar əsasında hərəkət edirik. Məktəbə getməli olanları məktəbə göndərimişik, onlayn dərs keçməli onlar da onlayn şəkildə dərs alırlar. Builki sistem məktəblərdə çox gözəl təşkil olunub. Mən həddindən artıq razı qaldım. Nəvələrimdən ikisi 143 nömrəli məktəbə, ikisi də 200 nömrəli məktəbə gedir. Hər iki məktəbin gördüyü təşkilati işlərdən çox razı qaldım.

 

Amma xanım valideynlərimiz bir qədər səbrli olsalar, uşaqlarını məktəbə yola saldıqdan sonra bir yerə toplaşıb, söhbət etməsələr, çox yaxşı olar. İnanın ki, onların söhbətlərindən bütün dünya gündəmində olan məsələləri eşitmək olur. Uşaqları məktəbə yola saldın, xudahafizləşib getmək lazımdır evə, məktəbin qarşısında toplaşmaq lazım deyil. Bütün xanımlardan və valideynlərdən bunu xahiş edirəm”.

Vahid Əziz: “Bu dəyyus koronavirus məni nəvələrimin ətrinə həsrət qoyub” -  Baku Press Klub

Xalq şairi Vahid Əziz: “Biz qaydalara uyğun davranırıq. Desələr ki, məktəbə gəlib oxusunlar, bizim uşaqlar da gedib oxuyacaqlar. Bu gün mənim balaca nəvəm birinci sinifə getdi. Həftədə iki dəfə dərsləri olacaq. Allah eləsin ki, yoluxanların sayı artmasın, dərsə hər gün getsinlər. Əgər ehtiyac olsa, onlayn oxuyacaqlar. Dövlət hansı qaydanı qoysa, o cür də edəcəyik”.

Müəllif: Ülviyyə Şahin