Putin uğrunda... deyil, Buratino və Nadya qarı uğrunda – VİDEO

Maraqlı

24.03.2022 - 15:23

Rusiyada bu gün belə bir tragikomik vəziyyət yaranıb ki...

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü təkcə Rusiya Silahlı Qüvvələrinin imicinə xələl gətirmir. Rus təcavüzkarları həm canlı qüvvə, həm də silah və say baxımından üstün olmalarına baxmayaraq, ağır itkilər verməkdə davam edirlər. Bundan başqa, Qərbin tətbiq etdiyi sanksiyalar ölkənin maliyyə-iqtisadi sektoruna ciddi ziyan vurur.

Bir çox tanınmış xarici şirkət öz fəaliyyətini məhdudlaşdıraraq Rusiya bazarını tərk etdi. İndi məlum olur ki, müharibə ayrı-ayrı rusların psixikasına mənfi təsir edib. Kobud desək, elə cəfəngiyyatlar danışmağa başladılar ki, istər-istəməz fikirləşirsən: görəsən, bunların ağlı yerindədir?

Söhbət sadə vətəndaşlardan yox, Dövlət Dumasının vitse-spikeri, ştatdankənar teleaparıcı Pyotr Tolstoydan gedir. Belə ki, o, xarici şirkətlərin Rusiya bazarını tərk etməsinə münasibət bildirərək qeyd edib ki, panikaya qapılmaq olmaz.

“Milliləşdirmə sözü gələndə çoxları ürəyini tutur. Amma bunda qorxulu bir şey yoxdur. Məsələn, eyni “McDonald's”-ı götürək. Məhsullar Rusiyada istehsal olunur, bina bizdədir, texnologiyalar da ölkədədir. Eyni burgerləri başqa bir emblem altında hazırlamağa nə mane olur?”, - deyə Tolstoy bildirib.

Yeri gəlmişkən, “McDonald's” bağlandıqdan sonra bir çox rusiyalı sosial şəbəkə istifadəçiləri eyni məhsulların “Dyadya Vanya” brendi altında istehsal olunacağına sevinməyə başladılar. Lakin sonradan məlum oldu ki, bu məlumat feykdir, lakin Tolstoyun nikbinliyinə əsaslansaq, “Dyadya Vanya” gələcəkdə “McDonald's”-ın yerini tuta bilər.

Ancaq Tolstoy ən fantastik şizofreniya düşüncəsini bundan sonra səsləndirdi: “Hər şeydə belə olacaq. Rusiya ərazisində lokallaşdırılmış avtomobil müəssisələrinin xarici sahibləri bizim bazarı tərk edərsə, belə olacaq. Onlar milliləşdiriləcək və eyni “Volkswagen”lər istehsal edəcəklər, lakin başqa adla. Qoy “Buratino” olsun, biz də sürərik”.

Gördünüz, necə fırlatdı? Yaxşı, tutaq ki, birtəhər “McDonald's” variantı ilə razılaşmaq olar, amma deputat avtomobil sənayesinə toxunanda, bağışlayın, diaqnoz birmənalı olur. Və bir psixiatr qəbulu tələb olunur, özü də dərhal. Bu məsələni təxirə salmaq olmaz.

Bilirsiniz, yəqin ki, İkinci Dünya müharibəsindəki məğlubiyyətdən sonra heç kim almanları belə təhqir edib aşağılamamışdı. Hətta Rusiyanın özündə də istehza obyekti olan Rusiya avtomobil sənayesi “Volkswagen-Buratino” istehsal etməyə hazırlaşır...

SSRİ-nin dünyanın qüdrətli dövləti olduğu bir vaxtda da (Rusiya Sovet İttifaqı ilə müqayisədə balaca uşaqdır) ölkədə avtomobil sənayesi nəinki axsamaqda idi, ayaqsız şikəst idi. Və bir çox sovet avtomobilləri sadəcə olaraq xarici modellərdən "plagiat" edilmişdi.

Məşhur "sovet" avtomobillərindən bəzi nümunələr

“GAZ-21” və “GAZ-24” (Volga) Amerika avtomobil dizayn məktəbini kopyaladı – “Ford Mercury Monterey” (1952/1953) və “Ford Mainline” bu maşınların prototipləri oldu. Bu avtomobillərdən çox şey kopyalanıb - kuzov konstruksiyasından və idarə paneli ilə interyer dizaynından tutmuş, “Ford” transmissiyasına əsaslanan sürətlər qutusuna qədər.

“VAZ-2101” (“Jiguli”) italyan “Fiat 124” avtomobilinin lisenziyalı surəti idi.

“Moskviç-2141” fransız ön ötürücülü hetçbek “Simca 1308” modelinin kopyası idi. Belə misallar çoxdur və arzu edən hər kəs onları internetdə tapa bilər. Yeri gəlmişkən, Dövlət Dumasının deputatının ümumdünya toruna qərq olması da faydalı olardı.

Yeri gəlmişkən, sovet avtomobil sənayesinin "xaricilərin" “kopyası” altında avtomobillər istehsal etməsinə baxmayaraq, insanlar arasında bu avtomobillər "bolt dolu vedrələr" adından daha layiqli ad ala bilməmişdi.

Rus avtomobil sənayesinin qüruru olan "Lada Kalina" haqqında o qədər lətifələr var ki, onları saymaqla qurtaran deyil. Məsələn, Pyotr Tolstoyun psixi vəziyyətini mümkün qədər əks etdirən aşağıdakı lətifə:

- Nə sürürsən?

- “Lada Kalina”. Amma nəsə keyfiyyətsiz çıxdı. Yəqin ki, brakdır.

- Bundan sonra hansı maşını götürəcəksən?

- “Lada Kalina”. Hamısı qüsurlu ola bilməz ki...

- Psixiatrınız nə deyir?

- Sən hardan bilirsən ki, mən psixiatra gedirəm?

Tolstoyun avto fantaziyalarını bir qırağa qoyaq, bəs bu necə addır: “Buratino”? Gülməli olan odur ki, hətta burada da biz plagiat görürük, çünki Buratinonu Aleksey Tolstoy (necə də təsadüfdür) Karlo Kollodidən götürüb. Personaj, əslində sadəcə olaraq “Pinokio” adlanırdı.

Bir sözlə, Pyotr Tolstoy okkult elmlərinə inansa və metafizikanın Rusiyanı “Buratino”ya mindirməsinə və “Dyadya Vanya”nın məhsullarını yeməyə kömək edəcəyinə inansa, təəccüblənmərəm. Yəni, ümumiyyətlə götürəndə, Sovet-Rusiya zehni heç bir dəyərli şey ortaya qoymayıb. Yəqin ki, rusların öyünə biləcəyi yeganə şey rus arağıdır. Mendeleyevə təşəkkür düşür. Düzdür, onunla uzağa getməyəcəksiniz, amma asanlıqla “uça” bilənlər var.

Yeri gəlmişkən, metafizik qüvvələr haqqında. Ukraynada döyüş meydanında ağır itkilər verən əsgərlər artıq nə öz komandirlərinə, nə təriflənmiş rus silahlarına, nə də Putinə inanırlar. Onlar başqa dünya qüvvələrinə və Nadya qarıya inanırlar.

Belə ki, bu günlərdə ukraynalılar rus hərbçilərindən biri ilə anası arasındakı telefon danışığını yayıblar. Əsgər anasından xahiş edir ki, o, Nadya qarı (falçı) ilə danışsın ki, o... əsgəri Ukrayna mərmilərindən qorusun və dəyəcək zədədən hifz etsin. “Məni az qala iki dəfə öldürmüşdülər. Səngərdə otururuq, onlar getdikcə daha dəqiq vururlar. Bizə əmr olundu ki, onlar (ukraynalılar - red.) geri çəkilənə qədər durub dözək. Onlar geri çəkilmək niyyətində deyillər və biz hücum edə bilmirik. Hətta Müqəddəs Georgi lentləri də kömək etmir. Mən onları da belimə sarıdım”, - deyə əsgər anasına bildirir.

Rusiyada bu gün belə tragikomik vəziyyət yaranıb. Biri Buratinoya, digəri isə Nadya qarıya inanır. Belə getsə, Rusiyada “Putin uğrunda” deyil, Buratino və Nadya qarı uğrunda qışqıracaqlar...

Müəllif: Fed Bakinski