Şuşada Zəfər Qurultayı və "mühasirədəki" İran - Cənubdan təxribat küləyi əsir

Aktual

19.04.2022 - 19:15

Mərkəz rəhbəri: "Azərbaycan dövləti dünyada yaşayan azərbaycanlıların tədbirini keçirməklə heç bir ölkəyə qarşı ərazi iddiası irəli sürmür"
 
Yaxın günlərdə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayı - Zəfər Qurultayı keçiriləcək. Qurultayla bağlı bütün hazırlıqların yekunlaşmaq üzrə olduğu bildirilir.
 
Bu ərəfədə İran mediasında Zəfər Qurultayına qarşı təxribat xarakterli materiallar yayılmaqdadır. “Azad İran” “Telegram” kanalının verdiyi məlumatda bildirilib ki, İran İslam İnqilabı Keçikçiləri Korpusuna (SEPAH) və ölkənin kəşfiyyatına cavabdeh olan ETTELAAT-a yaxın media qurumları Şuşada keçiriləcək Zəfər Qurultayına qarşı təxribat xarakterli yazılar dərc edir və qurultayı pantürkistlərin anti-İran toplantısı adlandırır.
 
“Dəfələrlə bildirilmişdi ki, Əliyev Qarabağı nəzarətə götürsə, bizim sərhədlərimiz anti-İran və separatçıların fəaliyyət mərkəzinə çevriləcək. Qarabağda keçirilməsi nəzərdə tutulan qurultay öz-özlüyündə anti-İran hərəkətidir və burada pantürkist qrupların toplaşması İrana qarşı müharibə elan etməkdir. Qurultayda İsrail casusları və Türkiyə kəşfiyyatının (MİT) məmurları başqa adlar altında iştirak edəcəklər”, - deyə ETTELAAT-a yaxın “Azəriha” saytının “Telegram” kanalında yazılıb.

Bununla yanaşı, İranın bir sıra sosial media qruplarında qurultayın keçirilməsi ilə bağlı mənfi yazılar dərc edilib və bu, İranı hər tərəfdən mühasirəyə almaq cəhdi kimi dəyərləndirilib.
 
Xatırladaq ki, bundan əvvəl də SEPAH-a yaxın sosial şəbəkələrdə videomaterial yayımlanmış, orada Azərbaycan sərhədləri ilə bağlı xoşagəlməz məlumat əksini tapmışdı. 
 
İranın Azərbaycanla münasibətlərinin son dövrlər gərgin olmadığını, hətta əməkdaşlığı özündə əks etdirən birgə layihələrə imza atılmasını nəzərə alsaq, bu qonşu dövlətin rəsmi qurumlarına bağlı mediada qarayaxma kampaniyalarının aparılması suallar doğurur. 
 
Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib ki, İran dünya azərbaycanlılarını daim bir-birinə qısqanıb:

- Bu qısqanclıq indi də davam etməkdədir. Hələ Dünya Azərbaycanlılarının Birinci Qurultayında da, ikincidə də İran rəsmiləri və KİV-i Azərbaycana qarşı çıxışlar edirdi, təhdid mesajları göndərirdilər. Məsələn, Prezident İlham Əliyev o vaxt "mən 50 milyonluq Azərbaycan xalqının Prezidentiyəm" deyəndə İran tərəfi rəsmi və qeyri-rəsmi səviyyədə bunu çox böyük qısqanclıqla qarşılamışdı. Burada "xain xoflu olar" məsələsi var. 
 
İranda hər il ənənəvi olaraq dünya ermənilərinin ümumerməni toplantısı keçirilirdi. Özü də, bu tədbir Qarakilsə tərəfdə, Cənubi Azərbaycanın Çaldıran şəhəri yaxınlığında təşkil olunurdu. Oraya dünyanın müxtəlif yerlərində yaşayan ermənilər gəlirdilər, danışırdılar, yeyib-içib, gülüb-oynayıb dağılışırdılar. Bu tədbirə İranın mədəniyyət adamları, hətta çox vaxt mədəniyyət naziri, rəsmiləri qatılırdı. İran dünya ermənilərinin bu tədbirinə ev sahibliyi etməyindən çox böyük iftixarla danışırdı. İndi dünya azərbaycanlılarının qədim Azərbaycan şəhərinə toplanması, qurultay keçirməsi İrandakı dairələri niyə narahat etməlidir ki?!
 
- Şuşada qurultay keçirilməsinin İran üçün hansı təhlükəsi var ki, İran narahatdır?
 
- Azərbaycan dünyada yaşayan azərbaycanlıların tədbirini keçirməklə heç bir ölkəyə qarşı ərazi iddiası irəli sürmür. İrandan başqa, dünyada 20-30 milyon aralığında Azərbaycan türkünün yaşadığı faktdırsa, onları bir-birindən kimsə təcrid edə bilərmi? Əlbəttə, mümkün deyil. Azərbaycan dövlətində yaşayan vətəndaşlarla eyni dinə, dilə, mədəniyyətə malik insanlar birlik nümayiş etdirirsə, bu, başqa ölkələri narahat etməməlidir. Güneydə, Dərbənddə, Borçalıda, Rusiyada, Türkiyədə, Avropada və dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar Qarabağın azad olunmasını istəyirdilər. İndi Qarabağ işğaldan qurtulub, Şuşada azərbaycanlılar Zəfər Qurultayı ilə bunu bayram edəcəklər. Bunun İranı narahat edəcək bir tərəfi yoxdur. Başqa bir nüans isə İranın Ali dini rəhbəri Seyid Əli Xameneyinin mövqeyi ilə bağlıdır. Bu adam Qarabağın işğaldan azad olunmasını istədiyini dəfələrlə bəyan edib. Deməli, Şuşada keçiriləcək qurultaya İrandakı bəzi dairələrin təpkisi farsist düşüncədən irəli gəlir. Onlar belə məsələləri daim diqqətdə saxlayırlar. 
 
- Yəni ki, həmin dairələrin qıcığından irəli gələn təbliğatdır...?
 
- Bəli. "Güney Azərbaycan", "dünya azərbaycanlıları", "Azərbaycan türklərinin haqqı" ifadələri daim onlarda qıcıq yaradır. "Güney Azərbaycan" ifadəsi səsləndiriləcək istənilən tədbir İran hakimiyyətini də, hakimiyyətin nəzarətində olan media quruluşlarını da qıcıqlandırır. İnsanların milli-mədəni haqqını təmin etmək əvəzinə, təbliğat vasitələrini boş-boş məsələlərə məşğul edirlər. Əslində, Şuşada belə bir tədbirin keçirilməsi regionda sülhə, birliyə bir çağırışdır. Güney Azərbaycan əyalətlərindən - Təbrizdən, Ərdəbildən, Urmudan və s. bölgələrdən tədbirdə iştirakçı olsa, bu, daha yaxşı olardı, nəinki təxribat xarakterli çıxışlara yer vermək. 
 
- Bir qədər əvvəl də SEPAH-a bağlı olduğu deyilən sosial şəbəkə səhifəsində ölkəmizin sərhədləri ilə bağlı xoşagəlməz video yayımlanmışdı. Dünən isə SEPAH-ın Quru Qoşunları Komandanı Heydərinin Azərbaycan əleyhinə çıxışı oldu. Ölkələr arasında son aylarda münasibətlər pis deyil, müəyyən əməkdaşlıq layihələri də imzalanıb. Belə olan halda, bu cür təxribat xarakterli addımlar niyə atılsın ki?
 
- Baxın, İranda bütün məsələlərə nəzarət edən SEPAH-dır. Ölkədə göyərti satmaqdan tutmuş, nüvə proqramının icrasına qədər hamısına SEPAH nəzarət edir. Məlum video, hesab edirəm ki, Azərbaycan və Türkiyəyə qarşı təhdiddir. SEPAH özünü nə qədər islamyönümlü saysa da, orada aslanın göstərilməsi deməyə əsas verir ki, bunların fəlsəfəsi, siyasi-ideoloji xətti İran mərkəzli fars düşüncə sistemidir. Bu düşüncə şaha xidmət edir, deməli, şahçılıqdan kənara çıxa bilməyiblər. Videoda Ermənistan ərazisi xüsusi qeyd edilir. Bu, ona dəlalət edir ki, SEPAH və İran hakimiyyəti Ermənistana xüsusi münasibət bəsləyir. Regionda siyasi xəritənin dəyişməsinin tərəfdarı kimdir - İran özü və Ermənistan. Nə Türkiyə, nə Azərbaycan belə bir dəyişikliyin təfərdarıdır. Azərbaycan öz ərazi bütövlüyünü təmin edir və Ermənistanla da sərhədlərin müəyyənləşməsində 1920-ci ildən sonrakı xəritələrdən istifadənin tərəfdarıdır. Azərbaycan tərəfi nə Azərbaycan Xalq Cümhuriyyəti dövründəki 120 min kvadrat kilometrə iddia edir, nə də İrəvana. Əksinə, İran tərəfi davamlı surətdə Azərbaycana, Türkiyəyə, Bəhreynə və s. ərazi iddiası ilə çıxış edir. İranın qoşunları qonşu ölkələrin ərazisində və sərhədlərə yaxın bölgələrdə var. Deməli, SEPAH-ın iddia etdiyi kimi, Azərbaycan və Türkiyə yox, məhz İran regionda sərhədlərin pozulmasında maraqlı görünür, qonşu ölkələrin daxili işlərinə qarışır. Bu yaxınlarda məlumat yayıldı ki, Rusiyanın Suriyadakı qoşunlarının bir qismi çıxarılır, yerinə İran hərbi qüvvələri yerləşdirilir. İndi SEPAH-a sual olunur: regionda pozuculuq fəaliyyəti ilə məşğul olan hansı dövlətdir?
 
SEPAH-ın Quru Qoşunları komandanı Heydərinin dediyi məsədə isə Azərbaycana birbaşa təhdid var. Heydərinin iddiasına görə, 44 günlük müharibədən sonra guya Azərbaycanın azad edilmiş ərazilərinə İsrailin hansısa hərbi qüvvəsi yerləşib. Xatırladım ki, ötən ilin sentyabrında İran Azərbaycan sərhədləri boyunca qoşun yığmışdı, təlimlər keçirirdi. Heydəri iddia edir ki, guya həmin təlimlərdən sonra Azərbaycan ərazilərindən İsrail hərbçilərini çıxarıb. Bu qədər ağ yalan danışırlar. Azərbaycan Prezidenti və mühüm qurumların rəhbərləri səviyyəsində dəfələrlə bildirilib ki, Azərbaycan ərazisində heç bir ölkənin hərbi qüvvələri yoxdur. Azərbaycanda yeganə xarici ölkə hərbçiləri Qarabağdakı Rusiya hərbçiləridir ki, onlar da müharibədən sonra müvəqqəti sülhməramlı missiya üçün yerləşdirilib. Bu, SEPAH generalına kifayət etmirmi? Əslində kifayət edir, özləri də yaxşı bilirlər ki, dedikləri yalandır. Sadəcə xislətlərindən qalmırlar, Azərbaycana qarşı yanlış informasiya təxribatı ilə məşğuldurlar. İran hakimiyyəti üzdə gülür, arxada da "pambıqla baş kəsir". Bu rejimə heç vaxt etibar etmək olmaz. Bir tərəfdən Azərbaycanla dostluqdan, əməkdaşlıqdan danışırlar, digər yandan ölkəmizə qarşı hədyan fikirlər səsləndirməkdədirlər. 
Müəllif: Anar Bayramoğlu