Şuşa-Laçın yolunda nə baş verir? - FOTOLAR

Aktual

12.12.2022 - 14:09

Elman Cəfərli: "Əraziyə əlavə əsgər və hərbi texnika cəmləşdirilib, hər an aksiyanı dağıda bilərlər"

Aqil Abbas: "Onlar kimdirlər ki, azərbaycanlıları Azərbaycan ərazilərinə buraxmırlar?!"

Bu gün qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqu Laçın-Şuşa yolunda etiraz aksiyasına başlayıb. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirirlər. Ekofəallar çadırlar qurublar və onları təbii ehtiyatların qanunsuz istismarının və talan edilməsinin fəallaşması, o cümlədən ekoloji nəticələrin pisləşməsi müşahidə edilən Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxmayınca oradan getmək fikrində deyillər.

Əllərində plakatlar və bayraqlar tutmuş, şüarlar söyləyən dinc etirazçıların qarşısında silahlı Rusiya sülhməramlıları dayanıb. Aksiya iştirakçıları Azərbaycan İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər.

Eyni zamanda, erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirilir, bununla bağlı lazımi tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı, general Andrey Volkovla görüş tələb olunur.

Volkov isə etirazçılarla görüşə gəlməyib, əvəzində Rusiya sülhməramlıları Şuşada etiraz aksiyasının keçirildiyi əraziyə əlavə canlı qüvvə və texnika cəlb edib.

Aksiyada iştirakçı olan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli AYNA-ya deyibki, bu gün səhər saat 10 radələrində vətəndaş cəmiyyətinin fəalları, ekoloqlar, jurnalistlər aksiyaya başlayıblar: “Faktiki olaraq, Laçın-Xankəndi yolunun Şuşadan keçən ərazisi saatlardır bağlıdır. Məqsədimiz odur ki, Rusiya sülhməramlı kontingentinə öz etirazımızı bildirək. Azərbaycanın sərvətləri talan olunur, Qarabağ iqtisadi rayonunda sərvətlərimiz məhv edilir, qanunsuz istismar olunur. Erməni separatçılarının bu vandallığına isə sülhməramlı adlandırılan kontingent göz yumur”.

“Üçtərəfli Birgə Bəyanata əsasən, rus sülhməramlıları təhlükəsizliyi təmin etməklə yanaşı, təbii sərvətlərin talanına imkan verməməlidirlər. Amma onlar əksinə, erməni quldurlarına yardım edir, himayə göstərirlər. Biz sülhməramlıların erməniyanlı fəaliyyətinə etiraz edir, Azərbaycan rəsmilərinin ərazidə monitorinq aparmasına şərait yaradılmasını istəyirik”, - deyə həmsöhbətimiz bildirib.

Təşkilat rəhbərinin sözlərinə görə, sülhməramlı kontingent aksiyaçıların önünü kəsib: “Rus hərbçiləri bizim Xocalı və Xankəndi istiqamətində hərəkətimizin qarşısını almaq məqsədilə sipər qurublar. Bizim tələbimiz budur ki, kontingentin komandanı Volkov gəlsin, sözümüzü ona deyək. Bir rus mayoru aksiya keçirilən əraziyə gəldi, bizi dinlədi. Biz tələb etdik ki, Volkov gəlsin, izah etsin ki, sərvətlərimizin talanmasına sülhməramlılar niyə göz yumur, şərait yaradırlar?!”.

“Volkov aksiya yerinə gəlmədi, əvəzində ağır silahlarla təchiz edilmiş əlavə hərbi qüvvələr və ağır hərbi texnika göndərdi. Əvvəl burada 15-20 sülhməramlı əsgər vardısa, sonradan onların sayı 60-70-ə çatdı. Bizim dinc aksiyaya mane olmağa çalışırlar. Düzdür, aksiyaçıları ərazidən uzaqlaşdırmırlar, amma hər an aksiyanı dağıda bilərlər. Hesab edirəm ki, əlavə qüvvələrin göndərilməsi məhz buna hesablanıb”, - deyə aksiya iştirakçısı vurğulayıb.

Cəfərli sülhməramlı əsgərlərlə aksiya iştirakçıları arasında elə də gərginlik müşahidə edilmədiyini qeyd edib: “Şəxsən sülhməramlılardan  biri mənə toxundu, sonra üzr istədi. Elə kobud davranışlarını görmədim. Ümumilikdə isə sülhməramlılar Rusiya Prezidentinin imzasına hörmət qoymamaqdadırlar. Bizim aktivistlər onlara bunu xatırlatdı. Bildirildi ki, Azərbaycan qanunlarına hörmət qoymurlar, başa düşdük. Heç olmasa, öz prezidentlərinin imzasına hörmət etsinlər. Aksiya davam edir, ekoloji terrora son qoyulması ilə bağlı şüarlar səsləndirilir. Çadırlar qurmuşuq, tələblərimiz yerinə yetirilməyənədək aksiyamız davam edəcək”.

Azərbaycan Milli Məclisinin üzvü Aqil Abbas aksiya ilə bağlı AYNA-ya açıqlamasında söyləyib ki, azərbaycanlı fəallar haqlıdırlar: “Sülhməramlılar tamamilə ağını çıxarıblar. Onlar kimdirlər ki, azərbaycanlıları Azərbaycan ərazilərinə buraxmırlar?! Volkov gəlib bizim insanlarımıza hesabat verməlidir ki, niyə ermənilərə havadarlıq edirlər, niyə bizim sərvətlərimizin talanmasına göz yumurlar. Düşünürəm ki, bizim aksiya keçirənlər axıra kimi tələblərini etməlidirlər. Sülhməramlılar ikili oyunlara son qoymalıdırlar”.

“Bizim QHT nümayəndələri, jurnalistlər öz ərazilərində aksiya keçirirlər və bu hüququ bizdən kimsə ala bilməz. Aksiyaçılara mane olmaq istəyən sülhməramlılar gedib işləri ilə məşğul olsunlar.Mən onları sülhməramlı yox, bədməramlı adlandırıram. Laçın yolunu tez-tez bağlamalıyıq, aksiyaları tez-tez etməliyik ki, onlar ərazilərin sahibsiz olmadığını, at oynada bilməyəcəklərini anlasınlar. Zamanı gələndə də çıxıb getsinlər”, - deyə deputat vurğulayıb.

Əlavə edib ki, hərbçiləri, hərbi texnikaları oraya yığmaqla azərbaycanlıları qorxuda bilməzlər: “30 il əvvəlki vəziyyət deyil ki, nələrsə etsinlər. Heç 30 il bundan qabaq biz ruslardan qorxmamışıq, indi güclü ordumuz, güclü dövlətimiz var. Öz ağılları ilə güc nümayiş etdirirlər. Amma faydasızdır. Yaxşı olar ki, Qarabağdakı özbaşnalıqlarına son qoymalı olduqlarını indidən anlasınlar”.

Şuşa-Laçın yolunda nə baş verir? - Şuşa-Laçın yolunda nə baş verir? - Şuşa-Laçın yolunda nə baş verir? - Şuşa-Laçın yolunda nə baş verir? -
Müəllif: Anar Bayramoğlu